Google Website Translator Gadget

Wednesday, 10 November 2010

Liderlə İrəli!

Vaxtilə “Toy Olsun” verilişi məni xirtdəyə yığmışdı. Sonra “Xalq Seçir” adlı telekomediya başladı deyə, gündəmdəki mövzular dəyişdi. Amma mənim o vaxtlar ağlımda bir ideya vardı, yazmaq istəyirdim, yaza bilmədim. Elə yaxşı ki, yazmamışam – o vaxt yazmamışam. İndi olar. Fikrim buydu ki, “Toy Olsun” necə ki, xalqı efirdə evləndirir, toyunu lentə alır, bir veriliş də açsınlar, toydan sonrakı proseslərin monitorinqi ilə məşğul olsun (qınama məni, ən uyğun ifadə buydu). “Şair də yaxşı deyib, xalqımın toy kimi bir adəti var”, bu adətdən sonra başqa bir adəti də var. Adam var ki, verilişdəki iştirakçıları adbaad tanıyır. Onların hansının kim olduğunu əzbər bilir. İndi rəvadı ki, xəlayiq günlərlə, həftələrlə izləyib, doğmalaşdığı bu adamları birdən birə özbaşına buraxa?! Xeyr, əsla! Toydan sonrakı bütün hadisələr təfərrüatı ilə çatdırılmalıdır. Bu fikir beynimə çökəndə düşündüm ki, bu ayanesin hər şənbə  gecəsi “maraqlı” kino göstərmək təcrübəsi, xalqın da bir növ bu vaxt televizora kilitlənmək təcrübəsi var. Amma... axı o dür filmə gecə saat birdə baxırlar, üstəlik yalnız şənbə günləri! Yəni, bir sözlə, reportaj canlı ola bilməz... Di gəl, sən bülleteni say, gör qutudan nə çıxır! Lider kanalının (bəzi dostlar, hiddətlənib “Pider” şəklində yazırlar, etməyin, cənablar!) meydan açıb milli mentalitetə qarşı massiv müharibə elan etməsi, bu problemi həll etdi! Canlı yayım, elə Lider kanalında ola bilər... Ya da yox! Tanrım, beynim daha bir ideyaya məskən oldu! Canlı yayımı elə ayanes özü versin, hətta verilişin ayrıca adı da ola bilər, məs: “Oğlan olsun”, ya “Qız olsun”, yaxud “Hər Nə Olur Olsun, Qoy, Olsun” (qısaca, “Qoy, Olsun”). Şüar da tapmaq olar: “Utananın oğlu olmaz!”
Tələsik, keçirəm Liderə. Raz ki, saat 19.00-da porno video efirə vermək olur, özü də “Səda”da, yaxşı olar ki, bunu ayrıca veriliş halına salalar. Adını da elə.... “Səda: Priton” qoymaq olar. Bax, əsl canlı reportaj orda lazımdır. Aparıcı üçün də dağa, daşa dırmanmayın, Liderin keçiləri tfu... işçiləri, mən hazıram. Bundan başqa da “Pritondan Sədalar” adıyla başqa bir eyni niyyətli veriliş açmaq olar. Burda da daha çox tanınmış şəxslərin videoları yayımlana bilər. Əgər “Səda: Priton”un aparıcısı olaraq, yetərincə tanınsam, öz videolarımı da məmnuniyyətlə təqdim edərəm. Beləliklə, nəinki Azərbaycanda, hətta dünyada reytinqlərin anasını ağladarıq!!! İndidən sizə kolleqa demək istəyirəm, çünki mənim proyektimdən imtina etmək üçün ya gərək axmaq olasan, ya da güclü mənəviyyatı olan ölkədə yaşayasan. Dünyanın heç bir kanalı belə şeylərin canlı reportajını eləmir! Lakin biz, hər sahədə olduğu kimi, bu sahədə də öz liderliyimizi göstərməliyik! Hətta Lider kanalı “Yeni Fahişə” adlı proyektə də imza ata bilər. Həmin layihədə münsiflər heyətinə düşmək üçün nə qədər çox namizəd var, ilahi! Amma biri mütləq Liderdən olmalıdır! Qalan 124 münsifsə seçkilər yolu təyin oluna bilər. 125 münsif sizə çox görünməsin, bu ciddi telelayihə olmalıdır! Yarışmaya gələnlər geyim baxımından tamamilə şəffaf olmalıdırlar. Özü də bu layidə cinsi azlıqlara da yer ayrılmalıdır! Mən Lider kanalının cinsi azlıq məsələsində həssas olduğunu bilirəm, ona görə bu barədə narahtçılığım yoxdur. Bu veriliş sms-lə ola bilməz. 125 münsif özləri iştirakçıların “performans”larını dəyərləndirməlidirlər. Onsuz da anası “Səda: Priton” verilişi tərəfindən ağlar qoyulmuş reytinqin bu proyekt sayəsində bütün nəsli ağlayacaq və bu cür proyekti maaliyyələşdirmək uğrunda iri şirkətlər bir-birlərini didəcəklər. Qərəz, pul problem dəyil! Yeri gəlsə, büdcədən də maaliyyələşdirilə bilər, ARDNŞ ölməyib ki!
Bu arada, hələ də bəzi kimsələrə qaranlıq qala bilər ki, necə ola bilər ki, biz milli priton mədəniyyətimizlə dünya reytinqini qıra bilərik. İzahat verim, deyirlər, musiqi qlobal ünsiyyət dilidir – hansı dildə danışmasından asılı olmayaraq, hamı ifa olunan musiqidən eyni cür həzz alır. Əlavə şərhə ehtiyac var?
P.S. Bircə qalır bu “grandiose” proyektə layiq bina tapmaq... Hərçənd biri var, çox uyğun gəlir.

No comments: