Təzə moda var, hələ də bilməyən varsa, bilsin. Çe Gevaranın rəsmi olan köynəklər. Geyirsən, vidin dəyişir; olursan qeyri-adi, hamıdan seçilən. Qıraqdan baxan deyir ki, uy da, bu qaqaş Çenin tərəfdarıdır, solçudur, inqilabi ruhu var. Bəlkə də düz deyir. Amma ədalətsizliyə qarşı mübarizə aparanların arasında yalnız iki nəfəri Çenin şəkli olan köynək geydiyini görmüşəm. Onlar da konkret iş görəndə bu köynəkdə olmayıblar. Yox, heç də əleyhinə deyiləm bu köynəkləri geyməyin. Amma bir az da düşünmək lazımdır axı. Sən Çenin ideyalarını daşımırsansa, niyə özüvü ona oxşatmaq istəyirsən?! Mən də bir ara Adolf Hitleri təqlid edirdim, amma bu "Mein Kampf"ın təsirindən idi - yəni mahiyyətim formama təsir etmişdi. Sonra özümə - öz vidimə qayıtdım. Mümkündür ki, kimsə sol ideyaların təsirilə Çe kimi görünmək, yaxud Çeni təbliğ etmək istəyə. Amma niyə axı bu köynək sahibləri əməli iş görmürlər? Bəziləri hətta siyasəti çirkin oyun adlandırır və ona qarışmaq istəmir!

Bir dəfə bir türkçünün Çe Gevaranın şəklini cırdığını gördüm. Adam deyir ki, özümüzdə igid azdı ki, Çenin şəklini vururlar?! Düşüncəyə bax e… Yenə “müasir dövrdə Çedən daha çox qəhramanlığa layiq olan kimimiz var?” sualıma cavab verə bilsəydim, onu, hardasa, anlayardım… yaxşı oğlandı, amma qandığı o qədərdi. O bir şeyi də anlamırdı: Çe Gevara hansı bir argentinalı deyildi, o artıq bəşəriyyətə xas bir insan idi. O fəxr etmirdi ki, o argentinalıdır - Onun üçün vətən azadlıq olan yer sayılır. Amma Argentina fəxr edə bilər ki, Çe məhz o torpaqda doğulub. Şəxsiyyət öz ölkəsini ötəndə belə olur.
Görünüşünüz mahiyyətinizə uyğun olsun. Əgər məni yolda döyən zaman, sən yanımdan əynində Ernesto Gevaranın şəkli olan köynəklə keçirsənsə, mən səndən kömək umacam. Mənə kömək etməyəcəksənsə, 3 manatlıq köynək səndən daha dəyərli olacaq. Bunu nəzərə alın.
P.S. Kriminal verilişində saxlanılan şəxsin əynindəki qısaqolda "HOST" yazılmışdı. Mənim "HOST"a hörmətim öldü. "HOST" kütləviləşdi, kütlə "HOST" kimi olmadı...
No comments:
Post a Comment