Google Website Translator Gadget

Saturday 12 February 2011

Hüsnü Mübarək; Qətiyyətsiz Prezident

Bu axşam bir qanqaraldıcı, ürəkbulandırıcı xəbər eşitdim: Misirin ümummilli lideri istefa verib! Mən bu addımı həddindən atıq eqoist bir addım kimi qiymətləndirirəm! Axı sən necə öz millətini tərk edə bilərsən, ay Hüsnü? Kim gələcək sənin yerinə? Sən bu Misir xalqını necə ata bilərsən?! Əlbəttə, Mübarək özünə bəraət qazandırır. O deyir ki, 30 ildir xalqa xidmət etmişəm, artıq yorulmuşam.. Heç utanmırsan? Sən hərbçisən! Sən ölənə qədər xidmət etməlisən! Doğrudur, bu yolda yorula bilərsən, amma bunu bildirməməlisən! 30 il Misirə prezidentlik etmisən, axı səndən yaxşı bu işi kim bilə bilər? Nə olsun ki, iki milyon adam çıxıb Qahirənin küçəsinə sənə, sən də məni bağışla, "rədd ol" deyir?! Ay kişi, 30 il kreslo görmüş adamsan, özün hesabla; Qahirədə nə qədər adam yaşayır? Təxminən 20 milyon. Nə qədəri getməyini istəyir? 2 milyon! Sən 10%-in sözüylə oturub-durursan? Bəs ümidlərini sənə bağlayıb, evində oturan o 18 milyon neyləsin? 2 milyon vandal (ayanes demişkən) çıxıb ağzına gələni qışqırır deyə, sən istefaya getməlisən?
Mübarəkin son çıxışına da canlı baxdım - deyir ki, "bu gün bəzi misirlilərin dediyi məni ürəyimi ağrıdır". Düz deyir belə baxanda... Bir məhlədən keçəndə bizə tərs baxsalar, zəng eləyib söhbətə çağırmadığımız adam qalmır, buna itin sözünü deyiblər...Özü də təkcə prezidentə söyüblər! Elə də şey olar?! Heç prezidentin ölkədəki vəziyyətdən xəbəri olsaydı, biganə qalardımı bu işlərə? Əlbət ki, onun ətrafıdır bütün bunları eləyən! Bir də Misir dövlətçiliyinin düşmənləri! Bax, Mübarək də bu məsələləri o iki milyon adama izah edə bilmədi! Nə qədər and-aman elədi ki, "mən də sizlərdən biriyəm" - inanmadılar. Əksinə, lap pis söyməyə başladılar... Bu da ahıl çağlarını yaşayan adamdı... daha vurub-yıxan dövrləri deyil... tez kövrəlir. Efirdən bəyan elədi ki, "ürəyim ağrıyır" - yenə də anlamadılar. O da tüpürdü hər şeyə! Mən Mübarəkin bircə günahını burda görürəm, sənin ürəyin ağrıyır deyə, xalqı sabitlikdən məhrum etməlisən? Sən ürək ağrılarına dözməliydin - səni hər hansı bir konsert zalında infarkt vurana qədər hakimiyyətdə qalmalıydın! Mən hələ adam tanıyıram ki, öləndən sonra ölkəyə baş nazir təyin eləyib! Əlbəttə, bunu eləmək üçün gərək Tanrının və Əzrayılın yanında bir az hörmətin olsun, yoxsa, kimdi səni geriyə qayıdıb, bu boyda təyinatı həyata keçirməyə qoyan?! Sənin istefa verməyin bir tərəfə dursun, oğlunu da varislikdən məhrum elədin - bax, bunu heç Allah da bağışlamaz, axı Tanrı qul haqqını əfv eləmir! Axirətdə Camal Mübarəkin hüsnünə necə baxacaqsan Hüsnü?! Tüpürməyəcəkmi sənin üzünə ki, "ay şərəfsiz, özün gedirdin, gedirdin, bəs məni niyə qoymadın prezident olmağa?!" Nə deyəcəksən onda?! Deyəcəksən ki, ürəyim ağırıyırdı?! Ata ölsə də öz səlahiyyətlərini oğluna ötürməlidir! Axı dahi siyasətçinin - 30 il prezident olmaq və dahi olmamaq mümkün deyil - oğlundan başqa kim onun özü qədər siyasəti bilə bilər?! Yenə yerinə oğlun gəlsəydi, rahat olardıq... Amma sən... nəslini də çəkib getdin - ayıb olsun! Tfu sənə... qədirbilməz! Kreslo qənim olsun sənə! Polislərin ahı tutsun səni... Bəlkə də sən bir küncdə çəkilib ağlayırsan - amma nahaq! Sən vaxtında misirlilərə başa salmalıydın ki, "meydan dövrü getdi artıq", "ümumdaxili məhsulumuz 7 dəfə artıb", "7 milyon iş yerimiz var", "hərbi büdcəmiz İsrailin dövlət büdcəsindən çoxdur"... nə bilim çoxdur belə şeylər.... Amma sən bunları demədin... Nəticə də belə...
P.S. Misir xalqı hələ çox sonra biləcək ki, "Mübarək yaxşı idi, ətrafı qoymurdu işləməyə"...
P.S.S. Qoca kişinin qəlbinə dəymək isə misirlilərin mentalitetsizliyindən xəbər verir.

No comments: