Google Website Translator Gadget

Sunday 31 October 2010

P.S. Bu gecə cəmi bir cümlə yazacam.

Friday 29 October 2010

Ah Avropa, Avropa

Xəzər TV-yə baxırdım... Yəni evdə baxırdılar, mən də məcburən eşidirdim. İnsaf xatirinə, veriliş maraqlı verilişdi; Cəmiyyətdəki problemlərdən bəhs edilir. Bu dəfə mövzu, deyəsən, ruhi xəstlərlə bağlı idi. Öz yaxınına "dəli" deyib içəri basan adamlardan, "eks-dəli"lərə olan münasibətdən danışılırdı. Açığı, mənimçün maraqsız mövzudu, xüsusən də, başqalarının sosial problemlərini eşitmək istəmirəm - bunun üçün dövlət orqanı var, sırf bu şikayətləri dinləyib, dərdlərə əlac eləməkçün dövlətdən maaş alırlar. Onlar da bu işə baxmırsa... nəysə, bu gedişatla inqilabdan danışmalı olacam, qayıdıram qaldığım yerə. Verilişdə qonaq olanlardan birisinin, Mirvari Qəhramanlının Avropanı söyməsi əvvəlcə təəccübümə, sonra hiddətimə səbəb oldu. Nervidən partlayırdım e... Sənin millətin nümayəndələri zay-zay hərəkətlər edirlərsə, buna Avropa neyləsin?! Nə var, nə var Avropalılar elə tərbiyə verirlər ki, uşaqlar 18 yaşdan sonra müstəqil olurlar, valideynlərini məhkəməyə verirlər və s. Biz də özümüzü Avropaya oxşadırıq deyə, belə şeyləri biz də etməyə başlamışıq. Sənin ölkəndə elə oğraşlıq olur ki, Avropanın ağzı ayrıq qalar! Mentalitet adı altında o qədər axmaq adətlərimiz var ki! Yaxşı ki, Avropada hər şey üzdədi, bizim də günah keçimiz var. İnanmırsız? Gedin kriminal verilişlərə baxın, əvvəl adını yazdığım başqa verilişlərə baxın, görün bizdə nə oyundan çıxırlar! Adam tula kimi naşükür olmaz (bu tula sözünü axır vaxtlar çox işlədirəm - lazımlı sözdü)!!! Sənin evinə "çeşski unitaz", "rumınski mebel" alırsan, alman texnologiyasına həsəd aparırsan, əlindəki Nokianın "kitayski" deyil, "finski" olması ilə fəxr edirsən, amma Avropaya pis deyirsən?! Orda yaxınlar bir-birlərini məhkəməyə verir, daha onun anası bunu bacısın saçını yolmur, bir-birinə "qəhbə" deyib şüvən salmırlar. Bilmirəm, bəlkə də hardasa olur. Ancaq heç bir Avropa kanalında belə şey görməmişəm (post-Soveti çıxsaq). Bizdəsə, evdə nə vaxt televizoru yandırırlar bu cür kadrları görürəm. Bizim üçün məhkəməyə vermək biabırçılıqdı, amma çıxıb özünü efirə qoymaq, problemləri çığır-bağırla, şillə-təpiklə həll eləmək normaldı. Turxan Qarışqa deyərdi: "Əyalət təfəkkürü!" Mənsə deyirəm, "Mağara təfəkkürü!" Əyalət də görmüşük də, belə olmur axı! Avropa gənclərinin arasında yüz cür fikri olan var, pisi də var, yaxşısı da. Amma bizim millətin pisi götürmək (və görmək) qabiliyyətsizliyi var, sanki. Bu da cəhənnəm olsun, biz yaxşını da pis görürük. Bizə görə demokratiya hakimiyyətsizlikdir, mentaliteti bəyənməmək tərbiyəsizlikdi və əgər birisi cinsi azlığın hüququna hörmət edirsə, həmin adam da onlardan biridir. Biz hüquq deyəndə kimdənsə nəyisə almaq, kimisə borclu çıxartmaq üçün  bir vasitə düşünürük. Hər şeyi özümüzə sərf edən kimi olmağını istəyirik. "Avropa pisdi, bizim tariximiz, mədəniyyətimiz onlardan qədimdi! Onların nəyi var? Onlar çimməyi bizdən öyrəniblər." Filan şey yox idi, biz verdik, bizdən öyrəndilər. Əl çəkin də, bu cür düşüncə tərzindən! Axı bu nə deməkdi?! 1000 il əvvəl biz yuxarıda olmuşuq - bunu biz də bilirik, amma indi, həmin dövrdən 1000 il keçəndən sonra, onlar bizi çox geridə qoyublar. O vaxtlar, onların bizim ən yaxşı cəhətlərimizi görməyə, götürməyə və ən əsası, təkmilləşdirməyə qabiliyyətləri çatdı. Bizsə, eramızdan əvvəl əlimizdə olmuş gücün eyforiyasından hələ ayılmamışıq. Avropa İKİ DÜNYA MÜHARİBƏSİndən keçmiş bir qitədir! Biz ağlayırıq ki, vətənimizin başı nələr çəkib, bəs Avropanın başı nələr çəkib, nə müsibətlər görüb, bilirsiz? Əminəm ki, bilirsiz, amma görməzlikdən gəlirsiz. Bu gün ən üstün olan fərdiyyətdir - şəxsin maraqları hər şeydən önəmlidir. Yalnız şəxsin maraqları üzərində dayanan sistem dayanıqlıdır. Sən ha cır özüvü ki, "ana haqqı Tanrı haqqıdır", bu nə anasının haqqını tapdayan övladların sayını azaldacaq, nə də "Tanrı"lığından sui-istifadə edən anaların. Bu cür ifadələri deməklə, uzaqbaşı studiyada alqışlara səbəb ola bilərsən. ABŞ-da və Avropada çox möhkəm ailə bağları və ailə dəyərləri var. Bu dəyərlər sağlam sütünlar üstündədi, daha ibtidai icmadan qalmış patriarxal qaydalar deyil. Xəzər TV-də elə həmin verilişin əvvəlki buraxılışlarda maraqlı bir epizod vardı. Qonaqlardan biri cəmiyyətdəki deqredasiyanın, zövqsüzlüyün səbəbi olaraq,  deyirdi ki, biz öz adətlərimizdən uzaqlaşırıq. Hətta, misal da verdi: "Ailə tanıyıram ki, ata yemək yeyəndə uşaqları otaqdan çıxırlar ki, atalarını yemək yeyən vəziyyətdə görməsinlər." Görün ha.... mədəniyyət şıllaq atır! Yaxşı ki, həmin verilişin digər qonaqları da vardı: Günel Mövlud və Aqşin Yenisey. Onlar lazım olan cavabı verdilər, bir də yazmağa ehtiyac yoxdu.
Adamlar qanmırlar ki, cəmiyyəti dağıdan elə o qaydalardır! Daha doğrusu bu qaydalar heç nəyi dağıtmır -çünki bizdə hələ dağılası bir şey yoxdur - bircə bu qaydalar məhv edilməlidir! Bəlkə onda nəsə qura bildik...


Sunday 24 October 2010

Televiziya və Telekanalizasiya

Səhər qəzetdə bir yazı oxudum, daha doğrusu bir mövzuda iki yazı. Orxan Eyp və Turxan Qarışqa Alternativ TV-nin bərpa etdikləri barədə yazmışdılar. "Küçə Söhbəti" başlığı ilə hazırlanan tok-şou mənim böyük marağıma səbəb olmuşdu. Mənim ümumiyyətlə belə bir internet kanalının olduğundan xəbərim yox idi, halbuki, Turxan bunu mənə deyə bilərdi. Amma demədi. Təsadüfən internetdə rast gəldim: Quqlda ("Google") "Turxan Qarışqa" adını axtarışa vermişdim, bekarçılıqdan. Nəticələr arasında 3 hissəyə bölünmüş "Küçə Söhbəti" adlı videoya rast gəldim. Orxan Eyp aparıcılıq edirdi. Tok-şounu acgözlüklə izlədim və hər kəsə də baxmağı məsləhət görürəm. Bu verilişdə heç bir dekor yox idi, heç bir professional çəklişdən söhbət gedə bilməzdi. Sıfır imkanlarla hazırlanmışdı. Bu çatışmazlıqları görünməz edənsə, mövzu və mövzu ətrafında gedən diskussiya idi. Ən əsası, söhbət mətbəxdə müzakirə olunmurdu, qonaqlar arasında müğənni yox idi. Bir anlıq könlümdən keçdi ki, bu uşaqlara televiziya efiri təklif edəsən, çəkdiklərini daha böyük kütləyə çatdırsınlar, nəinki 200 nəfərə. Əlbəttə, onlar iddia edəcəklər ki, 200.000 izləyicidənsə, min dəfə az, amma daha səmimi tamaşaçım olsun. Lakin bu belə deyil. Hətta səmimiliyə belə öyrətmək lazımdır. Bunu da bir kənara qoysaq, televiziyada bu cür verilişin olmağı inqilab olardı. Bütün streotipləri, yalançı əxlaq kodekslərini, mentaliteti yırtıb atan bir tok-şou! Bəlkə hər hansı bir inandırma ilə bu istedadlı gəncləri, telekanalizasiyaya çıxmağa, oranı bir az da televiziyaya bənzətməyə razı salmaq olar. Ancaq sanmıram ki, hər hansı bir kanal(izasiya) buna razılıq versin; çünki, bu gənclərin əsas hədəfi elə televiziyadır. Onları izləyəcək olanların elə birinci verilişdən onlara nifrət edəcəkləri mənə məlumdur, onlar özündən razı kimi görünürlər. Azad söz, açıq tənqid eşitməyən qulaqlar bu sözlərə düşmən kəsiləcəklər - bu təbiidir. Lakin zaman keçdikcə, öyrənəcəklər, fərqi hiss edəcəklər.
Danışıqlarında senzura olmayan bu gənclər həm də səmimiyyət aşılıya bilərlər, onlara imkan verilsə. Onlar bir neçə bu cür veriliş hazırlaya bilərlər. O verilişlərin qonaqları isə cəmiyyətə az tanış olan, lakin cəmiyyətin tanımalı olduğu şəxslər olardı. Daha qonaq qismində müğənni çağırıb, onunla ictimai məsələ müzakirə etməzdilər - hətta bəzi verilişlərdə müğənni tayfasını ekspert qismində belə görmək olar! Həm də sanmıram ki, "əli mikrofon tutanlar" bu cür verilişə gəlib, "maskalarının cırılıb, əllərinə verilməsini" (ifadə Turxan Qarışqaya aiddir) istəyərlər. Azad söz, azad mətbuat olan yerdə hərə öz işilə məşğul olur və kimsə, "burnu girməyən yerə başını soxmaq" istəsə onun başına... ...oyun açarlar. Azad televiziyanın kölgəsi bu gün internetdə mövcuddur. Kanal13, Obyektiv TV, Fərq TV və digər bilmədiyim intenet kanlları televiziyaya, sözün həqiqi mənasında, dərs keçirlər. Onların yayımladığı verilişlər, əslində telekanalların nəyi və necə göstərməli olduğunu izləyiciyə çatdırır.
AzTV mədəniyyət kanalı da açır... Artıq muğamı 24 saat eşitməliyik, daha bərk yatmaq üçün. Sizin bütün kanallarınızın müsbət cəhətlərini bir yerə toplasaq, heç yarım kanal da açmağa yetməz! Bizi qoyun yerinə qoyduğunuzu düşünə bilərsiz, ancaq qoyunlara layiq proqramlarınızla özünüzün şüur səviyyəsini nümayiş etdirirsiz.
P.S. Adam kişi olar!

Berlin, Xirosima, Bakı və vaqon

Yenə də namizədlər... tükənməz mənbədirdir onlar! Nə qədər yazsam, yenə də onların avanqard (mənasını bilmirəm, amma yaxşı sözə oxşayır) fikirlərindən yazmağa doymuram. ÜmumYAP iddiası var, hər debatda, hər kənddə, hər şəhərdə səslənir, "11 ayda nə etdiniz?". 11 ayda olunan işlər haqda kitablar yazılıb, istəyən açsın, oxusun. Amma bu iddianın başqa bir versiyası ilə rastlaşdım, təbii ki, nazmizədlərdən birinin nitqində. Fikir təxminən belə idi ki, AXC-Müsavat tandeminin Azərbaycana vurduğu yaralar hələ indi-indi sağalır. Yəni hələ sağalma prosesi bitməyib. 1945-ci ildə Berlini... "Vətən Çağırır" (Call of Duty oyununu bu cür tərcümə elədim) oyununu oynayanlar təsəvvür edə bilər. Almaniyanın qalxmasına 10-15 il bəs elədi. Başqa bir şəhər - Xirosima. Bu şəhərin başına gələni bilməyən yoxdu. Amma təsəvvür edin ki, Xirosima, həmçinin Naqasaki şəhərlərinin bu gün güclü sənayesi var. Yaponlar bu iki şəhəri yenidə ayağa qaldırıblar, özü də qəbirdən! Bu şəhərlərdən nə üçün bəhs etdiyimi indi yazıram: AXC-Müsavatın ücbatından əgər Bakıda vətəndaş müharibəsi belə olsaydı, şəhər infrastrukturuna böyük ziyan dəysəydi belə, sonrakı 17 il ərzində bu ziyanlar tamamilə aradan qaldırılmalı və şəhərdə ümumi rifah hökm sürməliydi. Baxmayaraq ki, 11 ayda Bakıda heç bir qarşıdurma və dağıntı olmamışdı. Amma hələ "vurulmuş ziyanın" sağalması bitməyib! Bakının örnəyini ümumiləşdirib, bütün ölkəyə aid etmək olar. Zahid Oruc deyir ki, onun namizədliyini verdiyi rayon  AXC-Müsavat dövründə bərbad vəziyyətdə idi, adamlar vaqonlarda yaşayırdı və ona elə gəlirmiş ki, Azərbaycan harasa köçməyə hazırlaşır. Yoldaş Oruc, mənim o vaxt 4-5 yaşım vardı, amma ölkənin qanlı müharibənin içində olduğunu bilirdim, sən bunu bilmirdin? Nə? Qaçqınları 5 ulduzlu oteldə yerləşdirməli idilər?! SSRİ dağılıb, hərə bir tərəfdən ölkəni didir, sən hələ şükr elə ki, o adamlar sağ qalıb. Köçməyə hazırlaşansa  Azərbaycan deyildi, həmin adamlar idi, ona görə vaqonda yerləşdirilmişdilər. Onlar öz evlərinə qayıtmağa hazırlaşırdılar. Sənin dəstəklədiklərin (yüngül desəm) isə onları daimi evlə təmin etdi... anlayırsan?
Özlüyündə qaçqına ev tikmək yaxşı əməldi, hətta vacibdir. Amma olmazdı ki, bu evi ona tərk etdiyi ərazidə tikəydilər?! 
Azərbaycanda nüvə silahı tətbiq olunsaydı belə, 17 ildə onun nəticələri sağalardı... Bunu sağaltmaq istəyi və bacarığı yetərdi.

Cismin şad olsun!

Gündəmi deputatlığa namizədlərin lətifələri fəth edərkən mənim ayrı mövzudan yazmağım düzgün olmazdı. Yumoristliyə iddialı olan uğursuz aktyorların dediyi "yalnızca güldürmək olmaz, güldürərkən düşündürmək lazımdır" kimi əslində mənasız (və Cem Yılmazın təbirinicə, texniki cəhətdən imkansız) bir fikir öz təsdiqini namizədlərin çıxışında tapdı. Tarixdə belə şey bəlkə də heç olmayıb. Bu ona bənzəyir ki, incəsənətə aid hər hansı bir fikir bir qəssabın sayəsəində təsdiqini tapsın. Mən bu çıxışlara sırf əyləncə xatirinə baxıram, hətta ən yaxşı güldürən namizədə səs verəcəyimi də deyirəm (maraqlı səslənir). Ancaq veriliş birdikdən sonra başım açılır... Tanrım, bu insanlar deputat olmaq istəyir! Aralarında siyasi uğur olaraq, Gəncə əhalisinin 100.000 nəfər artığını göstərən adamlar da var! Bir neçə gün əvvəl namizədlərdən biri "Nizaminin ruhunu şad edən siyasət"dən danışmışdı. Feysbukda bu söhbətin müzakirəsi oldu. Əslində  nə müzakirə? Belə şeyin nəyini müzakirə edəsən? Sadəcə videoya baxıb, lağa qoyurduq. Amma sən gəl, işə bax ki, bu gün də başqa bir namizəd yenə eyni mənada ifadə işlətdi. Nizaminin ruhu şaddır... Min il bundan əvvəl yaşamış adamın nə istədiyinin önəmi yoxdur! Bu gün, diri qarşında dayanan insanın problemini həll etmək lazımdır. Onun ruhunu sevindirməyə nə var? Əsərləri hər dildə var, heykəlləri də həm biz də, həm də İranda var. Bu gün ədəbiyyatdan xəbəri olmayan kəslər belə Nizaminin adını bilirlər.  Şairə bundan artıq nə lazımdır?! Sıravi gəncəlinin bu qədərini arzulamağa belə gücü çatmaz. Onun yüz dərdi var. Bu dərdin 99-u, təkcə Gəncəyə deyil, bütün Azərbaycan Respublikasına aiddir. Bir çox problemlərin kökündə sistem və sistemdəki köhnə kommunistlər durur. Əvvəl də yazmışam, dünyadan köçmüş bir insanın dərdinə əlac etməyə nə var? Dərd dirinin dərdidir.
P.S. Yəqin ki, dövlətin simvolu olan pul əskinasının üzərindən Nizami Gəncəvinin şəklinin götürülməsi də şairin ruhuna olan ehtiramdan irəli gəlir.

Saturday 23 October 2010

Bir azca da döz...

Niyəsə, mövzulara giriş qabiliyyətim yoxdu... Bu üzdən bəzən demək istədiyimin sözlərin də beynimdə qaldığı olub... İnsan hardan başlayacağını bilmir. İngilislər kimi yarım saat havadan danışmağı da bacarmıram. Bu dəfə giriş yazmaq istədiyim mövzu cəmiyyətin passivliyidir. Neçə gündür fransızlara həsəd aparıram; Nikola Sarkozini anadan olmağına peşman edirlər. Bu fransızlar sanki Bastiliyadan bu günə kimi inqilab edirlər. Haradandır bu qədər enerji?! Bilmirəm, onu bilirəm ki, Fransa son 200 ildə çox şeyə nail oldu. Biz isə 90 il əvvəl fransızlardan öndə idik - təbii ki, müvafiq dövrün Fransasını nəzərdə tuturam. Bu günsə, çox geridəyik, 1918-dəki vəziyyətdən də geridə. Sanki Şərqin ilk demokratik respublikasını yaradan, ABŞ və başqa dövlətlərdən öncə qadınların da seçki hüququnu tanıyan biz deyildik. Mən Sovet ordusuna qarşı 40.000 şəhid verdiyimizi biləndə dəhşətə gəldim! Axı necə olur, belə bir millət indi səbrlə hər şeyə dözür? İnsanlar hər şeydən narazıdırlar. Soruşsan, daxili siyasəti bir politoloqdan daha gözəl tənqid edən sadə insanlar var. Hamı hər şeyi bilir! Heç bir yalana, qarayaxmaya, nağıla baxmayaraq, sadə xalq əslində yaşadıqları həyatın, iqtisadi vəziyyətin pis olduğunu bilir. Ancaq dözür! Niyə dözür?! Çünki öz canından deyil, ailəsinə görə qorxanlar var. Mən ölsəm, onlara kim baxacaq?! Gənclərsə məktəbdən atılmaqdan, universitetdən çıxarılmaqdan, bu da olmayanda, valideynlərinə təzyiq ola biləcəyindən çəkinirlər. Bu hislərin bəzisini mən də keçirmişəm. Buna baxmayaraq, tələbəlik illərimdə universitetdə müəllimlərin bəzən (doğrudan da belə şeylər ADU-da az olurdu) TV-dəki nağıllardan tələbələrə danışmasına imkan vermirdim. Bəzi manqurt tələbələrlə mübahisəyə girəndə kiminsə məni dekana "satacağını" düşünmürdüm.  Amma universitetdən kənarlaşdırılmaqdan çox qorxurdum. Bitirəndən sonra, itirəcəyim heç nə yoxdu. Məni itirəcək ailə var, mənim itirəcəyimsə yoxdu. Heç vaxt narahat olmamışam ki, atamı işdən çıxardarlar. O, əqidəli (bu necə olur, bilmirəm) YAP-çıdır - 1995-ci ildən. O, doğrudan da Heydər Əliyevə inanır(dı). Ona görə mən heç vaxt narahat olmamışam ki, bir partiya, səbəb nə olursa olsun, özünə bu qədər inanan bir üzvünə təzyiq etsin. Amma həmin adamın aldığı maaşa baxaq. Ya da baxamayaq, bu ciddi yazıdır, rəqəmlərsə çox gülməlidir. Bu ölkədə mütləq çoxluğun aylıq gəliri elə bir həddə saxlanılıb ki, o, bütün ayı çalışmalıdır ki, aylıq xərclərini qapada bilsin. Artıq pul qalmır, qalsa da, fors major hallar (məsələn, toy) üçün saxlanılıb. Məntiq budur ki, bütün günü çalışan birisinin beynində "boş-boş fikirlər"ə yer qalmır - bizim vəziyyətimizdə bu boş-boş fikirlər siyasi fikirlərdir. Beləliklə, orta statistik azərbaycanlı 7/24 rejimində işləyir, ailəsinin növbəti aya qədər sağ çıxardır... və buna şükr edir! Əgər işdi, bu ailəyə bədbəxtçilik üz versə, məsələn, ailədən biri xəstələnsə, onda batdılar. Bu ölkədə polisə düşmək daha yaxşıdır, nəinki həkimə! Əgər birinci pulunu alırsa, ikinci həm pulunu həm də canını alır! Artıq canlarının getmək üzrə olduğunu görənlər isə barıt çəlləyi kimi partlayır. Müxtəlif cinayətlərə əl atırlar. Ölkənin kriminogen durumu göz önündədi. Əslində insanlar vaxtında etiraz etməkdən çəkinməsəylər, daha az itki verərlər. Bu gün mənim ailəm birtəhər dolanırsa, bu sabah üçün qarantiya deyil. Mən hətta dünəndən etiraz etməli idim - necə ki, fransız gənclər pensiya yaşının 2 il qaldırılmasına etiraz edirlər. Biz də küçələrə axışıb, haqqımızı tələb edəcəyik. Bu, gec-tez olacaq. Ancaq bunu indi eləsək, qarşıdurma olmaz, saha sivil bir şəkildə məsələ həll ola bilər. Məxməri inqilablarda, yaxud avtoritarızmin tədricən aradan qalxdığı ölkələrdə keçmiş hökümət adamlarının linç edilməsinə yol verilmir. Onlar ya qanun qarşısında, ədalətlə mühakimə olunurlar, ya da onları sadəcə "Allahından görsün" deyib sərbəst buraxırlar - onlar bir daha ziyan verə bilməzlər. Ancaq sabah soisal-siyasi ədalətsizlikdən xirtdəyə yığılmış, itirməyə yalnız canları qalna adamlar qarşısına çıxanın ağına-bozuna baxmayacaq. Xüsusən də hökümətə qarşı amansız olacaq.
Ona görə, mən hər dəfə ölkədə iqtisadi vəziyyətin pisləşdiyini görəndə mazoxistcəsinə sevinirəm. 

Ruhani siyasət

Həyat adamı dəli edər. Kim eləməsə də, həyat edər. Üstəlik, dəli olmaqla da sakitçiliyə qovuşsam dərd yarı olardı. Mən dəli olsam ya özümü doğrayacam, ya da nə isə daha ağlagəlməz bir şey edəcəm.  Deputatlığa namizədlərdən birinin "Gəncədə Nizaminin ruhu dolaşır" deməsi gecə saat 1-də evdə tək-tənha oturub, bu yazını klaviaturaya alan birisinə necə təsir eyməlidir? Birdən Bakıda da, məsələn, Stepan Razinin ruhu gəzir, onda? Onsuz da ruhlardan qorxuram, bu da bir tərəfdən. Gəncəyə getməyəcəm bir də, bu öz yerində. Amma Bakıdakı ruhlar da mənə bəs edər ki, qorxumdan radionu, televizoru açıq qoyaraq yatım. Televizordan da Stiven Spilberqin növbəti şah əsərlərindən biri nümayiş olunsa, sadəcə, ürəyim dayanacaq. Potensial deputat onu da qeyd etməyi unutmadı ki, Nizaminin ruhu YAP siyasətindən çox razıdır! Əcəba, YAP nə zaman cismə sahib ruhları məmnun etdi ki, indi də cismindən azad ruhlara keçdi? Yoxsa, əsil mahiyyət budur ki, YAP siyasətindən razı olmaq üçün ölmək lazımdır? Mümkündür... Mümkündür ki, bu siyasət cismani deyil ruhani həzz verir... Belə olduqda bir çox məsələlərə aydınlıq gəlir. Keçənlərdə, "Növbətçi" adlı yazımda qeyd etmişdim ki, ölkədə intiharların sayı artıb. Cahilliyimin ucbatından bunu mənfi hal kimi göstərmişdim. Əslində isə bəzi kimsələr ölkədəki mənəvi yüksəlişdən vəcdə gəlib, aparılan siyasətdən maksimum dozada həzz almaq üçün, əcəli gözləmədən, özləri Əzrayıl həzrətlərinə elçi düşüblər. Mənsə bunları çıxılmaz iqtisadi vəziyyətlə əlaqələndirmişdim, hətta nankorluq edərək, ölkəmizdəki sabitliyə pis gözlə baxmışdım! İndi utandığımdan yerə girmək istəyirəm, amma gərək ən az 6 mərtəbə dərinə enim...
Amma yenə də mənim problemim başqadı. Axı mən nə qədər istəsəm də, bu rahatlığı duya bilmirəm. Ola bilər ki, fani həyata çox bağlıyam: Büdcədən min adla qopardılan milyon manatlar mənə böyük pul görsənir. "Allah Kərimdir" dəməkdənsə, düşünürəm ki, bir neçə ilə neft hasilatı azalsa, nə edəcəyik. Nə bilim, insanların bir-birinə verdiyi şirinliyə, göstərdiyi hörmətə rüşvət gözüylə baxıram. "Prezident yaxşıdır, ətrafı pisdir" kimi ayələrə şəkk gətirirəm. Dövlət büdcəsinin və neft büdcəsinin oliqarxiyaya məxsus kisə olmadığını belə ağlımdan keçirtdiyim olur. Günahlarım danışılmaqla bitməz. Bəlkə, neftlə qüsl alsam, bir qismi pozular, amma nefti mən hardan tapım?! İndi belə bir günahkar bəndənin qarşısına Nizaminin yaxud başqa birinin ruhu çıxsa, o neyləməlidir? Yalan da danışa bilməyəcəm. Cəhd eləsəm, buna bənzər cümlə alınacaq: "Müasir standartlara tələb verən xəstəxanalara qələm qoyulub." (Müəllif hüquqları Şəkidən deputatlığa namizədə aiddir) Fani dünyaya bağlılıq bu qədər inkişafı görməyimə mane olur. Buna görə istəmirəm ki, qarşımda ruh peyda olsun. Düşündükcə tüklərim biz-biz durur. Yox, qaçmaqla olmaz! Ən yaxşısı, bütün günü AzTV və Liderə baxım, bəlkə onda ilahi həqiqətlərdən bir damcı pay ala bildim. Bəlkə onda destruktiv müxalifətçiliyi buraxıb prezidentin ətrafında sıx birləşməyə getdim. Yalnız bu halda şəfaətə layiq olacam - doğrudur, bir az boynum ağrıyacaq, amma əvəzində həyatımı qarantiyaya alacam. Və axirətdə də hakimiyyət YAP-da olduğu üçün (əks təqdirdə, onlar ruhları necə şad edərdilər?!), Cənnətdə də ən az bir villam olacaq.
Rəhman və rəhim prezidentimizin adıyla!

Friday 22 October 2010

Sehrsiz, normal AYNA

Son vaxtlar fikir verirəm, televiziya cəmiyyətimizin aynası olmağa başlayıb. Elə buna görə, "telekanalizasiya" terminini işlətməyəcəm - bu yazıda. Cəmiyyətin əyri cəhətlərini heç vaxt bu qədər kompleks şəkildə görməmişdim. Bütün kanallar musiqi qrupunun üzvləri kimi bir-birilə sinxron işləyirlər. Öndə isə İTV və ANS gedir. Daha sonra ATV və Xəzəri də əlavə etmək mümkündür. Yerdə qalanlarsa, elə yerdə qalıblar...
İndi daha ətraflı. İki verilişin müqayisəsinə baxaq: "Toy Olsun" vs."Xalq Seçir". Məlumat üçün deyim ki, "Xalq Seçir" deputatlığa namizədlərin danışdığı verilişdir. Müqayisə predmeti isə iştirakçıların danışıq, nitq qabiliyyətidir. Mənim deputat olmaq istəyənimə bax ki, toy verilişində, məqsədi yalnız evlənmək olan sadə adamlar qədər danışıq qabiliyyətləri yoxdur. Hər dəyirmi masada ən az bir nəfər tapılır ki, nitqi quruyur... ya Qarabağı arendaya çıxarır, yaxud intonasiyadan məhrum nitqlə danışır. Bunlar deputat deyil, düzdü, amma bunlara minimum 450 imza veriblər axı.. deməli bunların müəyyən bir çəkisi var. Üstəlik, bir çoxu üzündən oxuya bilmir! Bəs Toy Olsunda? Baxırsan... baxırsan... yalan demə... Orda nəinki nitqində çaşan, hətta olmayan səsilə canlı mahnı oxuyan da tapılır. Həm də bir çox şeylərin ssenari ilə getmədiyini nəzərə alsaq, sanki profi yığıncağıdır. Eyni kanalın Elgizli axşamları, ümumiyyətlə, qırğındı. Bu qədər emosional verilişdə iştirakçılar sözlərini, fikirlərini aydın çatdıra bilirlər. Bu günə qədər Turan İbrahimlinin apardığı "Günəbaxan" isə klassika idi! Əsl özfəaliyyət! O verilişdə, Turanın mədhiyyələri daxil, danışıqda qüsur edən birinə rast gəlmədim. Bir əmma vardı... Turan üzündən oxumağı bacarmırdı... Bir çox şeylərə savadsızlıq, məlumatsızlıq öz möhürünü vururdu. Üstəlik, bunun qarşılığında Turan deyəndə ki, "mən jurnalistika fakültəsini bitirmişəm", yəni professional jurnalistəm, voobşe dəli olurdum! Amma nə deyəsən, o da jurnalistika fakültəsinin aynasıdır. "Sən tək deyilsən" və başqa bu tipli verilişlərdə də necə gözəl nitqə sahib olduğunu sübut edən xalqın deputatlığa namizədləri niyə o gündə danışırlar axı?! Bəlkə onlar xalqdan biri deyillər, ona görə? Ola bilər, amma aralarında çiçəyi burnunda olanları var ki, hələ nəinki xalqdan, gecə öz blokundan aralanmağa cürəti çatmaz - onlar ən qüsurlu nitqə sahibdirlər. Problem başqa şeydi... Bəlkə də yalan danışdıqları üçün... İnandırıcı görsənir, çünki onların işlətdikləri kəlimələrə (cümlə formalaşdıra bilmirlər) əsaslanaraq məddahlığa cəhd etdikləri görünür. Onların beşinin deyə bildikləri yalanlar da bir müxalifətçinin sözüylə darmadağın olur. Bu, aynanın göstərdiyinin bir qismidir.
Başqa bir veriliş. Yeni Ulduz. Bu verilişə baxıram - bəyənirəm də, simpatiyamı gizlətməyəcəm. Amma o veriliş bayağı musiqi aşiqlərinin necə çox olduğunu göstərir. Hələ bir çox "aşiq"lər, Yeni Ulduzun formatını bildiklərindən, heç yarışmaya gəlmirlər; Gələnlərə münasibət göz önündədi. Deqredasiyaya uğramış gənclik budur! Üzeyirlə başlayan Azərbaycan musiqisi elə Üzeyirlə də tarixin arxivinə getməkdədir. Mənim telefonumda Azərbaycan mahnısı yoxdu! Əvvəl vardı, amma eyni mahnıya nə qədər qulaq asım?! Mənim Üzeyirlə problemim yoxdu, oxusun, özü bilər. Amma niyə ona qulaq asırlar? O insanların hansı hislərinə toxunur? Niyə mən eyni eşq ilə onu dinləyib, feyziyab ola bilmirəm?! Axı bu həm də faktdır ki, çoxluq o cür bayağı mahnıları sevir! "Bəlkə mən səhv edirəm?" deyib qarşı tərəfin haqlı olduğunu düşündüyüm də olub. Xüsusən də, atamın mənə çox tez-tez verdiyi sual bu halların çox olmasını təmin edirdi. Sual çox məşhurdur: "Bir kənddə 9 dəli var, 1 ağıllı. Kim dəlidir, kim ağıllı?" Atam bir növ "hamı səhv edirsə, hamı haqlıdır" fikrindən çıxış edirdi. Bir gün cavabını tapdım - çox hirslənmişdim, hirslənəndə başım yaxşı işləyir, cavab sualın içindədi: həmin kənddə "doqquz dəli var, bir ağıllı"! Obyektiv reallıq nisbətdən asılı deyil. Ona görə qərara gəldim ki, gənclərin musiqi zövqündə problem var, bunu da Yeni Ulduzun aynası göstərdi.
TV-nin göstərdiyi başqa bir eybəcərlik isə mentalitet deyibən şivən qaldıranların "fuflo sööbət" elədikləridir. Biz mədəni, böyük, əxlaqlı xalq deyilik, bəlkə də belə idik, ancaq indi belə deyilik. "Amerikada oğul atanı məhkəməyə verir" - bizim millətin Amerika haqdakı stereotip halını almış fikirlərindən biri.  Yaxşı, onlar biqeyrətdilər, bəs anasını evindən qovan, evindəki çaydanı qardaşı ilə bölə bilməyənlər kimdirlər?... Amerikada yenə məhkəməyə verirlər... bizdəsə saçyolduya çıxırlar! Bu mövzu uzundu, ayrıca diqqətə layiqdir.
Bu son həftədə kanallardan bu üç həqiqəti eyni zamanda gördüm. Xüsusən, müxalif fikirlərin televizordan yayımlanması ekranın rəngini bir xeyli açdı. İnsanı azad televiziya haqda xoş xəyallara dalmağa vadar etdi. O da olacaq, nə vaxtsa o da olacaq. Əks halda, heç biz də olmayacayıq.

Thursday 21 October 2010

Əsəbi Yazı


Hirslənmək insanın ən təbii haqqıdır. Bu təbii haqqımız nəzarətdən çıxanda çox şey ola bilər. Hirs birinci özümüzə ziyandı. Deyirlər, adamın ömrünü qısaldır, necə ölçürlərsə... Hirsini ya başqasından, ya da özündən çıxartmalısan; Ürəyə salacaqsansa, heç əsəbləri korlamağa dəyməz. Mən variantları bu qədər bilirdim... amma hirsindən televizora baxan adam görmüsüz?! Vəziyyəti öz üzərimdə təsvir edim: Mənim "Yağ kimi" verilişindən zəndeyi-zəhləm gedir, ordakı düşüklükləri görmək məni əsəbiləşdirir və mən hirsimdən həmin verilişə baxıram. Təsəvvür elədiz? Yox? Elə mən də. Amma situasiya bu cürdür. Çox vaxt deyirlər ki, "bəyənmirsən, kanalı dəyiş!" Hansı kanala çevirim axı? Hansı kanalımız normaldı? "Hamının evində peyk anten var, xarici kanallara baxır." De gələ, hamının evində var! Mənim evimdə yoxdu - gətirib quraşdır, deyim oğulsan. Mənim kimi bir çoxunun da evində yoxdu - ölkədəki yoxsulluğun səviyyəsini qeyd etməyə ehtiyac varmı? Dediyim, bizim variantımız yoxdu, yerli kanala baxmalıyıq. Mən televizoru günlərlə sönülü saxlamağı öyrəndim. Boykot etmişdim, baxmırdım. Ətrafdakılara da deyəndə ki, səviyyəsiz verilişlərə baxmasınlar, deyir "hirsimdən baxıram". Baxma, hirslənmə! Söndürün, "qoy o TV-ni söndürüm" oxuya-oxuya getdiyiniz hər yerdə televizoru söndürün. Əks halda, bu qutu sizə nə isə əcaib bir şey göstərəcək - bu 100% olacaq, nəticədə siz də hirsinizdən oturub sona qədər baxacaqsız. Peyk anteniniz yoxdusa, televizoru yalnızca DVD, video kimi şeylər üçün işlədin. O da yoxdusa, əvvəlcə sındırın, sonra tullayın zibilliyə. Qətiyyən satmayın! Kiminsə mənəviyyatının pozulmasında böyük pay sahibi olacaqsız.
Heç kim baxmasın yerli kanallara, bəlkə onda reklamları azalar, bəlkə onda ağıllanarlar. Ağıllanıb səviyyəli verilişlər hazırlayarlar. Daha durub o qutudan mənə qayıtmazlar ki, "siz bilirsiz, o verilişlər necə əziyyətlə başa gəlir?!" Bəs siz bilirsiz, sizin o verilişlər mənə necə əziyyət verir?! Sizin əziyyətlə veriliş ortaya çıxarmanız, həmin verilişin səviyyəsizliyinə bəraət vermir!
Mən TV-ni ancaq kompyuter oynamaq üçün istifadə edirəm, yoxsa ekranın ortasından bir dənə kəllə qoyub aparardım yandırmağa.
P.S. Sizə xudsovet yox e, inkvizisiya lazımdı. Camaatın əsəbini pozmağa utanmırsız?...



Biz necəyik?

Bir çoxlarından "biz beləyik", "ölməli millətik" və bu tip ifadələr eşitmişəm - az olmayıb. Ən pisi də odu ki, əllərində qəşəng əsaslar olur. Doğrudur, bu əsaslar avtogenosid (belə sözün varlığından xəbərim yoxdu, uydurdum) eləməyə yetərli deyil, amma fərdi utanc üçün yetərlidir. Məsələn, biz yaltaqlığı sevirik. Kimimiz aşağı, kimimiz yuxarı, bəzilərimizsə ifrat dozada. Bu faktı öz üzərimdə təcrübə etdikdən sonra "üzə çıxardım". Aramızda bəziləri də var ki, onlar yaltaqlanmağın təhərini də bilmirlər. Heç yadımdan çıxmaz, bir dəfə İlhamə Qasımova (əsasən, müğənnidir) səhnədə  "İlham Heydər oğlu" deməklə ikisinə birdən simpatiyasını bildirəcəkdi (yaltaqlanacaqdı). Ancaq "ilahi məzələnmə" (© Anar) burda da özünü göstərdi. Çaşdırıb "İlham Əlirza oğlu" dedi. Daha doğrusu, bir neçə çaşma seriyasından sonra bu birləşməni deyə bildi. Bununla bitsəydi, "olan şeydi" deyib unudardım, amma oxuduğu mahnının sözləri də yadından çıxdı! Yarımçıq kəsdi. Bilmirəm, o bu hadisədən dərs çıxardı, ya yox, amma mən çıxardım. Yaltaqları Tanrı da sevmir - bunun səbəbləri başqa mövzudu. 
İnsanımızın xoş söz söyləyib ürəyində rahatlıq tapması yaxşı xüsusiyyətdir, ancaq əndazəni aşanda kənardan çox gülünc və iyrənc görünür. Əvvəllər düşünürdüm ki, qibtə elədiyim insanlarla danışmaq imkanım olsaydı onlara nə deyərdim; hər dəfə yaltaqcasına düşünürdüm... yarım saat sonra bundan utanırdım. Dediyim xoş sözlərlə başqasını yüksəldərkən, özümü alçaldıramsa, bu artıq yaltaqlıqdır. Elə bu yerdə bir paradoksla üzləşdim; insan özünü alçaltmaq istəməz, bəs niyə edirik? Çünki, yaltaqlıq edərkən, bizə elə gəlir ki, biz böyüyürük. Yəni biz öz təvazökarlığımızı göstəririk və bu bizi böyüdür. Bundan başqa, bir yazıçıya "siz çox gözəl əsərlər yazırsız" deyən adam, mümkündür ki, şüuraltındakı bu fikirlərdən birini ifadə edir: "Mən sizin əsərlərinizi oxuyuram, görün, nə qədər ədəbiyyata qiymət verən adamam!"; "Mənim bu işlərdən başım çıxır və mən (bir münsif kimi) sizə qiymət verirəm". Əlbəttə, mümkündür ki, həmin adam elə "siz çox istedadlısız" fikrini ifadə edir, amma mən inanmıram buna. Özümdən bilirəm - elə buna görə də kimisə tərifləmirəm, səmimiyyətimi itirməyim deyə. Məhz səmimiyyəti! Səmimi olmamaq bizim başqa bir utancverici xasiyyətimizdir. Bizim yaltaq-yalaq xasiyyətlərimizin arxasında da səmimiyyətsizlik durur! Biz heç kimə heç nəyi olduğu kimi demirik. Ya böyüdürük, ya kiçildirik. Bizim üçün şəxsin etdiyi işin qiyməti həmin şəxsin bizə olan, yaxud bizim ona olan (bəzənsə, hər ikisindən) münasibətimizdən asılıdır. 
Əslində səmimi olmayan təkcə biz deyilik, ingilislər bizdən bətərdilər. Bizdə olan mənfi xasiyyətlər başqa millətlərdə də var, az ya çox, amma var. Ancaq məni başqa milətlərinmənfi cəhətləri maraqlandırmır, "cümlə cahan batsa da, batsın!" Ona görə də "ölməli millətik" sözünü qəbul etmirəm. İslaha ehtiyacımız var - ciddi islahata. Bizim mənəvi problemlərimizin arxasında çox səbəblər var. Amma birinci səbəb yaşadığımız sistemdir. Biz insanıq - canlıların arasında adaptasiya olmağı ən yaxşı bacaranı. Bizim üçün sistemə uyğunlaşmaq, onu dəyişməkdən daha asandırsa, biz asanı seçirik. Bəzi kimsələrə quruluşu dəyişmək, ən azından buna cəhd etmək, ona uyğunlaşmaqdan (oxu: şərəfini itirməkdən) daha asandır. Hər bir cəmiyyəti, milləti önə çəkən məhz belə insanlardır. Onlar dəyişib, yeni quruluş gətirirlər. Əgər bu yeni dünyada korrupsiyaya, yalançılığa, şərəfsizliyə yer yoxdusa, qalan, adaptasiyanı daha yaxşı bacaran insanlar yeni dünyada layiqli vətəndaş olacaqlar. Artıq qonşu xalqlar onlara həsədlə baxacaq. Sanacaqlar ki, onların qanında nəsə bir alilik var. Necə ki, dünyada almanları qanuna tabe millət kimi tanıyırlar.
Cəmiyyətin məhz lokomotiv hissəsi olmaq üçün, zənnimcə, özümüzdə mənəvi reform aparmaq lazımdır. Səmimi olmaq, qaba da olsa, həqiqəti demək. Görülən iş haqda fikir deyərkən, şəxsi münasibəti kənara qoymaq. Bunları bacaranda, yaltaqlıq da aradan qalxacaq. Belə cəmiyyətisə mənəvi əsarətdə saxlamaq mümkün deyil.
Azadlıqda görüşənədək!

Wednesday 20 October 2010

Gələcək üçün Ölmək

Vaxtilə müəllimim mənə deyəndə ki, "biz ölməsək, siz xöşbəxt olmayacaqsız" çox təəccüblənmişdim. Xalq Hərəkatının aktiv iştirakçısı, hətta bu cür məsələlərə görə, "içəri"yə də düşən filologiya elmləri namizədi Yaşar Məmmədli mənə deyirdi ki, gərək o ölsün ki, mən xöşbəxt olum! Mən onu 6 ildir ki, tanıyıram. Müəllimim saydığım tək-tük adamlardan biridir. İlk dəfə türk olduğumu, "azəri"siz filansız, İran, İraq, Krım və Türkiyədəki türklərlə bir etnosdan olduğumu o mənə sübut etdi. On bir aylıq demokratik rejimin siyasətini məhz ondan öyrəndim - mübaliğəsiz həqiqətləri. Nə etməli, necə etməli suallarına cavab tapmağa məhz o yardım etdi. Yardım etdi, cavabı demədi! Cavabı deməmək onun fərqli bir xüsusiyyətidir. Cavabını bilmədiyim bir sualı verər və məndən düşünməyimi tələb edərdi. Çünki bilsəm, dərhal, düşünmədən söyləyərəm. Bilmədikdə isə, fikirləşməyə məcburam. Beləcə o mənə düşünməyi öyrətdi. Bundan sonra cavabları tapmaq çox daha asan oldu. O mənə balıq vermədi, heç tilov da vermədi. Tilov düzəltməyi və balıq tutmağı öyrətdi. Azərbaycan dili (əslində "türk dili") fənninə nifrət edirdim. Sayəsində linqvistika mənim üçün bir əyləncəyə çevrildi.
Və belə bir adam ölməlidir ki, mən xöşbəxt olum. O, atamla yaşıddır. Yəni atam da onunla bir ölməlidir. Həmçinin anam - onun da təvəllüdü eyni ilə təsadüf edir. Xöşbəxt olmağımçün yetim qalmağım lazımdır! Müəllim və valideynindən məhrum olan biri xöşbəxt ola bilər? "Biz, Soveti görmüş adamlar həmişə sizə mane olacağıq" - düz deyirdi. Məni təəccübləndirən o idi ki, bu sözləri deyən adam Sovetə qarşı çıxanlardan idi. Amma həqiqət bu idi ki, dövrün və mühitin təsiri onun da şüurunda iz buraxmışdı - çox xəfif olsa belə. Atalarımız, analarımız pionerlər, komsomollar olublar. Ən azından oktyabryat olublar! Olmayanlar isə olanların əhatəsində olublar. Mən... mənsə, 1988-də doğulmuşam. Deyirlər, ətrafda baş verənlər bətndəki embriona təsir edir. Bilmirəm, amma bəlkə bu üzdən hər şeyi dəyişmək istəyi var içimdə.
Biz müəllim və valideyndən məhrum olanda isə biz gənc olmayacayıq. Ona görə özümüzə yetim deyib sızlamayacayıq da. Düzdü, ayağımız daşa ilişəndə "ay ana" deyib yıxılacayıq və bir anlıq uşaqlığımız yadımıza düşəcək, ancaq bu bir saniyədən çox sürməyəcək. Bizim qarşımızda gənclər olacaq. Öz etmədiklərimizi onların etməsini istəyəcəyik. Onlarınsa, başqa yolları, hətta başqa məqsədləri olacaq. Bizə bu qəbuledilməz görünsə belə. Onlar üçün buxova çevriləcəyik, çünki biz də diktaturanı görmüş bir nəsilik! Biz universiteti rüşvətlə oxuyub, rüşvətlə bitirən bir nəsilik! Biz qoyuncasına "ümumi daxili məhsul", "regionun lideri", "ümummilli lider", "sürətli inkişaf" kimi nağıllara inanan nəsilik! Bəzilərimiz bunlara inanmır, amma inanların əhatəsindəyik! Üzeyiri dinləmirik, amma dinləyən çoxluq bizi dövrəyə alıb. Bütün bu təsirlər bizdə iz qoymaqdadır. Bir gün məhz bizim ölməmiz lazım olacaq ki, sonrakılar adam balası kimi yaşasınlar. Əgər onlar bu cür yaşasa, özlərini sığorta edəcəklər. Daha onların ölməsi xöşbəxtliyin açarı olmayacaq. Yaponlar kimi 80 yaşında yeni həyata başlaya biləcəklər.
Aramızda ölmək istəməyənlər isə cəmiyyətin xərçəng şişi olacaqlar. 

Başqa mövzu

Başqa mövzudan yazmaq istəyirdim, amma tamam başqa mövzudan yazacam. Yazı yazmazdan əvvəl bir mahnını dinlədim... Mahnını oxuyan HIM qrupunun üzvü idi. Bu rok qrupunu iki ildir ki, tanıyıram. Can-cigərim Zaur məni bunun kimi bir çox qruplarla tanış eləmiş, beləliklə, deyərdim, məni adam eləmişdi. Bu rok qrupu Finlandiyadandır. Finlandiya... oranın nəyi var? Bizim məntiqlə heç nəyi. Orda özbaşınalıqdı, anarxiyadı - yəni, demokratiyadı. Bu Skandinaviya xalqının dili... türk dil qrupuna aiddir. Bəli, çox uzaq bir əlaqəmiz var. Fin-uqor altqrupu. Bu finlər Qış Müharibəsində SSRİ-yə qarşı güclü dirəniş göstəriblər. Mannerhaym xəttini tarix dərsliyindən xatırlayanlar var... yəqin ki...
İndi yer kürısini bir az fırladıram. ABŞ. Cənubi Dakota. Bir qızın çiynində "HIM" yazısı olan tatuirovka görürəm. Başqa birisinin maşında bu qrupun CD-si, o birinin evində DVD-si var. Həmin dəqiqələrdə mən HIM-in amerikan qrupu olduğunu düşünürdüm. ABŞ-da onları ingilisdilli rok qrup kimi qəbul edirlər. Bildiyim qədərilə, bütün mahnıları ingiliscədir. Onların mahnılarında "Cənnət görmək istəyən Finlandiyaya gəlsin" tipli misralara rast gəlmədim. Yaxud "finin şanlı bayrağını Vıborqdan* asacağız" kimi şüarlar da yoxdur. Əvəzində sevgidən oxuyurlar, amma bunu elə edirlər ki, milyonlarla insan da o sözləri onlarla birgə tələffüz edir. Hər cür ruh halında onların musiqisini dinləmək mümkündür. Eyni mahnı səni həm dünyanı məhv edəcək gücə sahib olduğunu zənn etməyə, yaxud da gözlərindən yaş axıtmağa məcbur edə bilər. Mahnı da sən də varsan. Mahnıya sevinc eləvə etdikdə bir, kədər əlavə etdikdəysə, başqa bir mənzərə xəyalında canlanır. Mahnıların sözlərini anlamağa ehtiyac yoxdu, hər dinləyəci özü yazır o sözləri. Fərq etməz, bu dinləyici amerikalıdır, findir, yaxud türkdür.
"Belə rok qrupumuz olsaydı" arzulamaq istəyirdim... amma bir anlığa HIM-in mənə nə qədər doğma olduğunu hiss etdim. Başqasının bilmirəm, amma HIM-i mən öz rok qrupum sayıram.
P.S. İstəyənə HIM-in mahnılarından məsləhət görə bilərəm.
*Vıborq ərazisini SSRİ Qış müharibəsində işğal etdi. Hazırda Rusiya tərkibində muxtar dövlətdir.

Tuesday 19 October 2010

Söz və söyüş

Söz və söyüş əlaqəsi tək-tük mövzulardandır ki, bu haqda konkret və tam formalaşdırdığım bir fikrə sahibəm. Əgər yaxın on ildə bu fikirlərimə har hansı bir düzəliş versəm, bu mənimçün möcüzə olacaq. Bəri başdan deyim ki, bloqumda vulqar sözlərdən istifadə edərkən həmin sözü yarımçıq yazır, yazmadığım hərflərin sayına uyğun ulduz işarəsi (*) qoyuram. Bu dəfə isə bütün sözləri açıq yazacam.
Mən hansı sözü yazıb, hansını yazmayacağımı daha çox anamın yanında danışdığım leksikonla müqayisə edərək qərar verirəm. Sadə dildə desəm, anamın yanında deyə bilməyəcəyim sözü tam yazımıram, ümumiyyətlə, bu cür sözlərdən az istifadə etməyə çalışıram. Məşhur rus jurnalisti (özünə satirik demir) Mixail Zadornov bir monoloqunda özü üçün məhz bu qaydanı əsas tutmuşdu. Açığı, fikrimin onun fikriylə üst-üstə düşməsi məni sevindirir. Tamam başqa məsələ ki, mən anamın yanında necə danışıram... Buna, yadıma düşsə, bir az sonra qayıdaram.
Əvvəlcə söz və söyüş əlaqəsi haqda fikrimi izah edim. İstənilən söyüş sözdür. Yəni, işlətdiyimiz hər bir söyüş həm də sözdür. Amma hansı sözün söyüş olduğunu, hansının olmadığını necə anlamaq olar? Məsələn, eşşək sözü qətiyyən söyüş deyil, həmçinin digər heyvan adları. Amma bunları insana xitabən dedikdə, bu söyüşə çevrilir. O cümlədən, əşya adları, müxtəlif mücərrəd adlar, məsələn, mavi sözü söyüşə çevrilə bilir. Şəxsən mən istənilən əşya adından söyüş kimi istifadə edə bilərəm. Bu məntiqlə bütün sözləri söyüşə çevirmək olar. Bəs sərhədi necə təyin etməli? Axı bir dil başdan-başa vulqar sözlərdən ibarət ola bilməz. Bunu ayırd etməyi ANS mənə öyrətdi, özləri bunu bilmədən - onların yanlış yöndə getməsi məni doğru tərəfə yönəltdi.
ANS-də bu ifadəni tez-tez eşidirik: "nalayiq söyüşlərlə təhqir etdi". Yəni "layiq söyüş" də olur? Bu ifadə belə olmalı idi: nalayiq sözlərlə təhqir etdi. Düstur olaraq yazsaq, söyüş = nalayiq söz, bu qədər! Bu halda bir çox paradoksa aydınlıq gəlir. Əgər qarşındakı deyilənə layiqdirsə, bu söyüş deyil. Bir küçüyə "it balası" demək normaldı. Amma bir insana "it balası" demək onu söyməkdir. Daha kəskin və aydın misal gətirim. "Fahişə" deyə birinə xitab eləmək onu söyməkdir. Lakin həmin adam fahişədirsə, onda? Onda bu qətiyyən söyüş deyil. Çünki, nazirə "nazir" dediyimiz kimi fahişəyə də "fahişə" deməliyik - onun işi budur. Həmin bu işlə məşğul olan birisinin övladına "qəhbə balası" demək də onu söymək demək deyil. Mənə "həkim oğlu" desələr, incimərəm. "Qəhbə balası" o vaxt söyüşdür ki, o nalayiq olsun, yəni adamın anasını tanımadan, ona bu cür sözü demək, onu təhqir eləməkdir - buna görə cəza verilməlidir. Nəticə etibarilə, konkret sözlərin söyüş olaraq işləndiyini göstərən bir siyahı yazmaq mümkün deyil. İşləndiyi situasiya və kontekstdən asılı olaraq, hər bir söz söyüş ola bilər, əgər nalayiqdirsə. Əsas məsələ məqsəddir. Yazılan söz hansı məqsədə xidmət edir.

Dilimizdə bir çox söz izqoy vəziyyətindədir. Biz "göt" sözünü işlədə bilmərik, niyə? Ona görə ki, bəzi əclaflıq edən insanları bu adla çağırırıq. Dolayısıyla, "göt" sözünü endirən biz - insanlarıq! Yoxsa, çox lazımlı bir orqandır. Söz olaraq da, əski türkcədə çox işlənib. Dədə Qorqudun originalını oğusanız, "buğa götünə-götünə" getdi cümləsinə rast gələrsiz. "Buğa dal-dala getdi" anlamında yazılıb - amma daha dəqiq. Bir çox atalar sözlərimizdə buna bənzər ifadələrə rast gələrsiz (Murad Köhnəqalanın kitabında). Ən maraqlısı odur ki, bu cür  deyimlər daha hikmətli olur və vəziyyəti daha gözəl təsvir edir. "Göt" sözü dilimizdən kənarlaşdırıldı; "adam arasında" bu sözdən istifadə etmirik (şəkililər istisnadır), olsun. Yerinə "dal" sözünü gətirdik. Artıq onun da işlənməsi etik sayılmır, əvəzinə "yan", "geri" sözündən istifadə edirik. Yaxşı, bəs 20 ilə "yan", "geri" sözünü də tullaycayıq? Nəzərdə tutulan obyektə münasibət dəyişməyincə, bu proses dayanmayacaq.

Keçən il bir söz öyrəndim: "ekskrement" "-krem-" hissəsinə aldanmayın, bu söz latıncadan tərcümədə pox deməkdir. Yaxşı, daha etik yazım, nəcis deməkdir. Ancaq bu "nəcis" bizim deyil axı, ərəbindi və tərcüməsi yenə də poxdu! Quranda "fahişə", "nəcis" sözlərinə rast gəlmək mümkündür (axtarsam, ondan da betərlərinə rast gələrəm, ancaq axtarmıram, bir kitabı belə məqsədlə oxumazlar). İndi nə? Qurana "vulqar ədəbiyyət" damğası vuraq?
Biz buyuq, bizim psixologiyamız budur! Açıq gözlə baxmaq istəmirik. Mən birini göstərib, "bu qəhbədir" desəm, mənə deyəcəklər ki, "sən tərbiyəsizsən!" Birisi pis bir işi görür, ona söz deyən yoxdu. Mənsə yalnızca o işin adını çəkdiyim üçün tərbiyəsiz sayılıram.
"Fahişə" sözünü fahişəylə bir səviyyəyə endirməyək.Öz sözlərimizə sahib çıxaraq, hər şeyi öz adıyla çağırmaqdan çəkinməyək!
P.S. Sağdakı şəkli intenetdə təsadüfən tapdım. İçindəki yazı çox maraqlıdır. Mətni oxuyun, ya da xahiş edin, başqa birisi oxusu. Ən axırıncı variantda mən də tərcümə edə bilərəm.

Monday 18 October 2010

Məktəbin Fəsadları

Bu gün əlimə təsadüfən "Ana Sözü" kitabı keçdi. Başladım vərəqləməyə görüm, indiki ikincilərə nə öyrədirlər. 14-cü səhifədə müəllifi Rafiq Yusifoğlunun olduğu bir mətn (səh.14) diqqətimi çəkdi. Başlığı çox maraqlı idi: "Koroğlu olmağın sirləri"! Təbrik edirəm, Rafiq bəy müasir uşaqlara kitab oxutmağın unikal üsulunu tapmışdır. Başlıq diş pastasının reklamını xatırladırdı (Ağappaq təbəssümün sirləri). Bəli, əsas başlıqdı. Çünki, bu cür ad hətta məni məcbur elədi ki, mənasız olacağına əvvəlcədən əmin olduğum həmin mətni oxuyum. Zarafatı bir kənara qoyuram. Mətn bütövlükdə kimlərinsə Koroğlu olmaq üçün nə oyundan çıxmalarından bəhs edir. Kimisi, atasını kor qoyur(!), kimi saz öyrənir və s. Mən Koroğlu dastanını 8 yaşımda oxumuşam, amma o yaşımda belə mətndə göstərilən uğursuz "Koroğlu olmaq cəhdləri" mənim ağlıma gəlməzdi. Mətnin sonunda, unikal formul göstərilir: Koroğlunu Koroğlu edən onun vətənə, xalqa sevgisi və şöhrət dalıyca qaçmaması idi. Normal insan onsuz da bu cür düşünür. Axı yalan yazıb uşağın ağlını bulandırmaq, sonra da ona elə əvvəlcədən gün kimi aydın olan bir şeyin izahatını vermək nəyə lazımdır?! Baxın, sizin patriotizminiz bu qədərdi. Özünüzdə olan vətənpərvərlik nədir ki, başqalarına da öyrədirsiz (öyrətməyə cəhd edirsiz)?! İbtidai sinif uşaqlarının dünyagörüşü onlara imkan verir ki, ağı-qaradan belə misallar olmadan da ayıra bilsinlər. Fox kids, Cartoon kimi peyk kanallarına baxan uşaqlar isə hətta daha gözəl misallar gətirə bilərlər - 6 yaşlı qonşum kimi. Niyə bu cür dərsliklərlə gələcəyin savadlı kadrını elə beşiyində boğursuz?... Çünki məlum məsələdir, belə şagirdlər yuxarı siniflərə keçdikcə, digər sahələrdə olduğu kimi, təhsil sistemindəki eybəcərlikləri də görür. Bundan böyük "təhlükə" ola bilər? Bizdə çox yanlış bir deyim var: "Başqa ölkələrdə valideyn uşağının oxuması üçün pul verirsə, bizdə pul verir ki, uşağı oxumasın." Bunu hazırlığa gedən uşaqların valideynlərinə nəzərən deyirlər. Ağ yalan! Bizim valideyn ona görə pul verir ki, məktəb, şagirdin hazırlıq müəllimin ("repetitor" sözündən zəhləm gedir) yanına gedib, məhz məktəbin ona verməli olduğu təhsili almasına maneçilik törətməsin! Yuxarı sinif şagirdləri üçün məktəb elmin buxovudur. A.Eynşteyn deyib ki, təhsil - məktəbi bitirdikdən sonra yadda qalan biliklərdir. Həmin hesabla, məktəb təhsili heç nədir, inanmayan, TQDK-dan soruşsun.
Ana Sözü (2-ci sinif) kitabına bir də qayıdım. Koroğlu haqda mənalı mətndən bir-iki səhifə sonra başqa bir hekayə gəlir. Hekayənin adı "Bəs kişilər hanı?"-dır. Məğzi budur ki, Əmir Teymur bir şəhəri işğal etməzdən öncə şəhər əhlinə yazır ki, Teymur ancaq kişilərlə vuruşacaq, ona görə, bir həftəyə, qadın-qız tayfası ən qiymətli nəyi varsa, götürsün, şəhəri tərk etsin. Bir həftə sonra Əmir Teymur şəhərə daxil olur, amma şəhərdə yalnız qoca kişi və qadınlara rast gəlir. Sual edir ki, "bəs kişilər hanı?" Buna təxminən belə deyirlər ki, qıza qardaşdan, gəlin ərindən qiymətli nə ola bilər ki?! İndi guya dərslik bizə qardaş, ər sevgisi aşılamaq istəyir. Amma fakt odur ki, şəhərin kişiləri arvad tumanın altına girib! Alın, sizə patriotizm! Bu hekayəni də uşaqlıqda oxumuşdum və burda kişilərin qorxaq olduğunu uşaq ağlıyla anlamışdım.
Milləti ucaltmaq üçün ən gözəl vasitə təhsildir. Amma eyni vasitədən şüurlu, yaxud şüursuz şəkildə səhv yöndə istifadə edərək, milləti məhv etmək də mümkündür.
P.S. Şüurlusunuz, ya şüursuz?

Saturday 16 October 2010

Neçəncisən?

Birinci olmaq... Bu hissin nə olduğunu bilmirəm. Nədəsə birinci olduğum yadıma gəlmir. Ola bilər ki, olmuşam. Amma bunu xatırlamıramsa, deməli, əhəmiyyətsiz bir şey olub. Məqsədi birinci olmaq olanlardan xoşum gəlmir. Razılaşmaya bilərsiz: "Şekspir bir gün oğluna deyib ki, mən allah olmaq istəyirdim" nə bilim nə oldum... Mən onun oğlu olsaydım, ona nə cavab verməyi bilərdim.
Birinci olmaq istəyənlər bunun üçün nəyisə qurban edirlər. Bu daha çox onların xasiyyətindəki hər hansı bir müsbət keyfiyyət olur. Birinci olmaq - kapitalizmin prinsiplərindən biri. Birinci olmaq rasional istəkdir. Burda hislərə yer yoxdur. Tapda, əz, ol! Yəni, bu xasiyyət saf halında belədir. Hər xasiyyət kimi bunun da safı heç kimdə ola bilməz. Kinolarda bu səhnələri çox görmüşük: baş qəhrəman finalda rəqibin güclü bir zərbəsindən rinqin döşəməsinə çırpılır, amma yox, o bunu edəcək! Məşqçi yaxınlaşır, "sən ən güclüsən", beləsən, eləsən. Yerdən qalxan yaralı aslan, rəqibini parça-parça edir və... birinci olur. Məhz birinci olmaq üçün qarşısındakı insanı döyməyə hazırdır bizim bu baş, çox zaman müsbət qəhrəman. Mənə lazım deyil bu cür qəhrəman!
Başqa ssenari də var. Baş rolun ifaçısı hamını qırır, axırda bir o, bir də sevgilisi sağ qalır. Bu nədir axı?! Nə? İki adam həyatda qalmaq üçün hamını o biri dünyaya göndərir ki, filmin axırında da rahat-rahat öpüşsünlər! Matriks kinosunun üçüncü hissəsində iki baş qəhrəman, əvvəlcə Triniti, sonra Neo ölür - bu izləyici olaraq, mənə çox təsir edir. Kino budur! Mənim istəyimin əksinə gedir və məndə dərin iz buraxa bilir. Əgər onlar sağ qalsaydı, mən bir həftə o kinonu düşünməzdim. Mənim qəhrəmanım birinci olmadı, diskvalifikasiya olundu!
Birinci olmaq... zirvəyə can atmaq... niyəsə bu xüsusiyyətlər "müsbət" kimi dəyərləndirilir. "Birinci olmaq" məqsəd ola bilməz. Mən bir şey edirəm, nəticədə, baxıram ki, birinciyəm. Bu heç də mənim içimdəki daim yüksəklərə qalxmaq sevdasından irəli gəlməməlidir. İndi yadıma düşdü ki, Xarici Dillərdə bufetdən "podnos"la beşinci mərtəbədəki sinfə çay daşıyan birinci tələbə mən olmuşam. Bunu hər gün edirdim. Koridor boyu atılan sözləri eşidə-eşidə. Növbəti semestr mənə söz atanlar özləri də əllərində podnos çay daşımağa başladılar. Onlar birinci olmaqdan qorxurdular. Mənsə oldum. Çünki mənim məqsədim bu deyildi. Sadəcə, dostlarıma çay aparırdım. Başqa misallar da var, amma mahiyyət eynidir. Fiziki deyil, məhz mənəvi güc, yaxud iradə, ictimai qınağa dözüm tələb olunan yerdə heç kim birinci olmaq istəmir!
Bir dəfə Speys TV-də Mehriban Ələkbərzadənin "İkinci Əliyev" (İlham Əliyev nəzərdə tutulurdu) ifadəsi işlətdiyini eşitdim. Məqsədi heç də monarxiya ifşası filan deyildi. 5-6 il öncə olmuşdu bu hadisə. Amma mənim yalnız bu il ağlıma gəlib ki, İlham Əliyev heç də İkinci Əliyev deyil və uyğun olaraq atası da Birinci Əliyev deyil. İlahi bir səbəbi var: Bu nəsil heç vaxt birinci ola bilməyib! Məlum məsələdir ki, H.Əliyev 1918-də əsası qoyulmuş bir dövlətin banisi ola bilməz. Bizə başqa şey sırımaq istədilər: "Müasir Azərbaycanın banisi". Yemədik, çünki 1991-də BƏRPA olunan dövlətimin başında H.Əliyev deyildi. "Müasir" kateqoriyasında H.Əliyev Hafiz Hacıyevdən də geridədir, ikincini heç olmasa, "Müasir Müsavat"ın banisi saymaq olar. Bəli, Tanrı məzələnənməyə başlayanda pis məzələnir. Onlar ölkədə hər şeyə sahib ola bilərlər, amma öz soyadlarının belə yanına "birinci" yaza bilməzlər. H.Əliyevdən öncə Prezident Seçilən Əbülfəz Elçibəyin soyadı "Əliyev" idi! Birinci Əliyev Əbülfəz bəydir! Bu sizə seçki deyil, faktdır! Ağıllı bir adam deyib ki, cənab faktın qarşısında hamımız şlayapamızı çıxarırıq.
İroniyaya bir bax: Gözü daim birincilikdə olan, zirvələrə can atan insanın "birincilik" yerini belə bir iddiada çıxış etməyəcək qədər böyük olan şəxsiyyət tutur! Özünün belə xəbəri olmadan! Biz onun soyadını (Əliyevi) unuda bilərik, amma ona verilən adı (Elçibəyi) - əsla!

P.S. "Anar" adı birinci yazıçı Anara qoyulmayıb.

Friday 15 October 2010

Toy olmasın!

Yadımdadır, bir dəfə dərsdən qayıdanda, yolda vağzalı səsi eşitdim. Qrup yoldaşıma dedim ki, yolu dəyişə bilərik? Küçənin o biri tərəfinə keçdik - onun da toydan zəhləsi gedirmiş...
Mənim toya nifrətim tədricən başladı. Elə bilməyin ki, oynamaqdan utanıb, foyedə gəzən adamlardan olmuşam (baxmayaraq ki, indi beləyəm), yox, mən pis oynadığını bilə-bilə oynayanlardan idim. Ancaq getdikcə mahnılardan, yüksək səsdən, toydakı davranışlardan bezməyə başladım. Anlamıram, axı niyə bəylə gəlin vağzalı kimi düşük mahnı altında içəri daxil olmalıdılar?! Vağzalını bir az da endirən zurnadır. Bu qəmli musiqi nəyə lazımdır axı?! Hə, deyə bilərsiz ki, ata qızından ayrılır, nə bilim, ana ciyərparəsini itirir və s. Ay anam, axı bu qız konslagerə getmir! Bəlkə də, bu mahnı zorla ərə verilmiş qızın naləsidir... onda bu gündə mahnı nəyə lazım? Birdəfəlik dəfn marşını çalın da! Hətta "Requiem for a dream" ("Arzuya Rekviem") filminin musiqisi olsa, lap yerinə düşər.
Toy sanki evlənən insanlara verilən cəzadır; Filan qədər pul qoy ("tap" kimi də oxuya bilərsiz), toy elə, nə var-nə var, yaxın-uzaq qohumlar toy sahibini söyə-söyə gəlsinlər, sənin restorana vediyin pulu sənə qaytarsınlar. Riskli söhbətdi, qoyduğun pul yığılmaya da bilərsən. Yığılan pul qədər də boyunun ardına söyüş də yığılır... Düzdü, yaxın qohum belə şeyə görə adama söyməz, bəlkə kömək də olar. Amma uzaq qonum-qonşu, yaxınların da planının əvəzini verir. Bu belədir, özümdən bilirəm.
Əvvəlcə, uzaq qohumların toyuna getməməyə başladım. Daha sonra növbə çatdı yaxınlara. Yaxının toyuna getməmək olmur, onsuz da səbəbkar toydakıları tanımır, sən də gəlmirsən, "voobşe" tək qalır. Bu situasiyada sən bir növ supermen funksiyası daşıyırsan. Ona görə məclisinin əvvəlində gedib öz işini görürsən, sonra hara istəyirsən uç, get. Amma toyda olduğun bir saatı Rəqsanənin, Manafın mahnılarına oynamamaq və səslərini mümkün qədər eşitməmək üçün foyedə "doğum evində, palatanın qarşısında dayanan kişilər kimi"* var-gəl etməlisən.
Məni toydan uzaq edən başqa amil isə odu ki, hamı adlarını çəkdiyim müğənnilərin mahnılarına oynayır. Bu müğənnilərə sözüm yoxdu - özləri bilər, mənim zövqümdə deyillər, vəssəlam. Amma o zövqsüz hesab etdiyim müsiqiyə oynayan adamlarla bir məclisdə oturmaq istəmirəm! Ayrı vaxtı soruşsan, onlara görə Rəqsanə və Manaf səviyyəsiz mahnı oxuyurlar... Amma toyda sanki ekstaza girirlər - nə olur olsun, təki sümüyə düşsün - sümüyə yeee! Narkotiki yenə damara vururlar, bu ritmlər isə birbaş sümüyə işləyir!
Yox, cigərim, ondansa gedib parkda gecələyərəm... Yaxud "Araz"da çay içərəm...
P.S. İşə bax e..., mövzuya başlayanda "Toy Olsun" verilişindən yazası idim, amma əllərim başqa şey yazdı! Eybi yox, o verilişdən başqa vaxt yazaram. Elə toy mövzusundan da bir yazı ilə soyumaq mümükün deyil.
*Mən bu anlardakı hissi hansı söz ilə ifadə edəcəyimi bilmirəm, bilən varsa, mənə də öyrətsin.

Thursday 14 October 2010

Növbətçi

Qardaşım, dərdimə əlac elə! Atam mənə qanlı AXC-Müsavat dövründən danışardı - özümü yaxşı aparmayanda qorxutmaq üçün. Bir dəfə yuxuma da girmişdi: Cəbhə hakimiyyəti qayıdır (uy da... Jül Vern qələt eləyir yanımda), yenidən anarxiya (bu sözdə adımı görürəm), özbaşınalıq, xaos başlayır. Adamları güllələyirlər, dükanlara xərac kəsirlər, gəncləri polis idarəsinə basırlar və s. ... Dəhşət... Amma axı mən bunun yuxu olmadığını görəndə toxtayırdım... Bəs indi nə edim? Hər gecə, tərsliyə bax ki, gecələr verirlər, Növbətçi verilişində göstərilənlər məni dəli edir! Qardaşım, hanı bəs sabitlik? Camaat "fuflo sööbət"ə görə bir-birini bıçaqlayır. Nə bilim, narkotik alverçiləri tutlur gündə... Hələ intiharlardan danışmıram! Yox, danışıram: Məni ən çox qorxudan intihardır. Gecə küçəyə çıxmaram, dostlarımın sayını azaldaram, nə bıçaqlanma, nə də norkotik təhlükəm olmaz. Bəs intihar? Məni özüm öldürəcəmsə, özümdən necə gizlənim?! Mən artıq Müsavat qəzetini oxumuram! Hər gün intihar xəbəri gəlir! Qorxuram axı... Növbətçinin qabağını isə ala bilmirəm - evdə baxırlar. Hər gün ölüm, yaralanma, nəşə, qəza! Mənə hələ çatmır ki, biz necə 9 milyona çata bilmişik... Artıq papam AXC-Müsavat dövründən danışanda qorxmuram. Müqayisə edəndə, o dövr cənnət nağıllarını xatırladır... Məni səhv anlamayın, ölümdən elə də çox qorxmuram. Amma mən mənasız şey üstə "getməyə" razı deyiləm. Həm söhbət təkcə məndən yox, yaxınlarımdan gedir... Bu Növbətçi isə... Aparıcı belə xəbərləri oxuyanda qorxusundan udqunurdu... Ola da bilər ki, onlar hər şeyi uydururlar. Aparıcı da yalan danışdığına görə udqunur. Əgər o məlumatlar doğrudursa, deməli bu ölkədə sabitlik yalnız batareyalardakı cərəyana aiddir! Buna isə inanmıram, həmən ayanesdə hökümət adamlarının ölkəmizdəki sabitlikdən danışmağını, demək olar, hər gün verirlər. O boyda (həcmcə) kişilər (cins olaraq) yalan danışası deyil ki?! Adam bu qədər qasdan ola bilməz axı...
P.S. Amma Növbətçidən yenə də qorxuram... Əlac!

Türk türkə dəstək?

Azərbaycan - Türkiyə oyunu ətrafında çox diskussiya gedir... Bir şeyi deyə bilərəm: Türkiyəlilər qalib gəlməyi haqq eləmədilər - ən azı onlar bizim "uqlovoy" taktikamızı bilməli idilər - bunu Avropada bilməyən komanda yoxdu! Bizim futbol oynaya bilmədiyimiz şansları göyə sovurmağımızdan görünürdü. Amma yenə də Türkiyəlilər bizdən də pis oynadılar. Seçimdə olsaydım, mən xalı Türkiyəyə verərdim, qoy türk türkün ayağına dolaşmasın, bizdən fərqli olaraq, onlar futbolu bacarırlar. Amma o oyunu ki, Türkiyə göstərdi, o 3 xal heç onların da işinə yaramayacaqdı! Əksinə, qoy oturub düşünsünlər ki, nə gündə olublar ki, Azərbaycana uduzublar! Vurduğumuz qola baxın, tanış gəlmir? Vurduğumuz qolları müqayisə edək; çox variant yoxdu, onsuz da. Sonuncu dəfə Finlandiyaya vurduğumuz qol da eynən bu cür idi. Emin İmaməliyevin vurduğu qol Rəşadın qolundan bir şeydə fərqli idi: Rəşada qədər iki oyunçu topun üstündən adlasa da, Emin də bu bir nəfər idi. Amma bütovlükdə Finlandiya ilə çox gözəl oyun oynamışdıq: Qələbəyə layiq idik. Finlandiyadakı səfər görüşündəki oyunumuz isə heç vaxt yadımdan çıxmaz! 2-1 hesabıyala uduzmuşduq. Hakimin bizim bir təmiz qolu hesaba almaması, üstəlik finlərin 2-ci qolunun haqsız yerə hesaba alınması oyunun taleyini həll etdi. Bax, əsl oyunu o vaxt oynamışdıq. Məğlub olduq, amma super oyun göstərdik - əsl müdafiə oyunu! Əks hücümda oyunumuz çox gözəl qurulmuşdu.
Şahin Diniyevin vaxtı idi... Bizim futbol nə adlardan, nə puldan asılıdır! Oynamaq lazımdır, can qoymaq lazımdır. Üç ildə bir qol vururuq, ona da dövlət qayğısı deyib, adamı pazlayırlar!!! Gəl indi adam kimi azarkeşlik elə də...
Biz 3 xalı haqq etmədik, amma Türkiyə heç etmədi! Türklər (hər iki komanda) məhəllə futbolu oynadı. Məhəllə futboluna görə mübahisəyə dəyməz.
Qaldı ki, Türkiyə türkləri bizi saymır, eybi yox, amma lazım olan anda bizim üçün canlarını verə biləcək bir dövlət varsa, bu Türkiyədir. Bunun sübuta ehtiyacı yoxdur. Həmçinin, biz də onlar üçün.
P.S. S****m qayğıya!