Google Website Translator Gadget

Wednesday 10 November 2010

Neyniyey, ala?

"Nə etməli?" sualı yeni bir şey deyil, bu sual müxtəlif zamanlarda, müxtəlif peşə sahiblərini düşündürüb. Hətta onun lokal versiyaları da olub, yada salaq, M.Ə.Sabirin "Nə yazım?" adlı şeiri var. Mahiyyətcə eyni sualdı, amma formaca, bir az da dəqiq desəm, əhatə dairəsinə görə kiçildilib. Amma "neyniyey, ala?" sualı fərqlidir. Ona görə fərqlənmir ki, müəllifi mənəm (əslində belə olmasını istərdim), fərqlənir, çünki bu sual daha çarəsizcəsinə işlənir! Burda bir ümidsizlik, bir nisgil var... Bu sual özündə batmış gəmiləri, artıq keçmişə dönmüş gələcəyi ehtiva edir. Bunun əksinə, "nə etməli?" isə daha çox gələcəyə doğru optimist baxışların doğurduğu sualdı, sanki əlində 10 manat tutub, vitrinə baxaraq, nə alacağın barədə düşünürsən. Əlində resursun var, imkanın var. Mənim sualımda isə sanki birisi sənin əlindən pulunu alıb, salıb səni təpiyinin altına, üstəlik sən də acsan. Yəni, xaricdən təpiyin, daxildən aclığın verdiyi sancı sənə əziyyət verir. (Üstəlik pulun da həmin kəlpeysərdə)
İndi isə misalın məcaz maskasını çıxarıb, ümumiləşdirək: Ala, axı bir parlament mandatı nə olan zibildi ki, onu bizə qıymadılar?! Sanki 125 mandat istəyirdik... Ala, bu 125 deputatın bir dənəsi "destruktiv, radikal müxalifət"dən olaydı da.... Tanrı belə o boyda allahlığı ilə, yanında Əhriməni (Şeytanı) saxlayır! Ala, bir dənə cəbhəçi, müsavatçı buraxaydınız da! Belə ədalətsizliyi, nəinki allah, heç ABŞ Dövlət Departamenti də götürməz! Cigər, bu qədər saxtakarlıq olar?! Mürəkkəb vurulmaqdan dırnaq salan adamlar, hətta məktəb müdərrisləri var! Seçki məcəlləsindən xəbəri olmayan sədrlər, bülletenə, dana aptek baxan kimi baxan seçicilər var! Əvvəl "nə etməli?" deyəndə, cavab verirdik ki, "İnqilab!" İndi özümün də gülməyi tutur, bu fikrə. İnqilab? Ala, inqilabı o xalq edər ki, onun ziyalısı qabağından yeməsin! İnqilabı o xalq edər ki, ağı-qaradan seçə bilsin. Maarifi, təbliğatı normal yaymaq mümkün olan yerdə, bir təşviqat yetər ki, millət ayağa qalxsın. Əgər məni qanunsuz saxlayan polis rəisi ilə, evdə atam eyni şeyləri mənə deyirlərsə, mən neyləməliyəm? Məhlənin elə qadınları var ki, adamı cart eləyib ortadan cırarlar! Nəinki öz haqqını, lap 10m radiusdakı adamların da haqqını sökə-sökə alar! Amma sən gəl ki, bu adam seçkidə iqtidar namizədinə səs verir, çünki məktəbdən elə tapşırıblar! Başa düşmür ki, onun verdiyi səs anonimdir - bəlkə heç Tanrının da xəbəri yoxdu!
İstisnaları cibimizə qoyaraq, real mənzərəyə baxaq:
Bir tərəfdə qorxunc bir sistem. O sistem ki, adamı deqredasiyaya məruz qoyur. O sistem ki, "əgər sənin ürəyində yetərincə eşşşəklik* varsa, sən istədiyinə nail ola bilərsən" prinsipi üzərində qurulub.
Digər tərəfdə isə bu sistemin təsirinə qapılmış kütlə, xalq yox, kütlə! O kütlə ki, cəlladının təbərini itiləyir.
Üstəlik birinci və ikincinin bir-birinə üzvi bağlılığı. Korrupsionerlərlə, yazıqlaşmış xalq diffuziyaya uğrayıb.
Sayları çox az olan bir kəsim də var ki, onlar heç cür bu kaşanın içində olmaq istəmir! Əksinə, bunları bir-birindən ayırmaq istəyir. (Bu mənzərəyə inqilab üçbucağı da demək olar.)
Bəs indi neyniyey?! Yox e, doğurdan, neyniyey? Qarışa bilmərik, bilsəydik, çoxdan edərdik. Dinc dayanıb baxa da bilmirik, baxmayarq ki, edirik!
*İki "ş" yazıb eşşəyi təhqir etmək istəmirəm.

No comments: