Google Website Translator Gadget

Wednesday 22 September 2010

Metyu Brayza səfir kimi təsdiq olundu


Rino Harniş (şəkil Azadlıq Radiosundan götürülüb)
Elə dünən Brayza haqda xəbərlərdən bezdiyimi yazmışdım. Bilmirəm, senatorlar mənim bezməyimi gözləyirdilər, ya yox, amma məsələni tez yola verdilər; özü də yekdilliklə! Mən bu münasibətlə Brayzanı ürəkdən təbrik edərək şəkilini bloquma qoymaq fikrində deyiləm, onsuz da biri var. Mən Brayzanın bloqumu onun şəkilləri ilə o vaxt bəzəyəcəm ki, o da Rino Harniş kimi səfir olsun - Steynar Gil kimi olmasa da. Yəqin ki, cənab Harnişin seçkilərdən sonrakı halını xatırlayırsız. O vaxt da müxalifət bir idi. O vaxt Amerikaya inam daha güclü idi. Amerika bizim üçün İraq və Əfqanıstanı altını üstünə çevirən supergüc deyil, Gürcüstanı və Ukraynanı demokratikləşdirən, eyni "demokratiya çətiri"ni (© Anar Aydın Məsimov), mənən də olsa, bizim başımıza tutmuş olan bir hami idi. 2003-cü il seçkisində sözün birbaşa mənasında sındırılmış bir xalq 2005-də yenidən ayağa qalxdı - qaldırıldı. (Hələ unutmaq lazım deyil ki, Gürcüstandakı məxməri inqilaba təkan verən də elə biz olmuşduq - 15-16 Oktyabr hadisələri gürcülərə böyük təsir göstərdi. Əlbəttə, başqa amillər də var, lakin bizim rolumuz danılmazdı.) Qələbə meydanı xalqa darlıq edirdi, illər sonra mitinq və nümayişlərin necə olmalı olduğu xalqın yadına düşdü. Buna qədər çoxları mitinqin polislə qovğa olduğunu sanırdı. Bəli, biz bir idik, amerikalılar da yanımızda. Rino Harniş dümokratik qüvvələrlə sıx əlaqə saxlayır, vədlər verirdi - əlbəttə, bu vədləri o, öz adından demirdi. Sonda isə... ABŞ höküməti satdı. Bizi yox, demokratiyanı satdı! Əliyevlərə satmadı, neftə, enerjiyə, durğunluğa ("sabitlik" sözünün bizdəki funksiyası) satdı! Harnişin seçkidən sonra televiziyada çıxışlarında hökümətinin əməlindən necə utandığı açıq-aydın görünürdü.
ABŞ-ın Azərbaycanda bir səfiri də olub. Paskudero... yox, Eskudero. "Paskudero" adını ona bizimkilər vermişdi. Öz adı da (daha doğrusu, soyadı) Meksika narkobaronlarının adını xatırladır. Bu səfir özü haqda bundan artıq yazılmağa layiq deyil.
 Metyu Brayzanın ən pis halda Paskudero, ən yaxşı halda cənab Harniş ola bilər. Amma lap seyid övladı olsa da, yenə də Amerikanın səfiridi. Nə qədər ki, ABŞ və Rusiyanın (hətta İranın) maraqları Ermənistan məsələsində üst-üstə düşür ("nə hərb, nə sülh"), biz ABŞ-dan nə demokratiya, nə də ədalətli mövqe uma bilərik.
P.S. Unutmaq olmaz ki, ABŞ əgər ermənilərin uydurduğu soyqırımı qəbul etmirsə, bu onların da (həyasızca) bəyan etdikləri kimi "Türkiyə ilə əlaqəni pozmamaq üçün"dür. Yəni, əslində var, amma daha sizsiz də... 

No comments: