Google Website Translator Gadget

Thursday 18 November 2010

Gəlirik!

Bu gün səhər Adnan Hacızadənin azadlığa çıxması xəbərini eşitdim. Yaxından tanımadığım bir insanın sevincinə şərik oldum. Ovqatımı təlx edəcək, hadisələr oldu, lakin heç nə vecimə deyildi - Adnan azadlıqda idi! Adnanın azadlıq xəbərini eşidən kimi dərhal Emini də düşündüm. Bu gənclərə günahsız olduğunu bilmək üçün onların yalnız üzünə baxmaq yetər. Bəzən deyirlər ki, daxili aləm özünü şəxsin sifətində göstərir - bir pis xasiyyət olan kimi dərhal üzə çırpılır. Emin və Adnana nəzər saldıqsa isə bu insanların "milçəyi belə incitməyəcəyini" düşünürəm. Amma milçəyi incitməyənlər bəzilərini "incitdilər". O incimişlər də intiqam almağa girişdilər. Bu dəfə hər şey başqa oldu; cəmiyyətə iki bloqqeri cinayətkar kimi sırıya bilmədilər. Bəlkə burda da onların  - bloqqerlərin siması böyük rol oynadı. Bu gənclərin xuliqan olduğuna kim inanar axı?! İncimişlər gec anladılar bu faktı... Necə deyərlər eşşəyə minmək bir ayıb, düşmək iki ayıb (Cəmi, üç ayıb). Tutdular, indi saxlaya bilmirlər... Buraxa da bilmirlər... Neyləsinlər?! Məcburən "nümunəvi məhbus" adı altında vaxtından əvvəl azadlığa buraxdılar - Adnanı. Eminsə hələ "nümunəvi" deyil. Bir haşiyə: "Prosesdə iştirak edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin təmsilçisi Əli Nəbiyev isə Hacızadənin cəzasının qalan hissəsindən azad edilməsinə qarşı olduğunu bildirdi. Diplomun da ona Penitensiyar Xidmət tərəfindən verilmədiyini dedi. O bildirdi ki, Adnan Hacızadə ziddiyyətli xarakterə malik bir məhbus olub. Hakim bu ziddiyyətin Adnan Hacızadənin islah olunması ilə hər hansı bağlılığının olub-olmadığını soruşdu. Əli Nəbiyev dedi ki, Adnan Hacızadə qaydaları pozmasa da, cəzaçəkmə müəssisəsi rəhbərliyinin bütün suallarına vəkili ilə məsləhətləşəndən sonra cavab verib. Əli Nəbiyev bildirdi ki, elə bu səbəbdən də onlar istəyirlər ki, Adnan Hacızadə cəzası bitənə qədər həbsxanada saxlanılsın." Bəli, ağır cinayətdi! Necə yəni vəkilim gəlsin?! Soruşuruq, cavab ver! Penitensiar xidmətinin xətrinə dəydiyinə görə gərək axıra qədər "yataydı" Adnan! Əli Nəbiyevin "ziddiyət" anlayışına heyran qalmamaq mümkün deyil! Həm də özü qeyd edir ki, "qaydaları pozmasa da" - yəni bir növ Adnan "ponyatkasızlıq" eləyib. Əlbəttə, qanunla danışmaq, qanunu bilərək onların çərçivəsində davranmaq bəzən "ponyatkasızlığ"a səbəb olur. Ondansa, "penitensiar" sözünü dəyişin, beşinci hərfi yazmamış adamı yortarlar.
İncimişlər Adnanı buraxmaqla ondan yaxalarını qurtardıqlarını zənn edirlər - Adnansa əl çəkmir; Bəraət üçün məhkəməyə müraciət edib. İncimişlər xirtdəyə qədər poxa batıblar. Deməli, bu variant da işləmir... Emin üçün başqa bir şey fikirləşmək lazımdır. Emini də belə buraxsalar, o da məhkəməyə verəcək. Bu ara onsuz da hökümətin vətəndaşlara filan qədər avro təzminat borcu var. Avropa məhkəməsinə də sanki vəhy gəlib; iş-gücünü atıb, bizim sayğı(təpəsinə)dəyər hökümətimizə ard-arda cərimə kəsir... Bizim hökümətin vəziyyəti "prava"sız sürücünün oğurladığı maşında, içkili halda, sərhədi pozan an polisə ilişməsinə bənzəyir. Avropa da elə məbləğdə təzminatlara qol qoyub ki, sanki neft üstündə oturmuşuq! İndi Adnanla Emin də bunları məhkəməyə versə ki, artıq birinci bunu edib, incimişlər gərək dəsmal götürüb ağlasınlar.
Həm də bütün bu hadisələr Eynulla Fətullayev faktorunun (o artıq jurnalist deyil, faktordur) mövcudluğu şəraitində baş verir!!! Hökümət E.Fətullayevin sayəsində xərçəngə tutulub. Ağrıdan şıllaq atır, isteriyaya qapılır, nəticədə nə etdiyini özü də anlamır. Əgər Eynulladan sonrakı hadisələrə fikir versək, hamısında bir isteriya, panika görərik. Bu isteriya seçkilərdə pik nöqtəyə çatdı.
Keçmisiz tilova neokommunist (yəni kommunizmin töküntüləri) yoldaşlar... Rəhmətlik Baba Pünhan necə diaqnoz qoymuşdu:
"Tazə qurum köhnə maketlə gedir."
Köhnə maket hara getdisə, siz də ora gedirsiz. Unutmayın, Adnan, Emin kimi gənclər heç bir cəmiyyətdə çoxluq olmayıblar, amma onların olduğu cəmiyyətlərdə çoxluq məhz onlara bənzəməyə başlayır.

Friday 12 November 2010

"Hasta la Victoria Siempre"

Təzə moda var, hələ də bilməyən varsa, bilsin. Çe Gevaranın rəsmi olan köynəklər. Geyirsən, vidin dəyişir; olursan qeyri-adi, hamıdan seçilən. Qıraqdan baxan deyir ki, uy da, bu qaqaş Çenin tərəfdarıdır, solçudur, inqilabi ruhu var. Bəlkə də düz deyir. Amma ədalətsizliyə qarşı mübarizə aparanların arasında yalnız iki nəfəri Çenin şəkli olan köynək geydiyini görmüşəm. Onlar da konkret iş görəndə bu köynəkdə olmayıblar. Yox, heç də əleyhinə deyiləm bu köynəkləri geyməyin. Amma bir az da düşünmək lazımdır axı. Sən Çenin ideyalarını daşımırsansa, niyə özüvü ona oxşatmaq istəyirsən?! Mən də bir ara Adolf Hitleri təqlid edirdim, amma bu "Mein Kampf"ın təsirindən idi - yəni mahiyyətim formama təsir etmişdi. Sonra özümə  - öz vidimə qayıtdım. Mümkündür ki, kimsə sol ideyaların təsirilə Çe kimi görünmək, yaxud Çeni təbliğ etmək istəyə. Amma niyə axı bu köynək sahibləri əməli iş görmürlər? Bəziləri hətta siyasəti çirkin oyun adlandırır və ona qarışmaq istəmir!
Ernesto Gevara - danışığında argentinalılara xas "çe" ədatından çox istifadə etdiyi üçün Kubalı inqilab yoldaşları onu qısaca "Çe" deyə çağırırdılar. Haqqında çəkilən istənilən kinoya baxmaq məsləhətdir. O nə SSRİ nə də ABŞ meylli insan olub. Azadlıq onun meyl etdiyi yegən qütb idi. Kubanın yeni hökumətindəki nazir postundan istefa verib, yola düşür Afrikaya - Konqo inqilabçılarına dəstək üçün! Həm bacarıqlı diplomat, həm də hərb nəzəriyyəçisi olan bu şəxsiyyət savada çox böyük önəm verirdi. Benicio del Toronun Çe haqda çəkdiyi "Argentinalı" filmində bir epizod var. Əsgərlərdən birinin boş dayandığını görən Ernesto Gevara ona belə bir əmr verir: Çıxar dəftər-kitabını riyaziyyatdan məsələ elə! Bu əmri verərkən özü də kitab oxuyurdu. Filmdə real faktlara əsaslanan bir çox belə səhnələr var. Çe Gevaradan öyrənəcək çox şey var. Ondan öyrəniləcək birinci şey isə inqilabdır! Ədalətsizliyə qarşı çıxmaq, başqalarını da buna cəlb eləmək, qalib gələndə isə məğlublarla adam kimi davranmaq. Qalibiyyətin eyforiyasına qapılıb ideyalardan sapmamaq!
Bir dəfə bir türkçünün Çe Gevaranın şəklini cırdığını gördüm. Adam deyir ki, özümüzdə igid azdı ki, Çenin şəklini vururlar?! Düşüncəyə bax e… Yenə “müasir dövrdə Çedən daha çox qəhramanlığa layiq olan kimimiz var?” sualıma cavab verə bilsəydim, onu, hardasa, anlayardım… yaxşı oğlandı, amma qandığı o qədərdi. O bir şeyi də anlamırdı: Çe Gevara hansı bir argentinalı deyildi, o artıq bəşəriyyətə xas bir insan idi. O fəxr etmirdi ki, o argentinalıdır - Onun üçün vətən azadlıq olan yer sayılır. Amma Argentina fəxr edə bilər ki, Çe məhz o torpaqda doğulub. Şəxsiyyət öz ölkəsini ötəndə belə olur. 
Görünüşünüz mahiyyətinizə uyğun olsun. Əgər məni yolda döyən zaman, sən yanımdan əynində Ernesto Gevaranın şəkli olan köynəklə keçirsənsə, mən səndən kömək umacam. Mənə kömək etməyəcəksənsə, 3 manatlıq köynək səndən daha dəyərli olacaq. Bunu nəzərə alın.
P.S. Kriminal verilişində saxlanılan şəxsin əynindəki qısaqolda "HOST" yazılmışdı. Mənim "HOST"a hörmətim öldü. "HOST" kütləviləşdi, kütlə "HOST" kimi olmadı...

Rek-lam-lar!

Bu gecə bir az başqa şeydən yazacam; Həm özümə rahatlıq olsun - yazdıqlarım mənə təsir edir, həm də oxuyanların başı açılsın. Mövzu reklamdı... Əvvəlcə onu bəri başdan qeyd edim ki, ölkədə hər pis şeyin günahının ən azı 50.000001%-ini sistemdə görürəm. Sistem hər sahəyə öz mənfi təsirini göstərir, o cümlədən reklam biznesinə. Mən sistemin günahı olmayan hissəsindən yazacam. Əvvəlcə bir-iki maraqlı reklamı yadımıza salaq... Çətin oldu, hə? Bizdə maraqlı reklam yoxdu. Hansısa istisnaları quyunun dibindən çıxartmağa dəyməz. Türkiyə kanallarında efirə gedən reklamlara baxın (nə deyirəm mən?! Onsuz da baxırıq!) Sadə, maraqlı, anlaşıqlı - bir sözlə, mırt! Məsələn, "Sabancı Holding" öz istehsal etdiyi məhsulların adının sonluğuna "-sa" əlavə edir.  Təkcə elə "Fransa" sözünün "-sa" hissəsi bəs elədi ki, reklamdakı obraz Fransanın "Sabancı Holding"ə aid olduğunu düşünsün! "Vakıf Bank" da öz xidmətlərini yumoristik şəkildə teleizləyiciyə çatdırır. Bakcell də buna cəhd edir, lakin obrazlarının biri ədəbi dildə elə danışır ki, adam onu avtootvetçik (türkcəsini bilmirəm) zənn edir. Başqa bir reklam: "Solo" tualet kağızları (özləri belə deyirlər). İki qadın söhbət edir və biri digərinə Solonun necə faydalı olduğundan danışır, olsun. Amma bunu danışarkən, stolun üstündə iki rulon solo dimdik dayanmalıdır?! Nə vaxtdan tualet kağızını boş stolun üstünə qoyurlar, özü də cığarasından (sözə bax e... "cığara"!)  çıxartmadan?! Başqa reklam: Əsəblərimi tarıma çəkən, məni intihar həddinə çatdıran bir Huggies reklamı! İlahi, bir musiqi nə qədər iyrənc olar?! Hələ sözləri... Mən o sözləri əzbərlədim, Ətağa... Deyim ki, köməyi oldu. Birincisi ona görə ki, artıq həmin reklam gələndə birgə oxuyurduq, maraqlı olurdu. İkincisi, mənim sözlərimi əzbərləməyimi gözləyən televiziya işçiləri həmin reklamı az müddət sonra yığışdırdılar. Sözləri yazıram:

"Azad küləklə möhkəm dost olmuşam,
Mən həm quru həm çox rahat olmuşam.
Uçanda yel vurur səni (!) yanından,
Bezlərdə belə olmur, heç zaman.
- Olur, yeni Huggies Ultra..." nə bilim nə ilə sizin g**ünüz etibarlı əllərdədir!
Bu qədər. Çox yormaq istəmirəm. Sözləri əzbərləyin, birdən reklamı təzədən verdilər.
P.S. Bir reklam da var, gic-gic sözlər ilə - onu da yazacam, qoy rədd olsun efirdən!

Wednesday 10 November 2010

Liderlə İrəli!

Vaxtilə “Toy Olsun” verilişi məni xirtdəyə yığmışdı. Sonra “Xalq Seçir” adlı telekomediya başladı deyə, gündəmdəki mövzular dəyişdi. Amma mənim o vaxtlar ağlımda bir ideya vardı, yazmaq istəyirdim, yaza bilmədim. Elə yaxşı ki, yazmamışam – o vaxt yazmamışam. İndi olar. Fikrim buydu ki, “Toy Olsun” necə ki, xalqı efirdə evləndirir, toyunu lentə alır, bir veriliş də açsınlar, toydan sonrakı proseslərin monitorinqi ilə məşğul olsun (qınama məni, ən uyğun ifadə buydu). “Şair də yaxşı deyib, xalqımın toy kimi bir adəti var”, bu adətdən sonra başqa bir adəti də var. Adam var ki, verilişdəki iştirakçıları adbaad tanıyır. Onların hansının kim olduğunu əzbər bilir. İndi rəvadı ki, xəlayiq günlərlə, həftələrlə izləyib, doğmalaşdığı bu adamları birdən birə özbaşına buraxa?! Xeyr, əsla! Toydan sonrakı bütün hadisələr təfərrüatı ilə çatdırılmalıdır. Bu fikir beynimə çökəndə düşündüm ki, bu ayanesin hər şənbə  gecəsi “maraqlı” kino göstərmək təcrübəsi, xalqın da bir növ bu vaxt televizora kilitlənmək təcrübəsi var. Amma... axı o dür filmə gecə saat birdə baxırlar, üstəlik yalnız şənbə günləri! Yəni, bir sözlə, reportaj canlı ola bilməz... Di gəl, sən bülleteni say, gör qutudan nə çıxır! Lider kanalının (bəzi dostlar, hiddətlənib “Pider” şəklində yazırlar, etməyin, cənablar!) meydan açıb milli mentalitetə qarşı massiv müharibə elan etməsi, bu problemi həll etdi! Canlı yayım, elə Lider kanalında ola bilər... Ya da yox! Tanrım, beynim daha bir ideyaya məskən oldu! Canlı yayımı elə ayanes özü versin, hətta verilişin ayrıca adı da ola bilər, məs: “Oğlan olsun”, ya “Qız olsun”, yaxud “Hər Nə Olur Olsun, Qoy, Olsun” (qısaca, “Qoy, Olsun”). Şüar da tapmaq olar: “Utananın oğlu olmaz!”
Tələsik, keçirəm Liderə. Raz ki, saat 19.00-da porno video efirə vermək olur, özü də “Səda”da, yaxşı olar ki, bunu ayrıca veriliş halına salalar. Adını da elə.... “Səda: Priton” qoymaq olar. Bax, əsl canlı reportaj orda lazımdır. Aparıcı üçün də dağa, daşa dırmanmayın, Liderin keçiləri tfu... işçiləri, mən hazıram. Bundan başqa da “Pritondan Sədalar” adıyla başqa bir eyni niyyətli veriliş açmaq olar. Burda da daha çox tanınmış şəxslərin videoları yayımlana bilər. Əgər “Səda: Priton”un aparıcısı olaraq, yetərincə tanınsam, öz videolarımı da məmnuniyyətlə təqdim edərəm. Beləliklə, nəinki Azərbaycanda, hətta dünyada reytinqlərin anasını ağladarıq!!! İndidən sizə kolleqa demək istəyirəm, çünki mənim proyektimdən imtina etmək üçün ya gərək axmaq olasan, ya da güclü mənəviyyatı olan ölkədə yaşayasan. Dünyanın heç bir kanalı belə şeylərin canlı reportajını eləmir! Lakin biz, hər sahədə olduğu kimi, bu sahədə də öz liderliyimizi göstərməliyik! Hətta Lider kanalı “Yeni Fahişə” adlı proyektə də imza ata bilər. Həmin layihədə münsiflər heyətinə düşmək üçün nə qədər çox namizəd var, ilahi! Amma biri mütləq Liderdən olmalıdır! Qalan 124 münsifsə seçkilər yolu təyin oluna bilər. 125 münsif sizə çox görünməsin, bu ciddi telelayihə olmalıdır! Yarışmaya gələnlər geyim baxımından tamamilə şəffaf olmalıdırlar. Özü də bu layidə cinsi azlıqlara da yer ayrılmalıdır! Mən Lider kanalının cinsi azlıq məsələsində həssas olduğunu bilirəm, ona görə bu barədə narahtçılığım yoxdur. Bu veriliş sms-lə ola bilməz. 125 münsif özləri iştirakçıların “performans”larını dəyərləndirməlidirlər. Onsuz da anası “Səda: Priton” verilişi tərəfindən ağlar qoyulmuş reytinqin bu proyekt sayəsində bütün nəsli ağlayacaq və bu cür proyekti maaliyyələşdirmək uğrunda iri şirkətlər bir-birlərini didəcəklər. Qərəz, pul problem dəyil! Yeri gəlsə, büdcədən də maaliyyələşdirilə bilər, ARDNŞ ölməyib ki!
Bu arada, hələ də bəzi kimsələrə qaranlıq qala bilər ki, necə ola bilər ki, biz milli priton mədəniyyətimizlə dünya reytinqini qıra bilərik. İzahat verim, deyirlər, musiqi qlobal ünsiyyət dilidir – hansı dildə danışmasından asılı olmayaraq, hamı ifa olunan musiqidən eyni cür həzz alır. Əlavə şərhə ehtiyac var?
P.S. Bircə qalır bu “grandiose” proyektə layiq bina tapmaq... Hərçənd biri var, çox uyğun gəlir.

Neyniyey, ala?

"Nə etməli?" sualı yeni bir şey deyil, bu sual müxtəlif zamanlarda, müxtəlif peşə sahiblərini düşündürüb. Hətta onun lokal versiyaları da olub, yada salaq, M.Ə.Sabirin "Nə yazım?" adlı şeiri var. Mahiyyətcə eyni sualdı, amma formaca, bir az da dəqiq desəm, əhatə dairəsinə görə kiçildilib. Amma "neyniyey, ala?" sualı fərqlidir. Ona görə fərqlənmir ki, müəllifi mənəm (əslində belə olmasını istərdim), fərqlənir, çünki bu sual daha çarəsizcəsinə işlənir! Burda bir ümidsizlik, bir nisgil var... Bu sual özündə batmış gəmiləri, artıq keçmişə dönmüş gələcəyi ehtiva edir. Bunun əksinə, "nə etməli?" isə daha çox gələcəyə doğru optimist baxışların doğurduğu sualdı, sanki əlində 10 manat tutub, vitrinə baxaraq, nə alacağın barədə düşünürsən. Əlində resursun var, imkanın var. Mənim sualımda isə sanki birisi sənin əlindən pulunu alıb, salıb səni təpiyinin altına, üstəlik sən də acsan. Yəni, xaricdən təpiyin, daxildən aclığın verdiyi sancı sənə əziyyət verir. (Üstəlik pulun da həmin kəlpeysərdə)
İndi isə misalın məcaz maskasını çıxarıb, ümumiləşdirək: Ala, axı bir parlament mandatı nə olan zibildi ki, onu bizə qıymadılar?! Sanki 125 mandat istəyirdik... Ala, bu 125 deputatın bir dənəsi "destruktiv, radikal müxalifət"dən olaydı da.... Tanrı belə o boyda allahlığı ilə, yanında Əhriməni (Şeytanı) saxlayır! Ala, bir dənə cəbhəçi, müsavatçı buraxaydınız da! Belə ədalətsizliyi, nəinki allah, heç ABŞ Dövlət Departamenti də götürməz! Cigər, bu qədər saxtakarlıq olar?! Mürəkkəb vurulmaqdan dırnaq salan adamlar, hətta məktəb müdərrisləri var! Seçki məcəlləsindən xəbəri olmayan sədrlər, bülletenə, dana aptek baxan kimi baxan seçicilər var! Əvvəl "nə etməli?" deyəndə, cavab verirdik ki, "İnqilab!" İndi özümün də gülməyi tutur, bu fikrə. İnqilab? Ala, inqilabı o xalq edər ki, onun ziyalısı qabağından yeməsin! İnqilabı o xalq edər ki, ağı-qaradan seçə bilsin. Maarifi, təbliğatı normal yaymaq mümkün olan yerdə, bir təşviqat yetər ki, millət ayağa qalxsın. Əgər məni qanunsuz saxlayan polis rəisi ilə, evdə atam eyni şeyləri mənə deyirlərsə, mən neyləməliyəm? Məhlənin elə qadınları var ki, adamı cart eləyib ortadan cırarlar! Nəinki öz haqqını, lap 10m radiusdakı adamların da haqqını sökə-sökə alar! Amma sən gəl ki, bu adam seçkidə iqtidar namizədinə səs verir, çünki məktəbdən elə tapşırıblar! Başa düşmür ki, onun verdiyi səs anonimdir - bəlkə heç Tanrının da xəbəri yoxdu!
İstisnaları cibimizə qoyaraq, real mənzərəyə baxaq:
Bir tərəfdə qorxunc bir sistem. O sistem ki, adamı deqredasiyaya məruz qoyur. O sistem ki, "əgər sənin ürəyində yetərincə eşşşəklik* varsa, sən istədiyinə nail ola bilərsən" prinsipi üzərində qurulub.
Digər tərəfdə isə bu sistemin təsirinə qapılmış kütlə, xalq yox, kütlə! O kütlə ki, cəlladının təbərini itiləyir.
Üstəlik birinci və ikincinin bir-birinə üzvi bağlılığı. Korrupsionerlərlə, yazıqlaşmış xalq diffuziyaya uğrayıb.
Sayları çox az olan bir kəsim də var ki, onlar heç cür bu kaşanın içində olmaq istəmir! Əksinə, bunları bir-birindən ayırmaq istəyir. (Bu mənzərəyə inqilab üçbucağı da demək olar.)
Bəs indi neyniyey?! Yox e, doğurdan, neyniyey? Qarışa bilmərik, bilsəydik, çoxdan edərdik. Dinc dayanıb baxa da bilmirik, baxmayarq ki, edirik!
*İki "ş" yazıb eşşəyi təhqir etmək istəmirəm.

Friday 5 November 2010

Tofiq və Arzu

Bu yazını təcili yazıram, fikrimdən çıxa bilər, ona görə qrammatik səhvləri və yazılan fikirlərin axmaqlığını mənə keçin. Hətta oxumağı elə burdaca saxlaya bilərsiz. Daha çox şəxsi məsələdir - özüm özümlə haqq-hesab çürüdürəm. Məndən bir nəfər (adını çəkmirəm, reklam olar) bir şey arzulamağımı istədi. Əvəzində maraqsız bir şey dedim. Yox, pul istəmədim. Ondan da maraqsız idi. Söhbət heç nə istədiyimdə deyil. Mənim ağlıma bir-bir müxtəlif arzular gəldi. Nə qədər maraqsız, nə qədər boz arzular... Uşaqlıqda mənim daha maraqlı arzum vardı - prezident olmaq!!! İbtidai sinifdə müəlliməmiz bütün sinif yoldaşlarımdan nə olmaq istədiklərini soruşanda da prezident demişdim. Sinif uşaqları mənəvi travma almışdılar - "niyə bizim ağlımıza gəlmədi?" Bəli, sinfin boz arzuları fonunda mənim arzum çox əlvan boyalarla bəzənmişdi, müəlliməmin də ayrıca diqqətinə səbəb olmuşdu. Üstündən 10 il keçəndən sonra maraqsız arzu sahibinə çevrildim... Niyə bu günə qaldım? Çünki, mənim arzularım daha çox ictimai-sosial yönümlü olmağa başladı, hətta inqilabi arzularım da var. Özlüyündə çox böyük və görməyim üçün ömrümün yetməyəcəyi arzulardır: məs, Turanın yaranması, Qiyamətin başlaması, Üçüncü Dünya Müharibəsi və s. Bunlar əlçatmaz və uzaq... Normal arzularım yox olub sanki, ya da o qədər dərinə eniblər ki, onları çıxartmağa batisfer gərək olur. Hər səhəri Yeni Müsavat qəzetinin üç yazarını oxumaqla açıram, axşama kimi feysbukda müxtəlif siyasi müzakirələri dinləyirəm/oxuyuram/izləyirəm, axşam teledebatlara baxıram, gecə isə axşam güldüyüm sözlərə kədərlənirəm... BUDUR mənim günüm! Axı nə qədər axmaq yerinə qoyulmaq olar?! Üzündən oxuya bilməyən eşşşəklərə (iki hərflə yazıb heyvanı təhqir etmək lazım deyil) nə qədər hirslənmək olar?! Nə qədər Erkin müəllim, İsa bəy, Qənimət bəy kimi adamların dedikləri həqiqətlərin acısına yanasan?! Bu anlarda Əzrayıl canımı alsaydı, ona yalnız təşəkkür edərdim. Mənim normal arzulamaq kimi insanı keyfiyyətim hansısa oğ***lara görə məhv olub. "Meçtat ne vredno." Amma arzu etməmək ziyandır! Niyə mənim həyatım siyasətə həsr olunmalıdır?! Əgər mən normal ölkədə yaşasaydım, mütləq fizik olardım - ən sevdiyim sahə. Elə indi yadıma düşdü, fizika ən sevdiyim fənn olub. Lakin Azərbaycan qeyri-stabil ölkə (17 il təkhakimiyyət tupoyluq və qeyri-stabillik göstəricisidir.) olduğundan, diplomatiyanı seçdim. Bəlkə nə vaxtsa, prezident oldum - amma indidən deyirəm: "Tüpürüm belə ölkənin prezidentliyinə!" Mənə nə qədər problemi həll etmək qalacaq, bu ölkə elə viran vəziyyətdədir ki, əgər demokratiya sabah bərqərar olsa, bizim İsveçrəyə çatmağımızı mənim ömrüm görməyəcək. Çünki, mən artıq normal arzuları olmayan bir insana çevrilmişəm, kim bilir, neçə adamın eyni problemi var. Mən artıq indidən gələcəyin gənclərinin buxovuna çevrilməkdəyəm*. Yazımın içində növbəti arzu da özünü göstərdi: Azərbaycanın İsveçrəyə çatması...
Mənə arzulamağı öyrədin, nə qədər ki, gec deyil.
P.S. Tofiq kimdi ala?! Lap başım gedib e...
*Bu haqda bir dəfə yazmışam

Wednesday 3 November 2010

Red Alert: "Statement of Purpose"

İnsan özünü nə qədər tərifləyər?! Axı niyə mən hər universitetə yazmalıyam ki, mən belə istedadlıyam, mənim belə qabiliyyətim var, filan-filan oyunlardan çıxıram?! Belə də dərd olar?! Mərdi qova-qova namərd edirlər. Gül kimi təvazökar oğlan idim... indi bu "Statement of Purpose", nə bilim, "Personal Statement" və daha hansı kliçkalarla məşhur olan esseni yazmaqdan öz gözümdə də böyümüşəm - şar kimi! Hələ bunları yazandan sonra bir-iki universitetə otval filan da vermişəm; gedin, mənə layiq olanda gələrsiz, fikirləşərəm. Əvvəllər özümü tərifləməyə heç nə tapmırdım, əslində elə indi də təriflənəsi bir şeyim (o qədər də yox) yoxdu. Amma tədricən, başqalarının yazdığı esselərə baxdım (İnternet sağ olsun), məsləhət aldım, məlum oldu ki, bir çox mənasız şeyi xüsusi istedad kimi göstərmək olur! Hələ bu nədi ki! Tövsiyə məktubu alanda, daha çox xəcalət çəkdim. Çox az müəllim tapılar ki, tövsiyə məktubunu özü şəxsən və hər tələbə üçün fərqli yazsın - bu sarıdan bəxtim çox gətirdi. Prinsip budur: yaz gətir, altından imzalayım. Gərək mən gedim, özümü o ki var tərifləyim, müdərris də imzalasın. Yaxın tanışlarım bilir, qəşəng fantaziyam var, xüsusən də, başqasına elə tərif deyə bilərəm ki, özünü yenidən kəşf edə bilər (amma demirəm). İş ki gəldi özümə, arxım quruyur. Özümü tərifləmək qədər heç nə məni öz gözümdə alçaltmır. Ziddiyyətli olsa da, təvazökarlıqdan da zəhləm gedir. Əslində burda ziddiyyətdə yoxdu; Necə ki, tərif böyüdür, əksinə olaraq da, təvazö kiçildir. Qızıl Orta - həqiqət ən yaxşısı deyilmi?
Əşi, nəysə... gecə-gecə mövzu tapdım yazmağa...
P.S. Amma başınıza gəlsə, bir də oxuyun bu yazını.

Tuesday 2 November 2010

Bu seçki bitsəydi... Bütün tupoy namizədlər beynimi xarab ediblər. Bu tərəfdən də özümçün təzə kompyuter oyunu tapmışam - başım açılmır. Gözümü monitordan çəkən kimi namizədlər və namizədkalar gəlib, dururlar qabağımda, hamısı da susub. Vaxtlarını saxlayırlar, ya nədi... Əslində adama çox mövzu verirlər. Məsələn, YAP namizədləri arasında bir oğlan var, Elşən Musayev, onun danışığı mənə xoş gəldi. Yalan hamının dilində yalandı -  amma kimisi çeynəyib deyir, kimisi eləcə tüpürür və sanır ki, yedik. Mən heç birincini də yediyimi sanmıram, amma ən azından yeməli görünür... (gərək ac-acına yazı yazmayım)
Eyni mövzudan, hətta hamısı maraqlı alınsa da, çox yazı yazmağın yeri yoxdu, ürək bulantısı verir. Bir ay ləzzətli sandığın yeməyi yemək kimi bir şeydi.
Son oxuduğum kitabdan yazsaydım daha yaxşı olardı. Amma bu alındı. Potensial deputatlar imkan vermirlər.
Sukkubuslar!