Google Website Translator Gadget

Thursday 18 November 2010

Gəlirik!

Bu gün səhər Adnan Hacızadənin azadlığa çıxması xəbərini eşitdim. Yaxından tanımadığım bir insanın sevincinə şərik oldum. Ovqatımı təlx edəcək, hadisələr oldu, lakin heç nə vecimə deyildi - Adnan azadlıqda idi! Adnanın azadlıq xəbərini eşidən kimi dərhal Emini də düşündüm. Bu gənclərə günahsız olduğunu bilmək üçün onların yalnız üzünə baxmaq yetər. Bəzən deyirlər ki, daxili aləm özünü şəxsin sifətində göstərir - bir pis xasiyyət olan kimi dərhal üzə çırpılır. Emin və Adnana nəzər saldıqsa isə bu insanların "milçəyi belə incitməyəcəyini" düşünürəm. Amma milçəyi incitməyənlər bəzilərini "incitdilər". O incimişlər də intiqam almağa girişdilər. Bu dəfə hər şey başqa oldu; cəmiyyətə iki bloqqeri cinayətkar kimi sırıya bilmədilər. Bəlkə burda da onların  - bloqqerlərin siması böyük rol oynadı. Bu gənclərin xuliqan olduğuna kim inanar axı?! İncimişlər gec anladılar bu faktı... Necə deyərlər eşşəyə minmək bir ayıb, düşmək iki ayıb (Cəmi, üç ayıb). Tutdular, indi saxlaya bilmirlər... Buraxa da bilmirlər... Neyləsinlər?! Məcburən "nümunəvi məhbus" adı altında vaxtından əvvəl azadlığa buraxdılar - Adnanı. Eminsə hələ "nümunəvi" deyil. Bir haşiyə: "Prosesdə iştirak edən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsinin təmsilçisi Əli Nəbiyev isə Hacızadənin cəzasının qalan hissəsindən azad edilməsinə qarşı olduğunu bildirdi. Diplomun da ona Penitensiyar Xidmət tərəfindən verilmədiyini dedi. O bildirdi ki, Adnan Hacızadə ziddiyyətli xarakterə malik bir məhbus olub. Hakim bu ziddiyyətin Adnan Hacızadənin islah olunması ilə hər hansı bağlılığının olub-olmadığını soruşdu. Əli Nəbiyev dedi ki, Adnan Hacızadə qaydaları pozmasa da, cəzaçəkmə müəssisəsi rəhbərliyinin bütün suallarına vəkili ilə məsləhətləşəndən sonra cavab verib. Əli Nəbiyev bildirdi ki, elə bu səbəbdən də onlar istəyirlər ki, Adnan Hacızadə cəzası bitənə qədər həbsxanada saxlanılsın." Bəli, ağır cinayətdi! Necə yəni vəkilim gəlsin?! Soruşuruq, cavab ver! Penitensiar xidmətinin xətrinə dəydiyinə görə gərək axıra qədər "yataydı" Adnan! Əli Nəbiyevin "ziddiyət" anlayışına heyran qalmamaq mümkün deyil! Həm də özü qeyd edir ki, "qaydaları pozmasa da" - yəni bir növ Adnan "ponyatkasızlıq" eləyib. Əlbəttə, qanunla danışmaq, qanunu bilərək onların çərçivəsində davranmaq bəzən "ponyatkasızlığ"a səbəb olur. Ondansa, "penitensiar" sözünü dəyişin, beşinci hərfi yazmamış adamı yortarlar.
İncimişlər Adnanı buraxmaqla ondan yaxalarını qurtardıqlarını zənn edirlər - Adnansa əl çəkmir; Bəraət üçün məhkəməyə müraciət edib. İncimişlər xirtdəyə qədər poxa batıblar. Deməli, bu variant da işləmir... Emin üçün başqa bir şey fikirləşmək lazımdır. Emini də belə buraxsalar, o da məhkəməyə verəcək. Bu ara onsuz da hökümətin vətəndaşlara filan qədər avro təzminat borcu var. Avropa məhkəməsinə də sanki vəhy gəlib; iş-gücünü atıb, bizim sayğı(təpəsinə)dəyər hökümətimizə ard-arda cərimə kəsir... Bizim hökümətin vəziyyəti "prava"sız sürücünün oğurladığı maşında, içkili halda, sərhədi pozan an polisə ilişməsinə bənzəyir. Avropa da elə məbləğdə təzminatlara qol qoyub ki, sanki neft üstündə oturmuşuq! İndi Adnanla Emin də bunları məhkəməyə versə ki, artıq birinci bunu edib, incimişlər gərək dəsmal götürüb ağlasınlar.
Həm də bütün bu hadisələr Eynulla Fətullayev faktorunun (o artıq jurnalist deyil, faktordur) mövcudluğu şəraitində baş verir!!! Hökümət E.Fətullayevin sayəsində xərçəngə tutulub. Ağrıdan şıllaq atır, isteriyaya qapılır, nəticədə nə etdiyini özü də anlamır. Əgər Eynulladan sonrakı hadisələrə fikir versək, hamısında bir isteriya, panika görərik. Bu isteriya seçkilərdə pik nöqtəyə çatdı.
Keçmisiz tilova neokommunist (yəni kommunizmin töküntüləri) yoldaşlar... Rəhmətlik Baba Pünhan necə diaqnoz qoymuşdu:
"Tazə qurum köhnə maketlə gedir."
Köhnə maket hara getdisə, siz də ora gedirsiz. Unutmayın, Adnan, Emin kimi gənclər heç bir cəmiyyətdə çoxluq olmayıblar, amma onların olduğu cəmiyyətlərdə çoxluq məhz onlara bənzəməyə başlayır.

1 comment:

Anonymous said...

Duz deyirsen onlar chox deyil,,amma onlar yashadigi cemiyyetde onlara oxshamaga calishirlar..Mence onlarin azad olmasi insanlarda mubarizeye olan inami daha da artiracaq..Mende sen kimi,,onlari qiyabi tanisamda cox sevindim...