Google Website Translator Gadget

Wednesday 5 January 2011

Avropalılar, biz və monqollar.

Məhəmməd Rza Pəhləvinin oğlu Əlirza Pəhləvinin özünə qəsd etdiyi bu saatlarda başqa şeydən yazmaq çətin şeydi. Bu adam şahzadədi. Sabiq şahzadə. İran xalqı ağ günə çıxıb, qara çadraya bürünməmişdən onun xeyli hörməti vardı. Mərhumun böyügünün (adı Rza Pəhləvidi - sanki bu lənətə gəlmiş İranda başqa ad yoxdu!) sözlərinə görə Əlirza həzrətləri güclü depressiya keçiribmiş. Zarafat gəlməsin, adamın krallığını alıblar! Ad gününə Ququşu çağıran Pəhləvi ailəsi indi İranda quş uçurda bilməz. Əvəzində gənc və perspektivli oğulbalanı Boston torpağında dəfn etməlidirlər.
Bir az rahatlaşdım. İndi istədiyim mövzudan rahat yaza bilərəm.

Bəzən mənə elə gəlir ki, çoxumuz işlətdiyimiz əşyalara layiq deyilik. O əşyalar bizim mühitə yaddılar. Ən birinci misal ölkəmizdə "sentizator" adıyla tanınan, düzgün adı "sintezator" (sintez edən) olan musiqi alətidir. Mən səmimi qəlbdən inanmaq istərdim ki, axirətdə bu alət ondan qıjıcasına istifadə edən çalğıçılardan hesab soracaq. Bu alət, kim bilir, hansı böyük şedevrlər üçün yaradılmışdı. Ancaq İsveçrə saatları saydıqlarını saysınlar, gör, bizimkilər nə sayır: çevirib elədik "sentizator" və başladıq ən axmaq ritmlər və (niyaməddinsayağı) səslər üzərində musuqu bəstə... basmağa. Bu alət hətta nağara ritmlərini də əvəz eləməyə başladı, buna məcbur edildi. Halbuki, sintezatorun universallığı ona imkan verirdi ki, klavişlərlə ifa etməyi bacaran birisi artıq simli alət üçün nəzərdə tutulan musiqiləri də ifa edə bilsin. Başqa imkanlar da var, amma nə olsun?! Biz o imkanlardan da ibtidai instinktlə istifadə edəcəyik.
Maşının Almaniyadan olanını sevirik, saatın İsveçrədən. Holland pendirindən ötrü ürəyimiz gedir, amma Niderlandı homoseksuallar diyarı kimi tanıyırıq. Bizə görə avropalılar çimməyi bizdən öyrəniblər, amma biz unitaz alanda gərək çex unitazı alaq. Kafelimiz İspaniyadan olmalıdır. Çox sayaram, amma nəticə birdir.
Danışanda hamı müsəlmandı, amma "bəs axı filankəs də müsəlmandı, filan-filan oyunlardan çığır, bunu hara yazaq?!" soruşsan, deyəcək "o əsl müsəlman deyil". Yox, əsl müsəlman elə odu. Çünki tək tanrını və Məhəmmədin Tanrı elçisi olduğunu qəbul edən hər kəs müsəlmandır. Bu gün "müsəlman" sözü "monqol" sözü kimi bir şeydi. Əlil sayıla biləcək qədər axmaq insanlar qalın şriftli cümləni təhqir saya bilər, ancaq tarixi üzdən də olsa bilən şəxs bu analogiya ilə tam razılaşar. Nə vaxtsa, dünyanı qorxudan dəli edən monqollar Sovet Azərbaycanında axmaqlıq etalonuna çevrilmişdi. Hansısa bir monqol bizə desəydi ki, "ala, heç olmasa siz lağ eləməyin də... Azərbaycanı, Şirvanı, Ərməniyyəni bizim kəşfiyyat dəstəmiz işğal eləmişdi!" Ona sadəcə deyərdik ki, "getdi o dövran!" Eynilə, dünya müsəlmanları üçün də o dövran getdi. Demokratik cəmiyyət və normal yaşayış məfhumu heç bir müsəlman dövlətlərində yanaşı gəlmir.
Biz də qalan müsəlmanların tayıyıq. Təkəbbürlü, hər şeyin kökündə özünün durduğunu zənn edən insan sürüsü.  Əksər müsəlmanlar kimi, bizim də inancımız sərf eləyən yerə qədərdir. (Bizim millətçimiz də elə bu gündədir - ancaq bu ayrı, geniş mövzudur.) Bizim kompyuterimizin işlədiyi hər saniyə haramdı - neçə nəfər lisenziyalı əməliyyat sistemindən istifadə edir? Bəs komyuterimizdəki digər proqramlar? Telefon alanda "vzlom" edirik - sistemini sındırırıq ki, lisenziyasız proqramlardan istifadə eləyək. Halbuki, normal avroplalı/amerikalı bu proqramın pulunu ödəyib lisenziyasını alır.
ayfonun eksklüziv Azərbaycan versiyası
Biz ayfonu ("iPhone") da sındırırıq. Ya da gedib, Çinin "Cpple" firmasının ("Apple" firmasının bənzətməsi) istehsalı olan ayfon alırıq. Açığı, mən "Apple" da işləsəydim, təklif verərdim ki, xüsusi olaraq, pirat telefon işlədən ölkələrin əhalisi üçün hər cür proqrama açıq olan ayfon istehsal etsinlər. Onsuz da bu insanlar proqram təminatına görə pul ödəmir - yenə belədə nəğd olar.
Əlimizə düşən hər məqamda öyünürük... Tarixi abidəmizlə, təbiətimizlə... Görüm, düzgünlüyümüzlə öyünə bilərik mi?
P.S. Bir müsəlman gedib Massaçusetsdə oxudu, onun elmə verdiyi töhfənin adına bax: "Qeyri-səlis məntiq". Deməli, təhsilimiz olsa, ən qeyri-adi şeyləri biz yarada bilərik. Ancaq öncə ən ibtidai toplumlardan olduğumuzu etiraf eləməliyik.
P.P.S. Monqolustan heç də avtoritar ölkə hesab olunmur və işğalda olan ərazisi yoxdu.

No comments: