Google Website Translator Gadget

Friday 18 February 2011

Ah Avropa, Avropa 2

Bu aralar Qlobus rok qrupunun "Avropa" mahnısını dinləyirəm. Musiqisi heç, onu təsvir edə bilməyəcəm, amma sözləri çox əladır. Musiqili Avropa tarixi - Avropada baş vermiş döyüşlərin bir növ sihayısı. "Bloody turf of Gallipoli" ("Gelibolunun qanlı torpağı") misrası bəs elədi ki, Gelibolu haqda iki filmə baxım. Birinci Avstraliya istehsalı, 1982-ci ildə çəkilib, Mel Gibson da əsas rollardadı. İkincisi isə 2005-də türklər tərəfindən hazırlanan sənədli filmdir. Hər ikisi maraqlıdır və... dəhşətlidir.
Amma başqa bir məqam diqqətimi çəkdi; Bizim çox işlətdiyimiz bir ifadə var: "Osmanlı ilə Səfəvilər müharibə etməsəydilər, biz dünyanı idarə edərdik!" Deeeee gələ! Avropa öz daxilində bizdən çox müharibə edib, amma dünyanı avropalılar (ABŞ-ı da onlar qurub) idaər edir. İndi bizim apardığımız kimi hesabı Avropa aparsa, yəni İngiltərə və Şotlandiya, İngiltərə və Fransa, Fransa və Almaniya, Almaniya və bütün dünya müharibələri olmasaydı, yəqin ki, dünyada yeganə müstəqil dövlət ABŞ olardı - Avropa Birləşmiş Ştatları.
Uşaqlıqda "Xudafərin Körpüsü"nü oxuyub yanırdım... Ankara və Çaldıran döyüşünə daim yas saxlayırdım. Amma sonra tarix başqa şeyləri də öyrətdi, məsələn,
İstambulun Rusiya tərəfindən işğal oluna bilməməsini biz ingilislərə borcluyuq. İstambulun İngiltərə tərəfindən işğal edilməməsini isə ruslara borcluyuq. Almaniya, Fransa da öz yerində. Əgər bu dövlətlər vaxtilə Osmanlını öz aralarında bölə bilsəydilər, Osmanlı elə XVIII əsrdə getmişdi... Avropa həmrəylik filan yoxdur. Onları nə ümumi Avropa dəyərləri, nə də xristianlıq birləşdirir... Sadəcə, onlar bir əsrdə iki dünya savaşı görmüş bir qitədə yaşayırlar və beş barmaqları kimi bilirlər ki, bu qitə üçüncü savaşa tab gətirməz. Ona görə, adam balası kimi sosial-demokratiyalarını qurub oturublar. Bütün dünyaya soyqırım dərsi keçən Avropa indi olub Femida... Belə baxanda haqqı da var.

Ən gülməli olan odur ki, biz burdan oturub Avropaya lağ edirik; "çimməyi bizdən öyrəniblər", "əllərini yumurdular", "orada minarəyə qadağa qoyublar". Adama deyərlər, öz ölkəndə adam kimi demokratiya olsa, sosial vəziyyətin düzələr, daha sənin möminin gedib Bazeldə namaz qılmaq məcburiyyətində qalmaz. "Minarə tikməyə qoymurlar!" Cəhənnəmə qoymasınlar, ölkə onların deyil? Qardaş, xalq minarə istəmir də... nə var?... Yox, əgər sabah isveçrəlilərin əksəriyyəti minarə eşqinə düşsə, sən heç narahat olma, hökümət icazə verəcək.
P.S.Başqasının gözündə minarə axtarmaqdansa, üstündə oturduğun minarənin fərqinə varmaq lazımdır.

No comments: