Google Website Translator Gadget

Tuesday, 24 August 2010

Şəki Gündəliyi





Posted by Picasa

Proloq
Bu yay Şəkiyə getmişdim. Bu dəfə getməyimin fərqli cəhəti o idi ki, keçən il Şəkidə olmamışdım - yəni hər səfərdə olduğu kimi bir illik fərqi deyil, iki illik fərqi görmə imkanım vardı. Əlimin altında fotoaparat olduğuna görə bu dəfə bu fərqləri göstərmək imkanım da vardı.

Öncə onu qeyd edim ki, Şəki
"balaca şəhər"
-di. Bu şəhərdə piyada gəzmək daha uyğundu. Xüsusən, şəhərdə ilk dəfə olanlara. İki il əvvəl ilə birinci fərq onda idi ki, yol boyunca çəkilmiş, yaşı istənilən şəkilidən yuxarı olan arxlar tutulmuşdu. Karvansaraya doğru qalxdıqca Şəkiyə məndən əvvəl baş çəkmiş Selin fəsadlarını müşahidə etmək olardı. Qurcana çayının üstündə tikilmiş bir çox binalar ziyan çəkmişdi. (Qurcana çayı haqda sonra ətraflı yazacam, hələlik qeyd edim ki, Karvansarayın yanından axıb, keçən həmən bu Qurcana çayıdır.) Karvansarayın yanında təmir işləri gedirdi - yerə fərş döşəyirdilər! Şəkiyə! Axı bildiyim qədərilə, 200 il bundan əvvəl bu işi babalarım görmüşdü... Yox, yadıma düşdü, 2 il bundan qabaq həmin bu yollara asfalt döşəmişdilər. Bəs indi niyə təzədən yerə daş döşənir? Çünki, Sel gələrkən asfaltı darmadağın etmişdi - hətta baxsan, deyərdin ki, Sel məhz asfaltı dağıtmağa gəlmişdi. Üstəlik, güclü külək asfalt parçalarını sağa, sola uçurdub. Şəkillərimdən birində yerindən oynamış taxta darvaza təsvir olunub. Əvvəlki gün həmin darvazanın yeri ağ niqaba bürünmüşdü:
Gül Şəkiyə gəlirdi!
Bu xəbəri mən Şəkinin girəcəyində bildim - yol polisinin Qəbələdən yola çıxan "Ford"umuzu nə səbəbə saxladıqlarını öyrənərkən dedilər. Yol kənarında bir xeyli maşın vardı; hamı eyni səbəblə burdaydı. Əslində, bu yazılmayacaq qədər əhəmiyyətsiz hadisə... olardı, əgər... Əgər polis bizə Abdulla Gülün kortecinin hətta 17:00-da da keçə biləcəyini (biz orda olarkən saat təxminən 12:00 idi) deməsəydi. İnsaf xatirinə deyim ki, dediyinin nə qədər absurd olduğunu polis də anlayırdı. Bəlkə də bu üzdən bizi çox saxlamadılar - ən çoxu, 30 dəqiqə. Həyatımın mənasız keçən bu yarım saatından bir anı əbədi həkk etdim. Şəki avtovağzalına qədər bu yarım saatdan daha faydalı istifadə edə biləcəyimi düşünürdüm. Lakin avtovağzalda bir yazı mənim fikrimi başqa tərəfə yönəltdi:
"Bir kərə yüksələn bayraq bir daha enməz!"
(sözlərin müəllifini tanımayanlar yazının ardını oxumaya da bilər)
Məhəmmədəmin Rəsulzadənin bu sözləri bayrağımızın və gerbimizin yanında yazılmışdı. Onun yanında da H.Əliyevdən sitat var idi; cümlə çox uzun olduğunundan və son sözləri ağaclar örtdüyündən nə yazıldığı dəqiq yadımda qalmadı (bəlkə də sadəcə yaddaşımın zəifliyindən irəli gəlir...). Ümumiyyətlə, Şəki H.Əliyevin şəkillərinin azlığına görə də seçilir - yalnız iki yerdə! Yox deyəcək qədər az! Şəkillərdən biri Bakselin regional ofisinin üstünə vurulub. Həmin rəngi qaçmış şəklin şəklini (,qəribə səslənir,) çəkdim. Digəri isə Karvansaraydan Xan Sarayına qalxan yolun üstündədi. Burdakı şəkil bərbad vəziyyətdə idi - Şəkidə olmadığım iki il müddətində dəyişib, yenisini vurublar. Şəkidə H.Əliyev parkı və heykəlinə də rast gəlməmişəm. Anlamıram, bu şəkililərin hökumətə olan, yoxsa hökumətin Şəkiyə olan münasibətinin nəticəsidir?! Amma şəhərin mərkəzi hissəsində bir park var. Parkda da vəfatına hələ tam alışmadığımız şairin büstü. Parkın ortasında
"Azərbaycana sığmayan Bəxtiyar Vahabzadə"
-nin kiçik bir büstü qoyulmuşdu. Bunun, əslində, büst və ya heykəl olduğunu mən dəqiq deyə bilməsəm də, fotosuna baxanlar arasında bilən tapılar, yəqin ki... B.Vahabzadənin heykələ ehtiyacı yoxdu - onun heykəli oxucularının ürəyində ucalır, şablon ifadə olsa da bu belədi. Amma məşhur filmdə deyildiyi kimi, "sööbət vnimaniyadadu"! Kiminsə şərəfinə ucaldılan heykəl şəxsin böyüklüyündən daha çox, həmin şəxsə olan münasibəti əks etdirir. Bu büstə baxarkən, bir nəticə çıxardım: Böyük şairə cılız münasibət! Şəkidə olarkən, İcra Hakimiyyətinin bu məsələ ilə əlaqədar iş aparmağını eşitdim, amma həmin büst ümumiyyətlə olmamalıydı. İcra Hakimiyyəti, bu parkın qarşısında, şəkililərin dili ilə desək,
"İt Kəlləsi"
kimi ucalan və Şəkidə yeganə doqquz mərtəbəli bina olan mehmanxanayada diqqət yetirsəydi, yaxşı olardı. Bu binanın içini deyə bilmərəm, amma çölünün kosmetik təmirə çox ehtiyacı var. Ümumiyyətlə, həmin ətrafda təmirə ehtiyacı olmayan bircə insanlardı. M.F.Axundov küçəsinin halına isə ağlamaq belə olmaz, göz yaşları bu yolu daha bərbad günə qoya bilər! Xeyr, cənablar, mən bu küçənin göz oxşayan hissəsindən deyil (ora da gələcəm), küçəni ortadan bölən Qurcana çayının söl tərəfində olan passiv hissəsindən bəhs edirəm. Köhnə bazar adı ilə tanınan bu ərazi illərdir pis vəziyyətdədir. M.F.Axundov küçəsi ilə yuxarı qalxarkən, yol kənarına atılmış zibillər göz oxşayır. Ətrafa yayılan üfunətli qoxu isə yoldan keçən fikirli adamların da ayılıraq bu mənzərədən feyziyab olması üçün ideal vasitədir. Deyə bilmərəm, bu ora zibil atan sakinlərin günahıdır, ya yox, amma orda bir zibil yeşiyinin belə olmamasında sakinlərin günahı yoxdu. Tullantıların maye halında olanları isə çaya (bədbəxt Qurcana çayına) axıdılır. Kənardan baxanda çay və kanalizasiya suyunun, bir müddət, qarışmadan axdığını görmək mümkündü. Çayın yuxarı axarı zibildən bu yaxınlarda qurtardı: Çayı
"Yapon səfiri"
"abıra saldı". Bu hadisə məni həm sevindirdi, həm utandırdı. Yaponlar bizə mədəniyyət dərsi keçdilər. Sən istədiyin qədər Şəkini tarix, nə bilim, mədəniyyət paytaxtı elan edə bilərsən. Sən yaponların gözünə Alban kilsələrini soxub, "bu kilsə tikiləndə sizqarşokda oturub suşi yeyirdiz!" deyə bilərsən. Ancaq bir faktı dəyişə bilməzsən, biz bələyinə batırmış körpə vəziyyətində idik, onlarsa gəlib, bizim altımızı dəyişdilər! Bizə məzlumcasına təşəkkür etmək qaldı. Səfirsə, gəldi, verdiyi pula qarşılıq görülən işlərə nəzər saldı. Səfir öz sadəliyi ilə də örnək oldu; yanında bircə tərcüməçi var idi - nə cangüdən, nə polis, nə də səfirin şəklini çəkdiyim anda yaxınlaşıb "olmaz" deyəsi mülki geyimli şəxslər. Zibilin bir hissəsini yaponlar təmizlədi (əslində onlar bulaşmadılar, pulunu verdilər, özümüz təmizlədik), qalanlarına da Tanrı kömək olsun. Çünki,
"Təzə Bazar"
adlanan, amma "təzə" yalnız "z"-i qalmış Şəki bazarına ilahi müdaxilə lazımdı. Bu bazarı təsvir etməyə hardan başlamayım, qərar verə bilmirəm. Amma şəkillərin köməyilə təsvir etməyə çalışım. Bazarın qarşısındakı yolda daim tıxac var. Səbəb çox sadədir: Darısqal bir yol filan qədər marşrut avtobusunun son dayanacağıdır. Aradan dürtülməyə çalışan taksilər, velosipedli uşaqlar hər şeyi daha da çətin edirlər. Bazarın içi çölündən o qədər də fərqlənmir. Zir-zibil hər yerdə var, amma tən ortada, ət satılan piştaxtaların sanitar vəziyyəti və ətin ətrafa yayılan ağır iyi insanın yaşamaq həvəsini dəfn edir. Kənardakı yerlərin cındıq-cırıq günündə olması, artıq adamın vecinə olmur. Bazarın yaxınlığında beş mərtəbəli yarım tikili diqqətimi cəlb etmişdi. Şəklini çəkməzdən əvvəl, tikilinin kimə, nəyə aid olduğunu öyrəndim. Yerli sakinlərdən biri "bura Tehranındı" cavabını verdi. Biixtiyar, "iranlılar tikir?" sualını ağzımdan qaçırtdım. Əslində, söhbət şəkili biznesmen Tehran Lətifovdan gedirdi. Yaxşı ki, onun adını ötən gün qəzetdən oxumuşdum. Yoxsa, bir saat mənə onun kimliyini izah olunmalı idi. Qəzetdə (Yeni Müsavat) Tehran Lətifovun Marxaldakı obyektlərini A.Ağalarova satdığı xəbəri getmişdi. Bazarın yaxınlığında tikintisi yarımçıq qalmış bu bina isə ticarət mərkəzi olmalı imiş... 6-7 il bundan öncə. Əgər bazarı köçürmək istəyən varsa, buyursun, işin yarısı artıq görülüb.
Epiloq
Şəki şəhərinin problemləri yuxarıdakılarla bitmir; İpək kombinatından, insanların güzaranından, tarixi abidə və ziyarətgahlardan, kəndlərin problemlərindən ayrıca yazılmalıdır. Belə getsə, şəkililərin yumor hissi də "qırmızı kitab"a düşə bilər.
--------------------------------------------------------------
Şəkillərin əksəriyyəti "photo" bölümündədi, üzərinə basmaqla daha böyük formatda baxa bilərsiz

No comments: