Google Website Translator Gadget

Wednesday, 22 September 2010

Metyu Brayza səfir kimi təsdiq olundu


Rino Harniş (şəkil Azadlıq Radiosundan götürülüb)
Elə dünən Brayza haqda xəbərlərdən bezdiyimi yazmışdım. Bilmirəm, senatorlar mənim bezməyimi gözləyirdilər, ya yox, amma məsələni tez yola verdilər; özü də yekdilliklə! Mən bu münasibətlə Brayzanı ürəkdən təbrik edərək şəkilini bloquma qoymaq fikrində deyiləm, onsuz da biri var. Mən Brayzanın bloqumu onun şəkilləri ilə o vaxt bəzəyəcəm ki, o da Rino Harniş kimi səfir olsun - Steynar Gil kimi olmasa da. Yəqin ki, cənab Harnişin seçkilərdən sonrakı halını xatırlayırsız. O vaxt da müxalifət bir idi. O vaxt Amerikaya inam daha güclü idi. Amerika bizim üçün İraq və Əfqanıstanı altını üstünə çevirən supergüc deyil, Gürcüstanı və Ukraynanı demokratikləşdirən, eyni "demokratiya çətiri"ni (© Anar Aydın Məsimov), mənən də olsa, bizim başımıza tutmuş olan bir hami idi. 2003-cü il seçkisində sözün birbaşa mənasında sındırılmış bir xalq 2005-də yenidən ayağa qalxdı - qaldırıldı. (Hələ unutmaq lazım deyil ki, Gürcüstandakı məxməri inqilaba təkan verən də elə biz olmuşduq - 15-16 Oktyabr hadisələri gürcülərə böyük təsir göstərdi. Əlbəttə, başqa amillər də var, lakin bizim rolumuz danılmazdı.) Qələbə meydanı xalqa darlıq edirdi, illər sonra mitinq və nümayişlərin necə olmalı olduğu xalqın yadına düşdü. Buna qədər çoxları mitinqin polislə qovğa olduğunu sanırdı. Bəli, biz bir idik, amerikalılar da yanımızda. Rino Harniş dümokratik qüvvələrlə sıx əlaqə saxlayır, vədlər verirdi - əlbəttə, bu vədləri o, öz adından demirdi. Sonda isə... ABŞ höküməti satdı. Bizi yox, demokratiyanı satdı! Əliyevlərə satmadı, neftə, enerjiyə, durğunluğa ("sabitlik" sözünün bizdəki funksiyası) satdı! Harnişin seçkidən sonra televiziyada çıxışlarında hökümətinin əməlindən necə utandığı açıq-aydın görünürdü.
ABŞ-ın Azərbaycanda bir səfiri də olub. Paskudero... yox, Eskudero. "Paskudero" adını ona bizimkilər vermişdi. Öz adı da (daha doğrusu, soyadı) Meksika narkobaronlarının adını xatırladır. Bu səfir özü haqda bundan artıq yazılmağa layiq deyil.
 Metyu Brayzanın ən pis halda Paskudero, ən yaxşı halda cənab Harniş ola bilər. Amma lap seyid övladı olsa da, yenə də Amerikanın səfiridi. Nə qədər ki, ABŞ və Rusiyanın (hətta İranın) maraqları Ermənistan məsələsində üst-üstə düşür ("nə hərb, nə sülh"), biz ABŞ-dan nə demokratiya, nə də ədalətli mövqe uma bilərik.
P.S. Unutmaq olmaz ki, ABŞ əgər ermənilərin uydurduğu soyqırımı qəbul etmirsə, bu onların da (həyasızca) bəyan etdikləri kimi "Türkiyə ilə əlaqəni pozmamaq üçün"dür. Yəni, əslində var, amma daha sizsiz də... 

Tuesday, 21 September 2010

Metyu Brayzanın nominasiyası ABŞ mətbuatında müzakirə edilir.


Doğrusu, bu tip xəbərləri oxumaqdan yoruldum. Ermənilər M.Brayzanın qarşısını kəsib, yaxud M.Brayza ermənipərəst senatoru necə susdurdu və s. ABŞ sanki böyük bir millətlər toplusudur və hər millət bu superdövləti öz marağında işlətməyə çalışır. Əslində, bu görüntüdür... yoxsa, deyil?
Amerikada məşhur bir ifadə var : "We are a nation." Yəni ki, biz - Avropalıların, yerli Amerikalıların, Afrikalıların nəsli artıq elə qarışmışıq ki, bizi ayırmaq olmaz və "biz bir xalqıq". Lakin bəzi millətlərin nümayəndələri Amerikada doğulsalar belə onlar Amerikanı öz vətənləri görmürlər. (Mən bunun düzgün olub-olmadığını yazmayacam.)
ABŞ-da 3 etnos xüsusilə seçilir: Yəhudilər, yunanlar və ermənilər. Əlbəttə, çinlilər, meksikalılar və hindistanlılar sayca çoxdurlar, lakin bu üçlük öncəki üçlükdən siyasi təsir rıçaqlarına görə geridə qalır. Hələ çinli və hindistanlı anlayışının millət anlayışına uyğun gəlmədiyini bir kənara qoysaq.
Etnoslardan, millətçilikdən danışarkən, nədənsə, həmişə Hitleri xatırlayıram. O yazırdı ki, nüfuzlu qəzetlərdə yazılan məqalələrin kimlər tərəfindən yazıldığına da diqqət etmək lazımdır (ola bilər ki, kimsə mənə XX əsr diktatorundan misal gətirməyi qəbahət görər). Məqalələrin obyektivliyinin dəyərləndirilməsi, yazı müəlliflərinin lobbilərə yaxınlığı prizmasından yanaşılmalıdır. Yuxarıdakı linkdə olan xəbərə əsaslansam, məncə, Wall Street Journal daha çox amerikan maraqlarından çıxış edir, nəinki Los-Angelos Examiner, yaxud Washington Times. Amerikada yaşayan yəhudilər, yunanlar, ermənilər öz maraqlarını Amerika maraqları kimi qələmə verməyə cəhd edirlər. Bu daha çox yəhudilərdə alınır. Səbəbsə, sadədir: Yəhudilər böyük məbləğdə vergi ödəyicilərdir və əslində ABŞ-ın onları nəzərə alması düzgündür. Amma digər iki etnik azlıq sadəcə seçici səsi qüvvəsinə malikdirlər. Bununla onlar konkret senatorlara təsir edə bilirlər. Əslində M.Brayza Amerika marağını Güney Qafqazda təmsil edə biləcək ən uğurlu namizəddir. Qəribə bir fakt daha var. M.Brayzanın xanımı Zeyno Baranın türk olması erməniləri təşvişə salıb. Ancaq Zeyno Baran Azərbaycanda kürd kimi tanınıb. Yəni, Zeyno xanım nə bizi qane edir, nə erməniləri. Ermənilər M.Brayzanın pro-türk olmasına görə deyil (onlar bilirlər ki, Brayza əslində neytraldı), ermənipərəst OLMAMASINA görə səfir gəlməsinə əngəl törədirlər. Real dəyərləndirmədə, Brayzanın səfir kimi təsdiqi bizə heç nə vermir - biz sadəcə heç nə itirmədiyimizə sevinəcəyik...
Bizim siyasətin durumuna bax: Ermənilər başqalarını öz yanlarında görmək üçün mübarizə aparırlar, bizsə həmin o "başqaları"nı neytral mövqeyə gətirmək üçün! Nə vaxtsa, tərs vəziyyət olsa, onda diplomatik qələbədən danışmağa dəyər. Belə də isə vəziyyət "diplomatik atəşkəs" kimi (məğlub olmadıq, qələbə də qazanmadıq) bir şeydi...