Google Website Translator Gadget

Wednesday 16 February 2011

Nazirləri dəstəkləyək!

Heyf deyil öz ölkəmiz?... Ətağa... Rahat oturmuşuq Feysbukda, Tunisə, Misirə dəstək veririk ki, inqilab eləsinlər.  Allahın feysinə girmək olmur Misirdə... Bizsə gecə-gündüz bilmədən İnternetdəyik - bu bizim balanslı siyasətimizin nəticəsidir. Mən fikir verdim, bu aralar bizim təhsil nazirimiz gözə dəymirdi. Mənim bir tanışım var, siyasətdən zəhləsi gedir. Amma bu inqilab söhbətləri ucundan qulağından buna təsir edib. Elə hər qabağına çıxan deyirmiş ki, "Misirə dəstək vermək lazımdır". Bu da indi mənə yapışıb ki, "qonaq otağının dəstəyini sökmüşəm, gəl, aparaq, verək Misirə". Tərslikdən də Təhsil Nazirliyinin yanında qalırıq. Yəni "hə" dediyim anda gərək eləyim. Mən ona məsələnin mahiyyətini başa salardım, amma anlamayacaq, ona görə yormuram özümü. Sadəcə, hər dəfə əlində dəstək görəndə, "Misirə belə dəstək lazım deyil" deyirəm, o da gedib başqa dəstək gətirir.
Belə adamlar çoxdu. Məsələn, bir tanışıma indiyə qədər izah edə bilmirəm ki, Misir Mərdanov kənd təsərrüfatı naziri yox, təhsil naziridir. Adamın əlində daşdan keçən sübütu var: Oğlu on bir il məktəb oxuyub, amma əqli cəhətdən çobandır! Ona elə gəlir ki, bizdə Təhsil Nazirliyinin başında Fəxriyyə Xələfova dayanır; yoxsa bir nazirlik niyə bir paltara görə avara olsun?! Məncə bu "təhsil" sözü ərəb dilində nəsə fərqli anlam daşıyır. Çünki eyni kökdən "hasil", "məhsul" kimi sözlər var! Bax indi bu boyda faktların qarşısında mən həmin o tanışıma necə izah edə bilərəm ki, Təhsil Nazirliyi millətin balaların elm, savad verməli olan bir qurumdur?! Nazirliyin adında çöl-çəmən ruhu var...
Belənçi tərs mayallaq qurumlarımız hələ çoxdu. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - ilahi, ifadənin zəhmi adamı basır! Zarafat deyil, Günəşdən Yerin dibinə kimi təbii olan nə varsa - məsələn, pambıq corab, bu nazirliyin ixtiyarındadır. Amma başında duran nazir o qədər təvazökar adamdır ki, bu nazirliyinin səlahiyyətlərinin heç bir faizini işlətmir. O, ancaq dağa çıxır - Babadağ olsun, Bazardüzü olsun, Klimancaro, fərq etməz onunçün. Hətta Antarktidada bizim naziri gördüyünü deyən pinqvinlər var. Nazir Hüseynqulu Bağırov heç Bakıda ağacların hara yox olduğu ilə maraqlanmır... Yaxud də bir ayının kədərli tarixçəsindən xəbəri yoxdur. Çünki Hüseynqulu müəllim öz vəzifəsindən geninə boluna istifadə etmir; o ancaq alpinizmlə məşğuldur. Bizim nazirin təvazökarlığı, gözütoxluğu məni valeh edir - axı "təbii sərvət" deyilən şey həm də nefti nəzərdə tutur! Əslinə qalsa, bütün bu neft söhbətlərinə o baxmalıydı. Bu qədər gözütox nazir sahibi olduğumuza görə, prezidentimizə dua etməliyik.
Yeri gəlmişkən, bu gün Əhməd Davudoğlunun əl-Cəzirəyə müsahibəsinə baxdım: Adam rəsmən ingilis dilinin İstambul şivəsində danışırdı! Amma bizim xarici işlər naziri... elə bil dilinin altın çip (çip, cip yox, sən biləsi şey deyil) qoyub. Bu adam ölkəsində baş verənlərə ingilscə don geydirməlidir! Missiyanın müqəddəsliyinə bir bax!

Hər bir nazirin funksiyasını təxminən bilirəm, amma həmişə təəccüb edirdim ki, nə əcəb bu ölkədə baş nazir adlı vəzifəni saxlayıblar?! Prinsipcə bu vəzifə öz müqəddəs borcunu 2003-cü ildə uğurla yerinə yetirdi, daha bunu saxlamaq nəyə lazım? Bu vəzifə ən azı 30-40 ildən sonra lazım olacaq. Amma sən demə, bu vəzifənin qalmasında hökümətin uzaqvuran siyasəti varmış. Nə olduğunu deməyəcəm, özünüz tapın, məni işə salmaq lazım deyil.
Bir sual verim: Bu ölkədə baş nazir nə üçündür? (Cavab Misir hadisələrində gizlənib)

No comments: