Google Website Translator Gadget

Monday 28 March 2011

Yeni daxili işlər nazirimiz

Sağ olsunlar, toy adətimizə qarşı bəslədiyim dərin və ülvi nifrətim bir veriliş sayəsində kəskinləşdi. Veriliş Azərbaycan izləyicisinə toy tutdu... Mən evdə hər kəsin telekanallarda gedən intellektual verilişlərə necə iyrənərcəsinə baxdığını hiss etməyə bilmirəm. Cümlə ağır olmadı ki? Eybi yox, əsas odur ki, səmimi olsun.
Dərhal keçirəm Qəddafiyə. Gərçi bu kişinin adının dəqiq yazılışı "Qəzzafi"dir, amma mənə "d" hərfi ilə ləzzət edir deyə belə yazıram. Düzdür, onda bu ad bir az da "qəddar" sözünə bənzəyir, amma ziyanı yoxdur. Məncə, bizim liderimiz Qəddafi olmalıdır.

Sunday 27 March 2011

Мир-dən bixəbər şahin

Ayanesə baxırdım. Mirşahinə. Daha doğrusu Mişahinin.... süjetinə. Qərara aldım ki, ona 7-ci sinin coğrafiya kitabını hədiyyə edim. Şərəf-ləyaqət bağçasından da bir səbət nübar göndərəcəm.
Səbəb: Yaponiyadakı zəlzələni göstərir. Çox gözəl. Əminəm ki, o zəlzələ Çində olsaydı, ölü sayı milyonlarla ölçüləcəkdi. Amma gör, Mir...şahin nə deyir: Zəlzələ təkcə Yaponiyada qeydə alınmayıbmış... Hər gün hardasa, yeraltı təkanlar baş verir. Okay, harda? Məsələn, İsveçdə! Bəs niyə xəbərlər göstərmir?... Çünki təkanın gücü 3 baldır - Rixter müəlliminkindən başka şkala tanımıram, o üzdən hər dəfə qeyd etməyəcəm. Deməli, 3 bal gücündə yeraltı təkan olur və Mirşahin istəyir ki, İsveç höküməti buna görə fövqəladə hal elan edib, dünyada şüvən qaldırsın, eləmi? Elə! O biri arqument: Daha güclü yeraltı təkanlar Yaponiya ilə eyni zamanda Alyaskanın cənubunda qeydə alınıb. Sən Allah?! Nə qədər güclü? Sənin və ayanes olaraq, hamıvızın... xətrinə deyək ki, Alyaskada da 9 bal gücündə olub. Bəs

Saturday 26 March 2011

Artıq olmayan üçüncü

Gecə-gecə yenə sentimental xəyallara dalıram. Yutubdan o vaxtki Azərbaycan SSR Ali Məclisindən olan kadrlara baxıram... Köhnə emblem... köhnə RƏNG. Fikir vermisizsə, bir çox köhnə kadrlarda fon daima bir rəngdə olub: qəhvəyi. Ya da buna bənzər adını bilmədiyim başqa rəng. Adamın ürəyi sıxılır.
Nəysə, işıqlı ölkənin vətəndaşlarını çox sıxmayım. Ölkəmizdə gedən inkişafı görməmək üçün dəvəquşu olmaq lazımdır. Ötən yazımda yumurta qiymətində olan inqilabi ucuzlaşmanın səbəblərini izhar elədim. Bundan başqa, daha hansı qiymətlərdə necə ucuzlaşma barəsində parlaq iqtisadi fikirlərimi ortaya qoymuşdum.

Ölkəmiz tarixi anlar yaşayır. Biz üç Əliyevin hakimiyyətini görmüşük (Əbülfəz Əliyev, Heydər Əliyev, İlham Əliyev). Bəh-bəh, çox nadir ölkə taparsan ki, orda respublika olsun, üstəlik son üç prezident eyni soyadı daşısın. Nadir  tapıntıyıq. Bəs niyə bir saniyədə üç dəfə asqıran insanı qeydiyyata alan Ginnes, bizim qırdığımız bu möhtəşəm rekordu qeyd etmir?! Əgər sabah məlum olsa ki, bu Ginnesin arxasında o məlun Soros durur, heç təəccüblənməyin... əclaf! Amma nə yaxşı ki, bizim rəşadətli xalq belə şeyə görə ruhdan düşməz, əksinə, o daha da fəallaşar və dördüncü, beşinci həmsoyadları da hakimiyyətə gətirər.

Sunday 20 March 2011

Sabitlik mücəssəməsi

Liviyaya NATO girib, Yaponiyaya radiasiya girib, NATO-nun özünə də Rusiya girib ki, "nə var Liviyaya girmisən?"... Yazını Hollivud filmləri kimi başlamağımın səbəbi qısaca dünyadakı vəziyyəti təsvir etməkdi. Sağ olsun, Tuitır sayəsində qısa və nisbətən ağıllı yazmağı öyrənməkdəyəm. Tuitırdan söz düşmüşkən, bu mərətin adı ingiliscədə "Twitter" yazılır, amma həyatımdan mərc girirəm ki (mən də belə girdim), bizim dilimizdə "Tuitır" kimi yazılmalıdır.
Beləliklə, ortada girməyən, girilməyən, neytrallıqda İsveçrəyə dərs keçən bir ölkə varsa, o da bizik! Biz deyəndə, məhlə uşaqlarını demirəm - bütün ölkəni nəzərdə tuturam.


Yadımdadı, İlahm Əliyev prezident olanda - seçiləndə demirəm, biz nə karəyik ki, onu seçək?! O bizi seçib! - əlqərəz, inaqu... andiçmə mərasimində demişdi ki, "mən hər bir azərbaycanlının prezidenti" olacam. Düzü, mən bilmədim, prezident "54 milyonluq azərbaycanlı" deyilən qeyri-müəyyən bir qövmün prezidenti olduğunu,  yoxsa 8 milyonluq azərbaycanlıya "yesəz də, yeməsəz də, prezident mənəm, başqasını axtarmayın" demək istəyirdi. Hər halda ikinci olar; ona görə ki, birincisi beynəlxalq hüquq normalarına ziddir, ona İranın Azərbaycan vilayətlərindən səs verməyiblər axı?! 30-40 milyon belə getdi... Amma Əgər MTN orda gizli səsvermə keçirdibsə, bu başqa məsələ... bəlkə də keçirdib. Yadımda, bir xeyli müxalifətçi özünü cırırdı

Wednesday 16 March 2011

Süleyman qüdrətli hökümət

Son vaxtlar, həddən çox mənasız yazı yazdığım üçün bloq yazılarına fasilə vermişdim. Bu səbəbdən bir neçə taleyüklü məsələlərə biganə qalmaq məcburiyyətində olmuşam.
Bu yaxınlarda baş vermiş ən önəmli məsələ yumurtanın qiymətinin enməsi ilə bağlıdır. Bir neft mütəxəssisimiz yaşının ahıl çağında (adını bilirəm; dirəşsən, yazaram) İlham Əliyevin (YAP-ın sədri) dənizə gözəyarı baxaraq "burda neft (nə bilim, bəlkə qaz deyib) var" deməsini və ardıyca da həmin proqnozun düz çıxmasını

Sunday 6 March 2011

The Beginning

Sometimes I want just to give up, to give up thinking against the regime. It is very easy. Once I tried. The doors are open when you are pro-regime. I do not mean about the benefits which can be taken of being such a lunatic. I want to emphasize the psychological comfort that offers pro-regime position.
"State controlled private" TV channels enables me to transform myself into this position. As said above, once I tried. A politician who is presented as an opposition party member (in fact, he is a pseudo-opposition party member) was talking about the economical achievements that the government accomplished, in the past years and so on... I felt like as if I live in Switzerland. "My goodness, why the opposition don't want to see how we are getting ahead of ourselves (since no country as powerful as ours, we have to compete with ourselves)?!", I thought.

Saturday 5 March 2011

Arabic Impact on Azerbaijan

The revolt spirit of the Arab world had and continues to have its impacts on the Middle East countries. Within the Arab countries itself the influence had similar results; People flown to the streets demanding their rights, and the dictators who promises changes, meantime restraining the media. However, in non-Arab countries of the region such as Turkey and Iran the situations were different.
Demonstrations took place in Turkey were quite normal and people normally expressed their will and support to the Muslim brothers. There was not even a sign of violence in the demonstrations what we cannot say about Iran. Actually, if Turkey can be considered as a country that benefited mostly from the recent events, the Islamic Republic of Iran is definitely the country who found herself in the stupidest position. It was very ridiculous when ayatollah backed the Arab revolutions calling them "Islamic" and after the demonstrations took place in Tehran, blamed Washington (and of course Tel Aviv ) in pulling the strains of the ongoing events.

Wednesday 2 March 2011

Sübut olunmuş aksiomlar

Hər kəs həyatın fani olduğunu bilir, amma heç kəs buna hazır deyil. "Hər ölüm vaxtsız ölümdür" deyirlər. Amma məncə, burda "vaxt" sözü "zaman" anlamında deyil. "Vaxt" burda insanın kimliyindən asılı olan bir məfhumu ifadə edir. Bir insan nə qədər şərəfli və başqalarına lazımlı olarsa, onun dünyadan köçməsi o qədər "vaxtsız" sayılır. 
Kim bilir, bəlkə 6 il öncə - Tanrım, vaxt nə qədər sürətlə gedərmiş..., Elmar Hüseynovu qətlə yetirməsəydilər, indi ölkədə necə inqilabi əhval-ruhiyyə vardı. Elmarın "Monitor"unda kral çılpaq idi. Çılpaq kral isə özünün geyməli olduğu (sözünü bütün mümkün mənalarında) ağ örtüyü Elmara geyindirdi...

Amma dərs çıxardılar; Onlar bir jurnalisti şəhid etməklə, ona ən yüksək qiyməti verdilər. Vaxtilə, eyni qiymətə Çingiz Mustafayev də layiq görülmüşdü. Elmarın elə sözü idi - "hər kəs vaxtında ölməlidir",

Friday 18 February 2011

Ah Avropa, Avropa 2

Bu aralar Qlobus rok qrupunun "Avropa" mahnısını dinləyirəm. Musiqisi heç, onu təsvir edə bilməyəcəm, amma sözləri çox əladır. Musiqili Avropa tarixi - Avropada baş vermiş döyüşlərin bir növ sihayısı. "Bloody turf of Gallipoli" ("Gelibolunun qanlı torpağı") misrası bəs elədi ki, Gelibolu haqda iki filmə baxım. Birinci Avstraliya istehsalı, 1982-ci ildə çəkilib, Mel Gibson da əsas rollardadı. İkincisi isə 2005-də türklər tərəfindən hazırlanan sənədli filmdir. Hər ikisi maraqlıdır və... dəhşətlidir.
Amma başqa bir məqam diqqətimi çəkdi; Bizim çox işlətdiyimiz bir ifadə var: "Osmanlı ilə Səfəvilər müharibə etməsəydilər, biz dünyanı idarə edərdik!" Deeeee gələ! Avropa öz daxilində bizdən çox müharibə edib, amma dünyanı avropalılar (ABŞ-ı da onlar qurub) idaər edir. İndi bizim apardığımız kimi hesabı Avropa aparsa, yəni İngiltərə və Şotlandiya, İngiltərə və Fransa, Fransa və Almaniya, Almaniya və bütün dünya müharibələri olmasaydı, yəqin ki, dünyada yeganə müstəqil dövlət ABŞ olardı - Avropa Birləşmiş Ştatları.
Uşaqlıqda "Xudafərin Körpüsü"nü oxuyub yanırdım... Ankara və Çaldıran döyüşünə daim yas saxlayırdım. Amma sonra tarix başqa şeyləri də öyrətdi, məsələn,

Wednesday 16 February 2011

Nazirləri dəstəkləyək!

Heyf deyil öz ölkəmiz?... Ətağa... Rahat oturmuşuq Feysbukda, Tunisə, Misirə dəstək veririk ki, inqilab eləsinlər.  Allahın feysinə girmək olmur Misirdə... Bizsə gecə-gündüz bilmədən İnternetdəyik - bu bizim balanslı siyasətimizin nəticəsidir. Mən fikir verdim, bu aralar bizim təhsil nazirimiz gözə dəymirdi. Mənim bir tanışım var, siyasətdən zəhləsi gedir. Amma bu inqilab söhbətləri ucundan qulağından buna təsir edib. Elə hər qabağına çıxan deyirmiş ki, "Misirə dəstək vermək lazımdır". Bu da indi mənə yapışıb ki, "qonaq otağının dəstəyini sökmüşəm, gəl, aparaq, verək Misirə". Tərslikdən də Təhsil Nazirliyinin yanında qalırıq. Yəni "hə" dediyim anda gərək eləyim. Mən ona məsələnin mahiyyətini başa salardım, amma anlamayacaq, ona görə yormuram özümü. Sadəcə, hər dəfə əlində dəstək görəndə, "Misirə belə dəstək lazım deyil" deyirəm, o da gedib başqa dəstək gətirir.

Monday 14 February 2011

Mırt

Təsəvvür elə, birisinin cibi deşik olur. (Misal üçün) Keniya polisi onun cibinə nəşə atır, nəşə də çerez deşik it-bat olur. Həmin adamı tutanda ki, nəşə var üstündə, üstündən nəşə çıxmır. Məcbur adamı buraxırlar.
Biabırçı dilxorçuluq hissiyatı beləcə yaranır.
Bu ölkədə maraqlı şeylər olur; Ramil Usubov bir dəfə demişdi ki, "400.000 adam olsalar nə edə bilərik ki?" Hər cürə etiraf bir yana, daxili işlər naziri inqilab üçün yetərsayı göstərib: 400.000!
Başqa bir şey, polisin kobudluğu idarəyə qədərdi; xüsusi "tapşırılmamısansa", səninlə deyib güləcək, hətta siyasətdən danışıb, "bu millət düzəlməz" də deyəcək. Hələ lap səmimi olsa, "imkan verin sakit oturaq da... sizə görə bizi də yuxarıdan narahat edirlər" kimi sözlərlə səndən sənə şikayət edəcək. Adam lap utanır; bu boyda ağsaqqal adam mənə görə avara oldu... Nooolar, gələn dəfə aksiya keçirmədən birbaşa gələrəm polis idarəsinə)))).
Bir şeyi dəqiq bilirəm, bizim polis bizim özümüzdən daha qəddar deyil.

Saturday 12 February 2011

Hüsnü Mübarək; Qətiyyətsiz Prezident

Bu axşam bir qanqaraldıcı, ürəkbulandırıcı xəbər eşitdim: Misirin ümummilli lideri istefa verib! Mən bu addımı həddindən atıq eqoist bir addım kimi qiymətləndirirəm! Axı sən necə öz millətini tərk edə bilərsən, ay Hüsnü? Kim gələcək sənin yerinə? Sən bu Misir xalqını necə ata bilərsən?! Əlbəttə, Mübarək özünə bəraət qazandırır. O deyir ki, 30 ildir xalqa xidmət etmişəm, artıq yorulmuşam.. Heç utanmırsan? Sən hərbçisən! Sən ölənə qədər xidmət etməlisən! Doğrudur, bu yolda yorula bilərsən, amma bunu bildirməməlisən! 30 il Misirə prezidentlik etmisən, axı səndən yaxşı bu işi kim bilə bilər? Nə olsun ki, iki milyon adam çıxıb Qahirənin küçəsinə sənə, sən də məni bağışla, "rədd ol" deyir?! Ay kişi, 30 il kreslo görmüş adamsan, özün hesabla; Qahirədə nə qədər adam yaşayır? Təxminən 20 milyon. Nə qədəri getməyini istəyir? 2 milyon! Sən 10%-in sözüylə oturub-durursan? Bəs ümidlərini sənə bağlayıb, evində oturan o 18 milyon neyləsin? 2 milyon vandal (ayanes demişkən) çıxıb ağzına gələni qışqırır deyə, sən istefaya getməlisən?

Friday 11 February 2011

Egypt's Revolution: Freedom&Dignity


"Xarici Siyasət"dən olduğu kimi götürdüyüm yazı


From Samizdat to Twitter

From Poland to China to Egypt, the free flow of information is the oxygen of democracy.

BY WALTER ISAACSON | FEBRUARY 8, 2011

The uncertainty surrounding Egypt's future is fueling a debate: Are we witnessing Tehran in 1979 or Prague in 1989? Is Egypt on the threshold of theocracy or democracy? The truth is that there is no way to know. But the flood of texts, emails, Facebook posts, tweets, and YouTube videos that continue to stream out of Egypt remind me of samizdat -- the illegal grassroots literature that circulated underground throughout the former Soviet Union during the Cold War.

Friday 4 February 2011

Gic müsəlman... 2

Misir və İsarilin ərazi müqyisəsi - İsrail
 ərazisinin ölçüsü mavi rəngdədir
Əhali: Misir - 84 mln; İsrail - 7mln. 
Maraqlı söhbət eşitdim; açığı bir az da xətrimə dəydi. İslam qardaşlığı adlı bir hərəkat var Misirdə, elə mən də dünən-srağagün xəbər tutmuşam varlığından. Amma deməginən, yaman qudurğan bir hərakat imiş. O mənada qudurğan ki, anti-Qərb, anti-İsrail yönümlü bir hərəkatdır. Yaman göylə gedirlərmiş - şayiələrə görə, deyiblər ki, iqtidarı alsaq əlimizə İsraillə müharibə eləyəcəyik. Bax, sonra da deyirlər ki, H.Mübarəki İsrail dəstəkləyir. İndi İsrail olmayıb, İsrafil olsa kimi dəstəkləyər?! Özü də o hərəkat ki, İsarilə qarşıdır, o elə xalqına da qarşıdır. Açığı nədən belə olduğunu 100% deyə bilmərəm. Amma belə tendensiya var. Misallar gəlsin: 1. İran - bu dövlətin demokratik demirəm, insani dəyərlərə hörməti hansı vəziyyətdədir? Cavab: Daşqalaq kimi bir cəza növü var. 2. Suriya - İranın kölgəsi. Diktator Bəşər ibn Hafiz. Diktator atanın diktator balası. Ölkə əhalisini İsrail kimi bir dşümənin qorxusu altında saxlamaqla öz hakimiyyətinin əbədiliyi təmin edir. Bu ölkənin cındırından cin hürkür. Amma hakimiyyətin bəhanəsi var: İsrail! Bir ərəb bundan soruşmur ki, "ay Hafizin balası, biz də İsrail üçün düşmənik də, bəs onlar niyə adam kimi yaşaya bilirlər?!" 3. Livan - bu ölkə heç də həmişə anti-İsrail olmur; Hızbullahdan Hızbullaha... Nə vaxt ki, ölkəni Hızbullah idarə edir, onda durub Xayfaya (İsrail) raket atırlar. "Qəssam" raketləri... Yüzünü atırlar, onu gəlib çatır. O çatan onundan da biri hədəfə dəyə, ya dəyməyə! O hədəf dediyim də, çayxana filandı... Əvəzində İsrail Livan kəndlilərinin bir hissəsi ağır zəhmətdən azad eləyir; Girib bütün Güney Livanı şumlayır. Bir dövlətin ki, baş naziri (Fuad Sinyora) çıxıb beynəlxalq konfransda ağlaya!

Monday 31 January 2011

Mübarək: "Mən salim olum, cümlə Misir batsa da, batsın!"

Dünyanın ağzını açıb Misirə baxdığı anda başqa şeydən yazmaq olmur. Əslində, olur e, amma bu mənasız alınır. Məsələn, mən bu dəqiqə "Azərbaycan" qəzetindəki ABŞ-ı tənqid edən möhtəşəm (titanik, fenomenal və s.) yazıya analiz... yazını analiz eləmək istəyirəm. Gəl ki, əlim gəlmir. Bu dəqiqələrdə əl-Cəzirəyə baxıram və ilk dəfədir ki, ərəblərlə fəxr edirəm. Təkcə lidersiz inqilabı davamlı tuta bildiklərinə görə deyil, həm də əl-Cəzirə kimi kanalları olduğuna görə. Misir höküməti də bu kanala layiqli qiyməti vardi: 6 nəfər jurnalistini həbs elədi. Doğrudur, onlar sonradan buraxıldı, amma bu dəqiqə əl-Cəzirə jurnalistləri Misirdə tam "qanundankənar" şəraitdə fəaliyyət göstərirlər. Saniyəbəsaniyə hadisələri göstərən bu kanal yetərincə bitərəf olmağa, obyektivliyi qorumağa çalışır. Elə bu obyektivliklə də, dünən Mübarəkin Milli Demokrat Partiyasının rəsmisini efirə qoşdu. MDP-li əclaf elə danışdı, elə bildim bizim YAP-ın üzvünü qoşublar! Ancaq o həyasızın ağzını jurnalist cırdı - bir az ürəyim yerinə gəldi.
Adamı dəli edən başqa bir nüans bizim kanallardadır; Misir dağılır, digər ərəb ölkələri də yavaş-yavaş

Saturday 29 January 2011

Obamasayağı çıxış edən Barak

Bakı vaxtı ilə 03.30-da ABŞ prezidenti Barak Obama hal-hazırda Misirdə baş verən hadisələrə münasibət bildirib. Diqqət çəkən məqamlardan biri Ağ rəhbərinin hadisələrə gec münasibət bildirməsi idi; yalnız H.Mübarək xalqa müraciət etdikdən sonra B.Obama mətbuata açıqlama verdi. Öz çıxışında Misir hökümətini internetə və telekomunikasiya vasitələrinə qoyulmuş məhdudiyyətin götürülməli olduğunu vurğuladı. Misirdə həqiqətən də islahatlara ehtiyac olduğunu bildirən prezident bunu Qahirədə olarkən H.Mübarəkə şəxsən dediyini də qeyd edib. Prezidentin çıxışında bildirib ki, "Misirin gələcəyi Misir xalqının əlindədir". Analitiklər bu sözləri növbəti "Obamasayağı" cümlə olaraq qiymətləndiriblər. B.Obama sərt tonda və əminliklə danışsa da, istifadə etdiyi ifadələr Ağ Evin hələ də Misir xalqı və Misir prezidenti arasında seçim edə bilməməsini nümayiş etdirirdi. Misir ABŞ-ın ən çox silah ixrac etdiyi ikinci dövlətdir. Bundan başqa, Süveyş kanalı Birləşmiş Ştatlara həm iqtisadi, həm də hərbi baxımdan vacibdir. Hadisələrə münasibət bildirmiş digər dünya liderləri kimi, B.Obama da danışıqların zəruri olduğunu bildirib. Əl-Cəzirə kanalının müxbiri etirazçılardan B.Obamanın çıxışına münasibət bildirməyini istədikdə o, əlində tutduğu, ABŞ istehsalı olan qaz balonunu göstərib.
P.S. Barak Obama yaxşı kabab çəkər - nə şiş yanar, nə kabab.


"Twitter" inqilabı?!


Son parlament seçkilərində yerlərin 96%-ni qazanan partiyanın qərargahı bu yazı yazıldığı anlarda odlar içindədir. Tviter, Feysbuk yoxsa əl-Cəzirə? İnqilabı hansı elədi? Heç biri! İnqilabı Misir xalqı elədi! Əgər ərəb dövlətləri arasında "məxməri" inqilaba qadir olan bir xalq varsa, o da Misir xalqıdır. Amma inqilab "məxməri" olmadı - hələ də qan tökülür. Hələ də prezident istefa verməyib, hələ də şəhərlər toqquşmalara şahid olurlar. Ən əsası, ordunun mövqesi hələ də bəlli deyil.

Friday 28 January 2011

"Azərbaycan" ABŞ-ı tənqid edir!


Yazımı oxumazdan əvvəl yuxarıdakı keçidə daxil olub, ordakı məqaləni oxuyun. Keçid sizi "Azərbaycan" qəzetinə aparacaq. Dövlətin rəsmi qəzetinə, o qəzetinə ki, bizim verdiyimiz vergilərdən maliyyələşir. Söhbət isə heç də pulda deyil, vnimatelni olmaqdadı. Bu məqalə özlüyündə yaxşı yazıdır. 18 ildir yazı yazan adam kimi (yazmağa 3 yaşımdan başlamışam) bu məqaləni hətta son günlərin şedevr yazısı adlandırardım. Daha doğrusu, adlandırıram! Axı niyə də yox?! Nə olsun ki, Azərbaycan qəzetində çıxıb?! Zato gör, necə ABŞ-ın imperialist siyasətini ölkə zəhmətkeşləri qarşısında ifşa edib!

Saturday 8 January 2011

Necə türkçüyük axı?!!!

Bir dəfə dostum dedi ki (indi deməsin),  bir təşkilat var, gedək üzv olaq. Dedim, nə təşkilat? Dedi, Dünya Azərbaycanlıları Konqresi. İngilis dilini az-çox bilən və Disney müəllimin yaradıcılığına maraq göstərən biri olaraq DAK-a üzv olmaq istəmədim. Amma zarafat bir yana, qatı türkçü olduğumçün, addakı "azərbaycanlı" kəliməsimə görə tərəddüd edirdim. Dostumun da məndən az türkçü olmadığını nəzərə alıb, onun dediyini eləməyə qərar verdim.

DAK-ın gənclər təşkilatına gedib gəlirdik, çalışırdıq ki, bizimlə başqaları da gəlsin. Burda əsl türk ab-havası vardı. Mən bu qədər türkçünü bir arada görməyimə çox sevinirdim. Orda çox şey öyrəndim - bunu dana bilmərəm. Amma zaman keçdikcə, başqa şeylər üzə çıxmağa başladı. İfrat türkçülük, bəzi faktları görməyə mane olur. Bu elə də böyük problem sayılmır, əslində. Adam romantik olur - o qədər. Bir başqa problem də var idi. "Kurtlar Vadisi" serialı.

Thursday 6 January 2011

Gic müsəlman...

Rəhmətlik Sabir o vaxtı yazmışdı ki, "harda müsəlman görürəm, qorxuram". O vaxt müsəlmanın nə terroristi var idi, nə ekstremisti, nə də daha nə bilim nəsi... Amma o vaxt da qorxurdu. Uzaqgörən adam olub. Müsəlmanların halına baxıb, görüb ki, təhsili, savadı bu gündə olan bir qövmün gələcəyi necə ola bilər. Oldu da. Kim nə istəyir desin, amma mən "İslam terroru" termini ilə razıyam. Qardaşım, terrorçunu motivi İslamla əlaqəlidir, terrorçunun özü də müsəlmandı, mən olmayım, sən ol, buna nə ad verəcəksən? Özbək terroru?!
"Adın çıxınca, canın çıxsın" boş yerə deməyiblər - yox, bu ifadənin "İslam terroru"na dəxli yoxdu, onu lap yerində deyiblər. Amma bu kamikadze sözü var ha... dəhşətdi. İkinci Dünya Müharibəsi dövründə özlərini düşmənin hərbi gəmilərinə çırpan qəhrəman pilotların adını indi üstünə bomba bağlayıb arvad-uşaq öldürən terroristlərə veriblər. Özü də bu haqsızlığı bizim mətbuatda edirlər: "terrorçu-kamikadze". İngilisdilli mətbuat "suicide bomber", rusdilli mətbuat isə "террорист-смертник" ifadəsini işlədir.

Wednesday 5 January 2011

Avropalılar, biz və monqollar.

Məhəmməd Rza Pəhləvinin oğlu Əlirza Pəhləvinin özünə qəsd etdiyi bu saatlarda başqa şeydən yazmaq çətin şeydi. Bu adam şahzadədi. Sabiq şahzadə. İran xalqı ağ günə çıxıb, qara çadraya bürünməmişdən onun xeyli hörməti vardı. Mərhumun böyügünün (adı Rza Pəhləvidi - sanki bu lənətə gəlmiş İranda başqa ad yoxdu!) sözlərinə görə Əlirza həzrətləri güclü depressiya keçiribmiş. Zarafat gəlməsin, adamın krallığını alıblar! Ad gününə Ququşu çağıran Pəhləvi ailəsi indi İranda quş uçurda bilməz. Əvəzində gənc və perspektivli oğulbalanı Boston torpağında dəfn etməlidirlər.
Bir az rahatlaşdım. İndi istədiyim mövzudan rahat yaza bilərəm.

Saturday 1 January 2011

OptiMistika

sənə də bir quş
2010 getdi! Ura! Zəhmətkeş xalqımızı təbrik edirəm. "Bəxt üzüyü"nün üzük itən hissəsini verirlər. Ona görə yazım optimist alınmasa, günahı kinoda bilin. Açığı, anlamıram ki, niyə xöşbəxt olduğumuz bu dönəmlərdə nəyə görə bu kinonu verib qanımızı qaraldırlar. Yanlış anlamyın - bu kino ən çox xoşladığım kinolardandı, amma bu kinonun bəzi səhnələri çox ağırdır. Bizim "zəhmətkeş, optimist nəsl"ə belə kinolar yaraşmır. Bəs nə? Bizim o ucalıqda bayrağımız var! O bayraq kinodan kadrları görər, elə bilər ki, indi də elə yaşayırıq. Tüpürməzmi üzümüzə? Məncə tüpürməz, çünki o kadrları görə bilməz. Görə bilməz, çünki çox hündürdədi. Heç dibində dayanan adamı görə bilməz. Onu qaldırıb buludlardan yuxarıya qoyublar ki, aşağını görməsin. Amma ordan tüpürəsi olsa, o hündürlükdən düşən tüpürcək adamı o dünyalıq edər. Bunu elə-belə yazdım, əgər bulud aşağıdakı inkişafı görsə, sevincindən ağlayacaq.
Moşu Göyəzənli "xoşbaxlıx" sözünə qafiyə tapa bilmir. (Qafiyə mümkündü: "Bədbəxtlik"!) Niyə? Çünki xöşbəxtlik analoqsuz məfhumdu. Bizim də analoqumuz olmadığı üçün, deməli, biz xöşbəxtik - hünərin var, inanma. Varoluş (eqzistensializm) nəzəriyyəsinə görə insan özünü türmədə azad hiss edə bilər. Gör e, o boyda nəzəriyyəni nə günə qoydum! Mövzunun ipini itirməyim; Demək istəyirəm ki, bizim xöşbəxtlik ruhani bir həzzdir. Bu həzzi tutmaq istəyirsənsə, gərək ona sidq ürəkdən inanasan. Məsələn, bir igidin ayı basması ilə bütün oba fəxr edib qürurlana bilər, ayrılıqda heç kəsə xeyri yoxdu, amma ümumilikdə nəsə zırpı bir şeydi. Bu baxımdan da əgər bir körpü inşa edilirsə, o körpüdən nə qədər pul yeyiblər, o körpü orda lazımdırmı suallarıyla özüvü yormağın mənası yoxdu. Sən sidq ürəkdən inanmalısan ki, söhbət (yəni layihə) tam səmimi şəraitdə, halallıqla baş tutub. Eynən mənim kimi.

P.S. Əslində xoşbaxlığa uyğun şeir yazmaq olar - mərcə durub, "Mehtər babamın inqilabı" poemasını yazaram. Amma lazım gəlsəydi, qafiyəni ssenarist tapardı. Lazım gəlmədi, nə o vaxt, nə indi.