Google Website Translator Gadget

Wednesday 29 December 2010

Günün qəhrəmanı

Bir dəfə universitetdə akademik Urxan Ələkbərov tələbələrə koreyalı Mun haqqında danışmışdı. Əminəm ki, onun dərs dediyi tələbələr bu hekayəni eşidiblər. Cibində 4 dolları, ayağında güllə, bir sözlə, "çiynində boz çanta, üzü xoşsifət" gəldi Amerikaya koreyalı Mun. Bu Munu nə vaxtsa görəcəyimi düşünməzdim - heç belə arzu ilə yanıb, tutuşmurdum da... Qısa adı (Mun Son Myon), daha sonra qıyıq gözləri ilə antipatiyamı qazanan koreyalı cigər, daha sonra, adının önündəki "doktor" sözü və "Vaşinqton Tayms"ın təsisçisi olması ilə hörmətimi qazandı. Sözümün mununu deyim: Hamının bu kişini təriflədiyi bir məkanda bir hüquqşünas da çıxış elədi. Tanrı bilir, mən nə qədər sevindim ki, heç olmasa, bir adam bu Munu tərifləmədi. Bilən bilir, bilməyən də qələt eləyir; bizim ölkədə bir neçə nəfəri tərifləmək olar. Mən də ayanes patriotizminin kölgəsində böyüyən, tərləyəndə alnına döyüş yazılan bir gənc olduğumçün Munun bu qədər təriflənməsinə dözmürdüm, bu kişi isə Xıdır İlyas kimi yetişdi. Hələ nə qədər faktlardan məni agah elədi. Dediyinə görə ömür boyu (baxmayaraq ki, ömrü hələ bitməyib) Sovet hüquq-mühafizə sistemində işləyib, 20 ildir ki, Moskvada yaşayıb. Bir dəfə görür ki, Şahnəzəryan

Saturday 25 December 2010

Analoqsuz Sevinc

Açığı son vaxtlar öz sevincimi ifadə etməyə vasitələrim tükənib. Mövzuya birdən keçdim, heç yazmadım ki, nəyə sevinirəm. Yazmayacam da. Hamının həyatı imkan verir ki, həftənin yeddi günü 24 saat sevinsin. İndi deyəcəksən ki, bəs niyə camaatın üzündə təbəssüm görünmür?! Onun səbəbi var, əlbəttə. Amma ondan öncə linqvistikaya sensitiv (özüm "həssas" yazmıram) birisi kimi qeyd etməliyəm ki, "indi deyəcəksən" ifadəsi qrammatik olaraq səhv sayıla bilər. "İndi" nədi, gələcək zaman şəkilçisi nədi?! İzah eləyim, bizim dil semantik dildi, yəni bu dildə yazılan bir şeyin yüz mənası ola bilər. Məsələn, "bankanı sındırarsan ha..." - mənə bir dəfə belə demişdilər. Təsadüfən, banka sındı. Amma mən evdəkilərin üzünə durdum ki, sizin dediyinizi eləmişəm: "Tapşırmadınız, "sındırarsan ha..."??? Mən də sındırdım da..." Bu baxımdan "indi"dən sonra gələcək zamanı işlətmək bizə imkan verir ki, dediyimizi bu dəqiqə eləməyib, qeyri-müəyyən tarixə təxirə salaq (yada sal: "Lazım gəlsə...").

Thursday 23 December 2010

Adını çəkmək istəmədiyim yazı

Təzə xəbər: Prezident jurnalistin dostu ola bilərmiş... 

Bu ölkədə bir-iki təhlükəli peşə var; minaaxtaran, paraşütçü bunlardan deyil. Çünki bu peşə sahibləri zərbənin hardan gələcəyini bilir və hazırlıqlı olurlar. Amma adını çəkmək istəmədiyim bir peşə sahibləri var ki, onlar Malakan bağında da, evinin blokunda da, hətta tualetdə də eyni dərəcə risk altındadırlar. Amma naşükür olmaq lazım deyil; bu peşədəsənsə, ortabab qiymətə satıla bilərsən. Əlbəttə, bəzilərinin düşüklüyü imkan vermir ki, onlar normal qiymətə satılsınlar, nəticə etibarilə, ümumi bazar qiymətlərində də eniş müşahidə olunur: "Mirfilankəsi filan qiymətə aldıq, sənin heç "mir"in də yoxdu, amma mırıldayırsan... gəl, tök ətəyindən daşı." O da neyləsin deyilənə qane olur. Bunların arasında ailə başçısı olan var - evinə çörək aparmalıdır,  uzaqgörəni var (üzü Nigeriyaya gedirik, bir azdan satılmaq lazım olmayacaq) - qiymət uyğunkən satılmaq istəyirlər. Düzdü, tək-tük adamlar var ki, heç cürə satılmırlar. Onlara da

Sunday 19 December 2010

Türkiyə; qarı düşmən dost olmaz!

Axır vaxtlar yaman optimist olmuşam, olmamaq mümkün deyil! Bu cür ölkədə yaşamaq və ümidsiz, pessimist olmaq yalnız radikal müxalifətçilərə xas xüsusiyyət idi. Nəyə görə "idi" olduğunu mən yazmasam da bilərsən, amma yazım: Analoqsuz siyasət nəticəsində müxalifətçilər ya mühacirət ediblər, ya bezib gediblər, ya da haqqın (YAP) yolunu tutublar. Düzdür, bəlkə on minlərlə cəbhəçi və musavatçını misal göstərib deyərsən ki, "bəs bunlar?" "Onlar istisnadı." O istisnalar ki, Amerikaya, Rusiyaya, İrana və ən pisi isə Türkiyəyə işləyirlər. Əvvəlki üç ölkəni keç, amma bu Türkiyəyə işləmək birbaşa vətənə xəyanətdir! (Bu yerdə hirslənib kompyuterin klaviaturasına yumruq vururam.)
Haberturk.com
(Başqa klaviaturam da var - neft imperiyasının vətəndaşıyam axı.) "Wikileaks"-in təzə söhbətlərinə əsaslansam, Türkiyə bizim ən böyük rəqibimizdi. Bu yerdə bir haşiyə çıxım: "Wikileaks" sözünü hərfən çevirsək, "Uiki sızmaları" alınar, xüsusi ad kimi çevirsək, "Uikiliks". Heç çevirməsək, "Wikileaks" olaraq qalır. Hələ ki, bir kimsə təklif vermədiyinə görə, o sözü uzun dırnaqlarımın ağuşunda yazacam. Keçdim mətləbə. Hə, türkiyəli arxadaşlar bizə arxadan daş atdıqlarına görə, biz də "arxadan atılan daş topuğa dəyər" deyib, daş atıb başımızı tutduq. Bizim uğurlu siyasət nəticəsində türkiyəlilər regionun enerji tranzitində mərkəz rolunu oynaya bilmədilər. Bəs nə ay brat... tfu.. arxadaş, sən ermənilərlə protokol imzalayanda bilmirdin ki, qaz əvəzinə qoltuğuva xoruz verərik?! Nə olsun ki, biz onlarla, qucaqlaşıb görüşürük, hər nə gəldi imzalayırıq?! Həri brat, beynimiz çönəndə heç kimi hərləmirik. "Brat" demişkən, qazı Türkiyəyə verməmək bir, həmin qazı Rusiyaya ötürmək iki zərbə - qan qardaşlarımıza "kombo udar". Üstəlik, "sızma"yan xəbərlər var ki, bizim şəhərin çayxanalarında açıq danışılır. Məsələn, PKK və Türkiyə söhbətində Azərbaycanın mövqesi, ümumiyyətlə, içində PKK-nın endiyi səbətin aeroportunun məkanı, həmin məkanın sahibi, şəxsən PKK-nın çatdırılma və (Türkiyəyə) quraşdırılma mexanizminə nəzarət edən dahi və s. Xulian Assanjın (Julian Assange) yuxusuna da girməz bu mövzular. Amma bizim gözümüzə girməyindən kor olmuşuq! Ən əvvəldən yazım, hər şeyi başa düşəcək, iqtidarın Türkiyə siyasətinə minimum iki əlli dəstək verəcəksiz.

Wednesday 15 December 2010

Qızdırmalı yazı

Nəyi var qızdırmalıyam... baldırımın ağrısı təpəmə vurur. Mən qızdırmalı olanda çoxdanışma simptomu özünü göstərir. Bəli, belə bir simptom var - qızdırma qalxır, mənsə başlayıram gic-gic danışmağa. Məsələn, atama "niyə məni titrətmə tutanda yorğana basıb tərləməyimi gözləyirlər? Axı durub idman eləsəm, metabolik proses daha da güclənər və sümüklərim daha tez qızar" sualını verməməkdən özümü güclə saxlayıram. Yox, elə indi qoy soruşum: "Dayan, televizora qulaq asıram. Bilmirəm, yox." Atam həkimdi, bilməmə ehtimalı yoxdu - yola verdi məni.
Fondakı Lütfi Zadədir.
Məlum məsələdi, qızdırmalı adamla danışmağın mənası yoxdu. Amma bundan yazmayacam. Bizdə bir çoxumuza qızdırmalı adam münasibəti göstərirlər. Bitirdiyim universitetə yolum düşmüşdü. Xarici Dillərə girməyin Müdafiə Nazirliyinə girməkdən çətin olduğunu deyəndə qapıçı mənə "ə sən nə çox danışırsan e..." dedi. Düz deyir də... ağzıma sayğac qoymalıyam, limiti keçəndə susub oturmalıyam. Çünki uğursuz bir qapıçı mənim danışmağımdan narahat ola bilər. Onun bir işi var, içəri keçənin sənədini yoxlamaq. Daha mən buranın tələbəsiyəm, "NarXoz"un tələbəsiyəm, yoxsa, gəlmişəm bufetdə çay içməyə, onun işi deyil. Amma dayan, axı bu adam azərbaycanlıdı! Gərək vəzifəsini şişirtsin, gözümə soxsun! Ona bir deyilibsə, o beş edəcək. Amma artıq "beş"in yalnız özünə xeyri var. Sanki qapıçı olmaq böyük işdi! Əslində özü də yaxşı bilir ki, bir zibil deyil. Amma gərək o heyfini məndən çıxsın. Cem Yılmaz deməsin, "bu qapıdı, içindən keçmək üçün... divardan tullansaydım daha yaxşı olardı"! Burdan bütün tələbələrə deyirəm, qapıdan keçərkn gözünüzdə gün eynəyi, qulağınızda qulaqcıqla keçin onların yanından. Tələbə biletini saymazyana göstərin - onlar buna layiqdirlər. Mən iki il salam verərək, sonrakı iki ili yazdığım qaydada keçdim. Qapıçının düşüncəsi ilə Tağı Əhmədovun düşüncəsi eyni tipdədi. Vəzifələri dəyişsək, nəticə dəyişmir. 

Sunday 12 December 2010

Mənəvi Qırğın Silahı

Həmişə düşünmüşəm ki, səviyyəsiz mahnılar bizim mənəviyyatımızı korlayıb. Amma heç məsələnin başqa yönünü bilmirdim. Bizdə hər nə qədər səviyyəsiz mahnılar və onların müəllifləri populyar olsalar da, onları tənqid edən adamlar da çoxdu. Amma... heç demə bizim bu düşük mahnıları işğalda olan torpaqlarımızda yaşayan ermənilər də dinləyirmiş! Əvəzində isə, onlar bizim bu mahnılar haqda olan fikirlərimizi bilmirlər! Yəni, Üzeyirlə Üzeyir arasında olan fərqi biz bilirik, onlar yox. Belə olan halda, bəh-bəhlə dinlədikləri bozbaş üslublu "track"lər, "dorojka"lar onların mənəviyyatlarına sağalmaz zərbə vurur. Bəlkə də artıq basməmmədi "Dağlıq Qarabağ ordusu" Rəqsanin "Bivəfa"sı altında "şaqatlayır". Erməni gənci yatıb yuxusunda Cəmiləni görür, erməni qızı "ay canıyanmış" adı altında özünü təsəvvür edərək, şirin xəyallara dalır. "İki dənə ceyran götürək", "Çəkmişəm, zır kayfdayam" - türk dilini gözəl bilən ermənilər bu mahnıları dinlədikcə sanki dərilərini soyub, saman təpirlər; "Qarabağa girib, özümüzü poxa saldıq! Bunların heç veclərinə deyil!" Zarafat deyil e... gör, nə itiriblər: Bizim müğənnilərin demək olar hamısı Qarabağda konsert söz veriblər. Özü də ayaqyalın, başı açıq (arifə bir işarə)! Daha bundan artıq nə?! Çox demirəm, 5 ilə bütün işğal olunmuş zonada yaşayan ermənilər bizim manısların fanatları olacaqlar. Beşinci kolonn! Seyran Ohanyan "oha" deyib yanacaq. Ölün elə. Acığa, bir güllə də atmayacağıq! Kassetli bombalardan istifadə edəcəyik. Hərbdən başı çıxanlar özlərini cəncələ salmasınlar. Sadə düşünün: Bombanın içinə kassetləri yığırsan, atırsan Xankəndiyə. Ermənilər də havayı kassetləri yığıb, evlərində rahat dinləyirlər. Əməliyyat uğurla başa çatsa, həmin ərazidə bir dənə normal adam qalmayacaq - hamısı deqredasiyaya uğrayacaqlar. Hələ bu kassetlərdən yolüstü Ermənistana da atsaq, 10 ilə oranı da anşlüz edərik. Bəs nə? Hər xalq "çörək və tamaşa" istəyir. O tamaşanı ki, bizim manıslar göstərəcək, ondan sonra hansı kopoyoğlunun yadına "Ranı Armenii", "Ararat" düşər?!
Artıq yeni silah növünün yaratmışıq, "Mənəvi Qırğın Silahları". Heç bir kənar effekti yoxdu, tətbiq olunduğu millətin anasını ağladır. Bircə qalır "Pusk"a basmaq, yoxsa əlimizdə partlayar...
P.S. Zori Balayan min dənə "ocaq" qalasın, bizim manıslar onun üstünə işəyib, söndürəcəklər.

Qısaqapanma (cibimdəki puluma həsr edirəm)

Bu isti qış günündə
Qəlbim bir az üşüyür.
Nədən belə qəmliyəm?
Beynim səni düşünür.

Niyə tərk etdin bizi
Yalqız qoydun dünyada?
Gördüyüm yuxu deyil,
Kimsə məni oyada...

Ancaq sən olmasan da,
Səndən olanlar vardır.
Şəhərdə park salaraq
Səni daim yaşadır.

Yarı zarafat, yarı gerçək,
Sən həmişə bizimləsən.
Mümkün deyil unudaq,
Hər dəm yada düşürsən.

Xatırlaram hər dəfə,
Milli Bankın yanında.
Vacib aksesuarsan,
Hər nazir otağında.

Analoqsuz inkişaf
Nağılını dinlərkən,
Deyirəm öz-özümə:
"Ay bunu əkən!"

Oğluna vəsiyyət edir
Ata kral öləndə:
"İstərəm xalqım
Rəhmət desin mənə də"

Həqiqətnamə

Hər dəfə hökümətimiz barədə hərzə-mərzə hədyan yazanda televizordan gələn səslər mənə yerimi göstərir. Sanmayın ki, məni təhdid edən var - bir dəfə İlham Əliyevin barmaq silkələməsini çıxsaq, məni heç vaxt ordan təhdid edən olmayıb. Amma buna qarşılıq, məsələn, mən ordumuzun gücünə şübhədə olanda, hərbi parad keçirdirlər, çörəyin qiyməti qalxdığını düşünəndə, kənd təsərrüfatı naziri İsmət Abbasov açıqlama verir ki, "çörəyin qiyməti qalxmayıb, çəkisi azalır", bir sözlə, cavabımı əməl ilə verirlər. "Televizordan gələn səslər" ona görə yazdım ki, mən televizora baxmıram, sadəcə, dinləyirəm (əvəzində Azadlıq Radiosuna baxıram). Yəni, mən paraddakı texnikanın vəziyyəti, silahların modeli və başqa xırdalıqlar barədə məlumatsızam. Ancaq bu elə də əhəmiyyətli deyil, köhnəni rəngləyib, yeni adıyla sırıyası deyillər ki?! Yaxud, yoldaş Abbasovun həmin açıqlamanısının ismətli olub-olmamasını bilmək üçün onun üzünə baxmaq lazım deyil ki! Adam yeni iqtisadi nəzəriyyə irəli sürüb, mənə nə onun üzünün (məsələn) qırmızı olub-olmamasından?!

Friday 10 December 2010

Bayramınız mübarək!

Bu gün insan hüquqları günüdür! Ura! Təbrik edirəm! Neçə belə.... 
http://www.azadliq.org/content/article/2244300.html
Paradoksal bir vəziyyət alınıb, öz haqlarını tələb edənlərin aksiyası polis tərəfindən dağıdıldı. Amma mən sevinirəm; Sevinirəm ki, bu ölkədə öz haqqını tələb edən, quyruğu tapdananda cınqırı cıxan bir kəsim var. Söhbət dindarların baş örtüyü ilə bağlı Təhsil Nazirliyi qarşısındakı aksiyasından gedir. Sonuncu dəfə bu nazirliyin qarşısında belə izdiham nə vaxt keçirilib? Yaxınlıqda yaşayan sakin kimi deyirəm - HEÇ VAXT! Olmayıb belə bir şey! Amma dindarlar gəldilər, sözlərini dedilər, "Mi-sir - ka-fir!" kimi kifayət qədər radikal şüar səsləndirdilər və dağılışdılar. Buna heç dağılışmaq da demək olmazdı, aksiya yürüş formasını aldı. Yolda tıxac olması polisin işini bir xeyli çətinləşdirmişdi. Əlavə qüvvələr gələnə qədər, sadəcə aksiya iştirakçılarının yola çıxmalarının qarşısını alırdılar. Əlavə qüvvələr gələndən sonra isə "girin!" əmri verildi - məhz "girin!" əmri ilə polislər aksiyanı dağıtdılar. Əlbəttə, lüzumsuz polis zorakılığı burda da özünü göstərdi, halbuki,  "girənə" qədər çox mülayim, adam kimi davranırdılar. "Girəndə" isə əsl Koroğlu şücaəti göstərdilər! Polislər öz yerində, amma mən aksiyaçıları təbrik edə bilərəm, onlar həqiqətən həmrəylik göstərdilər - polisin dubinkası, təpiyi altından neçə nəfəri dartıb çıxartdılar. Heç kim, heç nədən çəkinmirdi. Belə şey çoxdandı olmurdu. Əgər mən təhsil ocağına baş örtüyü ilə gəlməyin əleyhinə olmasaydım  (və əlimdə fotokamera olmasaydı), mütləq aksiyaçılara qoşulardım. Bu aksiya hökümətə hədə idi. Kimsə deyə bilər ki, bunları İran təşviq edib. Amma nə dəxli?! Adamların çıxıb etiraz etməyə cəsarətləri və imkanları çatdı. Protest məsələsi gündəmə yenidən gəldi. Maraqlı olan başqa məsələ idi. İranın Səhər kanalı aksiyanı əvvəldən axıra kimi lentə aldı, bəzilərindən müsahibə götürdü. Bizim telekanalizasiyadan isə heç kəs yox idi. Bircə XəzərTV-dən birisi mikrofonla dayanmışdı - amma eləcə seyr edirdi. Xəbərləri izləməkdəyəm - görək hansı kanalizasiya üfunətini bir az azaldıb, real hadisələrdən reportaj hazırlayacaq...
Hələ burda ayrı mətləblər də var; Məsələn, Səhər kanalı gedib dezinformasiya da verə bilər - kim qarantiya verir ki, onlar tam ob yektiv olacaqlar?! Bizim kanallar buna qarşılıq neyləyəcəklər? Səhər qarşı qara PR? Bu üsul ancaq bizim müxalifət üçün  keçərlidir - nəticə də yalnız cahil insanlara hesablanıb. Səhərin verilişlərinin türk dilində yayımlanmasını nəzərə alsaq, effektin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. Bəs, hanı sizin dövlətçilik mövqeyiniz? Niyə başqa ölkənin kanalı sənin ölkəndən reportaj hazırlayır, sənsə yox? Allahın TRT-si də özünü yetirdi... Nəysə... Onsuz da bizim telekanalizasiyanın üfunəti hamıya bəllidir. Sadəcə, bu gün də bir qədər artdığınının şahidi oldum.
Baş örtüyü çox mənasız məsələdir. Mən baş örtüyünə qarşıyam, amma əgər bir kimsə üçün bunun əhəmiyyəti varsa, mən buna hörmət edirəm. Universitetə başıvı örtüb də gəsən, açıb da gəlsən, fərq etməz. Təhsil sisteminin bərbadlığı məsələsi qalıb bir kənarda, tullayıblar ortalığa bir örtüyü! Bu yalnız ictimai fikrin istiqamətini dəyişməkdir.
P.S. Görəsən, bu dindarlarla birləşib bütövlükdə təhsil islahatı tələbi ilə aksiya keçirdə bilərikmi?...
Qeyd: foto Turxan Qarışqaya məxsusdur.

Wednesday 8 December 2010

Son dəfə öpərək...


ANS... Sən niyə bu günə qaldın?...  Niyə satıldın? Daha doğrusu, niyə satdın? Gör, heç Liderdən inciyən var? Efirdə göstərmədikləri qalmayıb (istisna: demokratik qüvvələr), amma yenə də Lideri o qədər də tənqid edən yoxdu; qozbeli qəbir düzəldər. Zatən Liderin yaranma təyinatı budur. Lakin ANS tamam başqa idi: Bu kanalı yaradanların keçmişi şərəflidir. Bir dəfə (indi) ağzıma gələni dediyim Mirşahin Ağayevin çiynində Kalaşnikov (АКМ) olan kadrlarını gördüm. Kadr məndə dərin iz buraxmışdı. Müxtəlif telelayihələrin aparıcısı olan bu jurnalist, heç demə əsgər imiş. Yalnız bu kadr mənə yetir ki, onun haqda danışarkə n (söyərkən) hər dəfə qeyd edim: “Amma o, Qarabağda vuruşub”.
Amma görünən budur ki, döyüşçü olmaq insanı sığortalamır. Bu yerdə rəhmətlik Bəyin sözü necə yada düşməsin?! İnsan heç bir təhdid qarşısında sınmaya bilər, lakin elə həmin insan “təklif” qarşısında əyilər. İndi bilmirəm, 90-cı illərdən bu tərəfə ANS-ə nə isə təklif olnub, ya yox, ancaq onu deyə bilərəm ki, o daha 10 il əvvəlin kanalı deyil. Əslində, mən bu kanalı 2003-də basdırdım... Saxta seçki nəticələrinə xaotik şəkildə etiraz edən vətəndaşlara, həm də əsl vətəndaşlara “vandal” damğası vurdu! ANS o vaxtdan “ayanes”ə (el dilindəki) çevrildi. Çünki o artıq xəbər xidməti (“news service”) olmaqdan çıxdı. O artıq MİS-dən, məktəbdən, xırda sosial problemlərdən şikayət məqsədi ilə müraciət edilən kontora çevrildi. Bütün bunlar Vahid Mustafayevin genişlənən biznesi fonunda baş verir. Hər dəliyə belə aydındır ki, bu ölkədə normal biznes şəraiti yoxdur. İddia etmirəm ki, V.Mustafayev öz pulunu qeyri-qanuni yolla qazanıb – amma o qazandıqlarını qorumaq üçün unikal bir xidmət göstərir. ANS artıq təbliğat maşınına çevrilib. Lider və AzTV-dən fərqli olaraq, əlində insanların inamı olan bir kanal bu işə daha çox yarayır. ANS satılmadı, satdı – özünə olan inamı satdı. Söhbət ölkənin intellektual kəsimindən gedir. Sadə əyalət insanı üçün o hələ də köhnə ampulasında qalır, ona sadəlövhlüklə inanırlar. Bununsa, formulu bəllidir. Ona müraciət edən insanların sosial problemləri efirdən həll edilir. Amma bir nəfərin problemini həll etmək, eyni problemi yaşayan onminlərin problemini həll etmir, əksinə, daha davamlı olmasına, dolayısı ilə, səbəb olur. “Məmur” sözü heç əvvəl bu qədər işlənmirdi. Bunu ayanes gətirdi, qeyri-müəyyən obyekti günahlandırmaq üçün yaxşı sözdü. Sanki bu ölkədə rüşvətin səbəbkarı prezident və nazirlər deyil, hər hansı JEK rəisidir! “Məmurlar özbaşınalıq edir!” Bu şüar öz effektini verdi. Camaatı JEK rəisinə, məktəb müdirinə qarşı yönəltdilər, əsas hədəf – hakimiyyət arxa plana atıldı. Bunun başqa bir cəhəti də var: İstənilən “məmur”u (nazirdən aşağı istənilən şəxs) xalqın qəzəbi ilə üz-üzə qoyub, onu işdən atmaq, yerinə başqa birini təyin etmək olar – təbii ki, yeni gələnin buna “haqq”ı çatmalıdı. Ayanes öz işini uğurla görür, sadə xalq prezidentə inanır, birinci xanıma isə prezidentin özü belə həsəd apara bilər. Bu işi nə Lider görə bilərdi, nə AzTV.
Ayanes bağlananda mən az qalırdı fişəng atam... Ancaq Gündəlik Azərbaycan başda olmaqla, bir çox demokratik düşərgənin qəzetləri ayanesi müdafiəyə qalxdı. “Onsuz da boz olan ekran ANS-in balanması ilə daha da bozardı.” Hər dəfə bu tip yazıları oxuyanda əsəbiləşirdim – o ANS getdi artıq, gəlməyəcək. Ayanesin hər gün söydüyü Gündəlik Azərbaycan qəzeti onun müdafiəsinə qalxmışdı. Ayanes isə öz təşəkkürünü açıldığı gün 24 saat Heydər Əliyevdən veriliş verməklə bildirdi. Ondan nə isə uman da yox idi... Ancaq sabunu bu qədər qoyacağını da gözləmirdilər (mən gözləyirdim).
Bütün bunlara baxmayaraq, demokratiyanın bir şilləsi bəs edir ki, ayanes silkələnsin. Misal olaraq, Eynulla bəyin yazılarını göstərmək olar. Mirşahin Ağayevin əlində olan resurslar ona bəs etmədi ki, Eynulla Fətullayevin bir layiqli cızma-qarasına cavab versin. Yaxud Turqut Ərin qoyduğu od. Türkiyə səfirliyi kitab haqda bəyanat yayıb. Ayanes bunu elə təqdim edir ki, sanki səfirlik eks-diplomatı ifşa edib! Amm əslində nə deyilir? “Biz onun fikirlərini bölüşmürük.” “Heydər Əliyevə türk dünyasının böyük lideri kimi Türkiyədə də hörmət edilir.”  Birinci cümlənin şərhə eytiyacı yoxdu. İkinci cümlə isə, ölkələr arasındakı diplomatik etikadır. Əgər Turqut bəyin kitabında yalançı iddia olsaydı, onu elə Türk Cəza Qanunun maddələri ilə mühakimə edərdilər. Səfirlik nə deməliydi ki?!
Vahid Mustafayev isə təklif verir: Əliyevə toxunulmazlıq statusu verilsin... Onu tənqid etməyək... Verin... Bu təklif özlüyündə gözlənilən idi – ancaq zərbəni, bunca etdiklərinizə baxmayaraq, yenə də Mustafayevdən gözləməzdik...
P.S. Bu yazının qeyri-ciddi formada yazacaqdım... amma elə şeylər var ki, istəsən belə lağa qoya bilmirsən. Uman yerdən küsərlər – sizə inanırdıq... Ona görə söyülürsüz – təəssüflə söyülürsüz.

Saturday 4 December 2010

Türkiyədə Rekonkista

"...Turqut Ərin yazdığı kitabın Türkiyədə satışdan yığışdırılması başqa mənbələrdən də təsdiq olunur. Bildirilir ki, kitablar mağazalardan toplu halında satın alınır və sonra yandırılır. Turqut Ərə yaxın qaynaqlar isə bildirir ki, az sonra nəşriyyatlar bu kitabın ikinci nəşrini həyata keçirəcəklər."  Xəbərə bax e... kitab yandırırlar! İnkvizisya qurublar elə bil! Kitabı yandırmaq bir kənara, cırmaq belə barbarlıq göstəricisidir. İçində nə yazıldığından asılı olmayaraq, kitab cırılmaz. Kitabın içindəkiləri haqsız sayırsansa, sən də birini yaz, tənqid elə. Özün yaza bilmirsən, bacaran birini tap, yazdır. Yox, əgər içində yazılanın haqq olduğunu bilirsən və elə buna görə də məhv edirsənsə, onda heç zad - işində ol. Haqqa qarşı olan insan o vaxtkı Vandal tayfalarını da heyran qoyar. Yazılanın doğru olduğunu bilə-bilə onu məhv edirsənsə, ruhun fahişədir.
Məlumdur ki, Türkiyədə kitabı inzibati yolla qadağan etmək mümkün deyil. Əslində, mümkündür, amma bunun üçün yetərli əsas olmalıdır. "Azadlıqdan Tiranlığa" kitabının qadağası üçün Azərbaycan hökümətinin əsası (nəinki yetərli) yoxdur, əks halda istifadə edərdilər. Bu kitabı onlar ancaq öz tövlələrində və sex kimi işlətdikləri bizim dövlətimizdə edə bilərlər. Bir kitabı tənqid eləmək üçün o kitabı ən azı oxumaq lazımdır (ən çoxunu yazmasam da olar - "çox istəyən azdan da olar"), görəsən, telekalizasiya işçiləri o ktabı əllərinə alıblar? Amma ədalət naminə qeyd eləmək lazımdı ki, kitabın içindəkilərini təxmin eləmək bizim (son 20 ildə Azərbaycanda yaşayanlar) üçün çətin deyil. Elə ona görə, hardasa, "mavi ekran"dan hücumları anlamaq mümkündür. Zarafat deyil e... kitabın müəllifi hansısa Elmar (Tanrı rəhmət eləsin) deyil ki, günorta vaxtı qapısının ağzında naşı killerə öldütdürəsən, yaxud Eynulla deyil ki, gündə bir ittihamnamə çıxardıb ömürlük həbsə məhkum edəsən. Turqut Ər Türkiyə vətəndaşıdır - ən pis tərəfi isə, onun Azərbaycandan kənarda olmasıdır. Yenə burda olsaydı, Arabulvari şilləyə hədəf olardı (bir haşiyə, H.Arabul özünü Heydər Əliyevin əsgəri sayırdı, i.e. əcəb oldu!).

Friday 3 December 2010

Tiranlıqdan Viranlığa!

Ümumi ab-hava yaxşıdı. Turqut bəy parlament seçkisinin heyfini aldı: iqtidara və psevdomüxalifətə necə şapalaq vurdusa, ikisinin də başı hələ hərlənir. Bu hərlənmənin nəticəsidir ki, telekanalizasiyalar Turqut bəy barədə dayanmadan reportaj hazırlayır, onu tənqid etməyə cəhd edirlər. Hökümətyönlü qəzetlərin nə yazdığını isə qeyd eləməyə ehtiyac yoxdu - o qəzetləri bəlkə heç baş redaktorları da oxumur. Mətbəədən birbaşa maklaturaya... (Yeri gəlmişkən, ağacı belə şeyə sərf etdiyinizə görə "Green Peace"-i üstünüzə salacam, gözləyin...) Azadlıq Radiosundan Turqut Ərin müsahibəsini dinlədim. Yazdıqlarını bir kənara qoyuram; bir diplomat olaraq, çalışdığı ölkəni bu qədər yaxşı tanıması məndə ona qarşı güclü simpatiya oyatdı. Ümid edirəm, Bakıdakı Türkiyə səfirliyində onun kimi diplomat hələ də var.
Açıq desəm, onun kitabını oxumağa o qədər də həvəsli deyiləm. Səbəb aydındır; "iki üstəgəl iki"nin Azərbaycanda dörd eləmədiyini biz yaxşı bilirik. Kimin hansı yuvanın quşu olduğunu, olmaq istədiyini, ola biləcəyəni, hətta yuvasız quşların da kimlər olduğunu bilirik. Amma elə bir həyasızların əlində qalmışıq ki, öz etdiklərini (5 rayon) başqasının adına etmədiklərini (dövlətin bərpası) öz adlarına çıxırlar. Həyasızı sakitləşdirməyin bir yolu var - şapalaq, onu da, sağ olsun, Turqut bəy "moşnı" tutuzdurub. İndi göndərin tulalarınızı türkiyəli diplomatı qaralasınlar. Dünya təkcə sizin kimi qara dəliklərdən ibarət deyil, hər şeyi özünə yığsın. Ağ dəliklər də var - bunlara isə qara yaxmaq mümkün deyil! Adam qorxmur, deyir onun ölkəsində ədalət var, HAKİM var, MƏHKƏMƏ var. Etirazın var? Ver məhkəməyə! Gətirsin, qoysun qarşına Şaumyanı mədh eləməyini, onu qəhramən adlandırmağını. G*tün çatır, elə. Daha arvad kimi telekanalizasiyada gizlənməyin - onsuz da biz hər dəfə sifonu çəkib üstünüzə p*x tökürük.
Astronomik misallardan birini də yazım: Bir stadiya var ki, ulduz həddindən çox böyüyür, ona "sarı cücə" deyirlər. Ən əzəmətli göründüyü andan kiçiliməyə başlayır - öz içinə çökür. Daxili qravitasiya onu o qədər kiçildir ki, nəticədə adi bir planetdən belə balaca olur ("ağ cücə"). Siz daxildən çökmüsünüz - sadəcə öz xələflərinizə baxın, yetər. Xələfiniz əcəb xələfdir, xəlayiq də "məcnun" deyə tə'n eyləyir! Ölkəni viran qoydunuz, amma özünüz də bundan qaça bilmədiniz. Bu gün oğlunuza, qızınıza baxıb fəxr etməyə çalışın, özünüzlə səmimi olun, heç olmasa. Sizə demirəm ki, məscidə gedib tövbə edin, sonra da kütləvi surətdə istefa verin. Onsuz da eləməssiz. Amma normal mühit yarada bilərsiz, seçkidə uduzmağınızı boynunuza ala bilərsiz. Bu sizi daha faciəli sonluqlardan xilas edər. Diktatorların oğulları həmişə faciəli tale yaşayırlar. Səbəbi çoxdur. Amma bir şey dəqiqdir. Millətlərin tiraniyaya dözmə əmsalı var. Bu əmsal ata tiranın dövründən qalxmağa başlayır, oğlun həyatının sonuna yaxın pik nöqtəyə çatır - bir millət ardıcıl iki tirana dözə bilmir. Sonda alacağı intiqam isə çox vaxt oğula qismət olur. KXDR kimi nüvə silahı və Çin kimi hamin varsa, əlbəttə istisna ola bilərsən, amma unutmayaq Kim Çen İr hələ sağdır - onun axırına da heç kim qarantiya vermir.
Ortada başqa misallar da var. Viktor Yanukoviç kimi; seçkidə uduzduğunu boynuna qoydular. O da adam balası kimi çəkildi, durdu kənarda. İndi də demokratik yolla prezident seçilib. Görək onu avtoritarizmdə günahlandıran var? Halbuki, narıncı inqilab ərəfəsində mafioz deyirdilər.
Amma ləzzət eləyən başqa məqamlar da var: Bu boyda avtoritar iqtidar hansısa bloqqerin çəkdiyi videoya görə zibilə salır özünü. Təxminən, qarışqanın verdiyi badalaqla palçığa yıxılmaq kimi bir şeydi. Sonra da durub qarışqayla mübahisəyə girirsən ki, "nöş mənə sataşdın?!". Diktatora diktatura diktə eləmək kimi çıxmasın, amma adamın səviyyəsi olar e... Bir videoya, yazıya, nə bilim, şeirə görə adamı tutmazlar. Cəhənnəm tutdunsa, buraxmazlar. Öldürmək  - daha yaxşı üsuldu, fakt qarşısında qoyursan.
Düz-əməlli diktatorumuz da olmadı ki, Səddam kimi assınlar, biz də fəxr edək... Dalıyca deyək ki, "düzdü, əli çox qana batmışdı, amma kişi adam idi". Tanrım, niyə hər şeyin zayını bizə qismət eləyirsən? Bizlə zarafatın var? Azadlıqdan Tiranlığa, ordan Viranlığa... bəs ordan hara?