Google Website Translator Gadget

Wednesday 2 March 2011

Sübut olunmuş aksiomlar

Hər kəs həyatın fani olduğunu bilir, amma heç kəs buna hazır deyil. "Hər ölüm vaxtsız ölümdür" deyirlər. Amma məncə, burda "vaxt" sözü "zaman" anlamında deyil. "Vaxt" burda insanın kimliyindən asılı olan bir məfhumu ifadə edir. Bir insan nə qədər şərəfli və başqalarına lazımlı olarsa, onun dünyadan köçməsi o qədər "vaxtsız" sayılır. 
Kim bilir, bəlkə 6 il öncə - Tanrım, vaxt nə qədər sürətlə gedərmiş..., Elmar Hüseynovu qətlə yetirməsəydilər, indi ölkədə necə inqilabi əhval-ruhiyyə vardı. Elmarın "Monitor"unda kral çılpaq idi. Çılpaq kral isə özünün geyməli olduğu (sözünü bütün mümkün mənalarında) ağ örtüyü Elmara geyindirdi...

Amma dərs çıxardılar; Onlar bir jurnalisti şəhid etməklə, ona ən yüksək qiyməti verdilər. Vaxtilə, eyni qiymətə Çingiz Mustafayev də layiq görülmüşdü. Elmarın elə sözü idi - "hər kəs vaxtında ölməlidir",
daha satılacağı, satacağı ana qədər yaşamamalıdır. Ancaq düşünmürəm ki, Elmar "vaxtında" getdi dünyadan. Çünki o, bu gün də yaşasaydı, öz mövqesini qorumuş olardı. Əslində, elə bu səbəbdən onu yaşatmadılar. Adi adamları qorxudurlar, cəsarətli adamları satın alırlar, ancaq qorxamayan və satılmayan adamları fiziki cəhətdən yox etmək lazım gəlir. Ancaq bu elə də asan iş deyil. Əgər asan olsaydı, Elmarın ardınca Eynulla Fətullayev də o şərəfə layiq görülərdi.

Lakin Eynulla üçün daha "yaradıcı" üsul tapıldı. Adətən, pulunu ala bilməyən fahişələrin istifadə etdiyi üsul: Şərləmə. Bu gün Eynulla həbsdədir, baxmayaraq ki, H.Əliyevin atdığı imzayala Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına keçmiş Azərbaycan məhkəmələri özlərindən yuxarı instansiyanın qərarını yüz yerə fırladaraq yerinə yetirmirlər. Əgər belə getsə, Eynullanı həbsdə saxlamaq üçün yeni konstitusiya yazmalı olacaqlar. Eynullanı öldürə bilmirlər, ona görə sındırmaq istəyirlər. Eynulla isə, hər sınmadığı saniyə ilə qəhrəmanlıq nümayiş etdirmiş olur. Yalnız axmaq adamlar onun hər hansı bir xarici kəşfiyyata işlədiyi, terrorist yaxud narkoman olduğu xəbərlərinə inanar.
Eynullanı öldürə bilmirlər - buna Elmar imkan vermir. Elmar öz ölümüylə nümayiş etdirdi ki, insanı fiziki cəhətdən aradan götürmək, heç də onun verdiyi "baş ağrısı"nı aradan götürmür. Buna görə, Elmardan sonra jurnalisti öldürmək variantı iflasa uğradı. Eynulla isə, jurnalistin həbs olunaraq susdurulması üsulunu məhv elədi. Buna görə də, iki bloqqer Emin və Adnanı azad elədilər. Əmin olun, E.Fətullayev həbsdə olmasaydı, bu iki gənc "vaxtından əvvəl" azadlığa buraxılmazdı - rejim təzyiqlərə davam gətirərdi. Emin və Adnan isə göstərdi ki, artıq nəinki jurnalisti, hətta bloqqeri də şərləyərək həbs eləmək vəziyyəti düzəltmir.
Görək daha kimə neyləyəcəklər ki, tək problemin özləri olduğunu anlasınlar...

No comments: