Google Website Translator Gadget

Saturday 29 January 2011

"Twitter" inqilabı?!


Son parlament seçkilərində yerlərin 96%-ni qazanan partiyanın qərargahı bu yazı yazıldığı anlarda odlar içindədir. Tviter, Feysbuk yoxsa əl-Cəzirə? İnqilabı hansı elədi? Heç biri! İnqilabı Misir xalqı elədi! Əgər ərəb dövlətləri arasında "məxməri" inqilaba qadir olan bir xalq varsa, o da Misir xalqıdır. Amma inqilab "məxməri" olmadı - hələ də qan tökülür. Hələ də prezident istefa verməyib, hələ də şəhərlər toqquşmalara şahid olurlar. Ən əsası, ordunun mövqesi hələ də bəlli deyil.

Onu da deyim ki, Misirdə daxili qoşunların əsgər sayı Misir Ordusunun əsgər sayıa bərəbardir - Misir tarixində belə bir şey olmamışdı. Amma bu ilki statistika bunu deyirdi. Daxili Qoşunlar hakimiyyətin, dövlətin yox, məhz hakimiyyətin əsas dayağı sayılır. Misirdə inqilab çox güclü bir daxili qoşunların mövcudluğu fonunda baş verməkdədir. Bu qədər insan qorxmadan, çəkinmədən polislə toqquşmaya girirsə, bunu "tviter" inqilabı adlandırmaq olmaz! Guya bu sosial şəbəkələr olmasaydı, Misir xalqı nə gündə olduğundan xəbər tutmayacaqdı?! Bir məqamı da unutmaq olmaz: Bu dəqiqələrdə Misirdə internetə çıxış kəsilib. Mobil operatorlar bir yana, sabit telefonlar belə işləmir! Amma inqilab davam edir! Ölkədə fövqəladə vəziyyətdir, amma camaat öz yolundan dönmür. Şəhərlərə ordu daxil olub. Hakimiyyət ordu qarşısında da təmiz deyil. Ona görə, ordu da prezidenti qorumur. Bir də ki, ZTR-in içində oturan əsgər də misirli gəncdir. O da öz ölkəsinə və xalqına biganə deyil.
Diktatura Misirdə o qədər güclənib ki, Tunisdəki yasəmən inqilabı bunun yanında heç nə qalıb. Misirlilər nə amerikalılardan, nə də bir başqasından dəstək gözləmədilər. Barıt çəlləyinin partlamasına qığılcım yetər. Eynilə Qahirədə, Süveyşdə, İsgəndəriyyədə, İsmailiyyədə baş verənlər göstərir ki, diktaturanın ən güclü göründüyü zaman, repressiyaların pik nöqtəyə çatdığı anda kütlə hər şeyə tüpürür! Görəsən, Misir gəncləri düşünürlər ki, Hüsnü Mübarək yığdığını yığıb, bunun yerinə gələn sıfırdan başlayacaq? İnanmıram. Misirlilərin bu dəqiqə bir dərdi var: İnqilabın ipini əllərində saxlamaq. Gürcüstan təcrübəsi inqilabın - düzgün yönləndirildiyində, neftdən daha bərəkətli olduğunu göstərib.
Ərəblərdən xoşum gəlmir, bunun öz səbəbləri var, amma özünü təsdiq edən hər kəsə hörmətim var.
Misir inqilabının qələbə çalması arzusuyla yazımı burda saxlayıram.
P.S. Sanki tvitter Azərbaycanda işləmir... 

No comments: