Google Website Translator Gadget

Monday 31 January 2011

Mübarək: "Mən salim olum, cümlə Misir batsa da, batsın!"

Dünyanın ağzını açıb Misirə baxdığı anda başqa şeydən yazmaq olmur. Əslində, olur e, amma bu mənasız alınır. Məsələn, mən bu dəqiqə "Azərbaycan" qəzetindəki ABŞ-ı tənqid edən möhtəşəm (titanik, fenomenal və s.) yazıya analiz... yazını analiz eləmək istəyirəm. Gəl ki, əlim gəlmir. Bu dəqiqələrdə əl-Cəzirəyə baxıram və ilk dəfədir ki, ərəblərlə fəxr edirəm. Təkcə lidersiz inqilabı davamlı tuta bildiklərinə görə deyil, həm də əl-Cəzirə kimi kanalları olduğuna görə. Misir höküməti də bu kanala layiqli qiyməti vardi: 6 nəfər jurnalistini həbs elədi. Doğrudur, onlar sonradan buraxıldı, amma bu dəqiqə əl-Cəzirə jurnalistləri Misirdə tam "qanundankənar" şəraitdə fəaliyyət göstərirlər. Saniyəbəsaniyə hadisələri göstərən bu kanal yetərincə bitərəf olmağa, obyektivliyi qorumağa çalışır. Elə bu obyektivliklə də, dünən Mübarəkin Milli Demokrat Partiyasının rəsmisini efirə qoşdu. MDP-li əclaf elə danışdı, elə bildim bizim YAP-ın üzvünü qoşublar! Ancaq o həyasızın ağzını jurnalist cırdı - bir az ürəyim yerinə gəldi.
Adamı dəli edən başqa bir nüans bizim kanallardadır; Misir dağılır, digər ərəb ölkələri də yavaş-yavaş
tərpənir, bunların heç (yüngül desəm) veclərinə deyil! Mən bir ara zənn elədim ki, biz Kuril adalarında yaşayırıq, Yaxın Şərqin bizə heç dəxli yoxdu. Amma bu münasibət bəllidir, tipik görməzlikdən gəlmə sindromu... buna xalq arasında "peysərə vurmaq", "boynunun ardına yığmaq" və ya sadəcə, "yığmaq" deyilir.

Bizim kanallar Misirdə anarxiyanın baş alıb getdiyini bildirirlər. Yəni ki, "baxın ha.. misirlilərə baxıb ayağa qalxarsız, sizin də varınız, pulunuz, canınız, hələ dərinə getsək, cananınız təhlükəyə düşəcək!". Düz deyirlər, olacaq - inqilab etdiyimizə görə yox, başqa üzdən. O üzdən ki, həyasızlıqda bizim rejim daha H.Mübarəkdən də uzağa gedər. Mübarək, o Mübarək ki, ən axırıncı fahişə ondan daha əxlaqlıdır, bizimkilərin yanında təzə doğulmuş körpə qədər məsumdur. ("Toy olsun" icazə versə, yazını davam etdirərəm) Kanallarımız bir məqamın üstündən keçirlər; Misirdəki soyğunçuların üstündən Təhlükəsizlik Nazirliyinin vəsiqələri çıxır!!! H.Mübarək bu yolla - polisi uniformanı çıxardıb terror törətməklə bəlkə hakimiyyətini saxladı, amma yaşamaq şanslarını azaltdı. Mübərk ələ keçsə onu linç edəcəklər. Yox, bəxti gətirib Haaqa məhkəməsi qarşısında dayansa, ömrü bir az uzanacaq. Miloşoviçin generalı (adını unutmuşam, Vikipediadan rahat tapmaq olar) da müsəlmanları qıranda Mübarək qədər qüdrətli idi. Lakin devrilmiş diktatorların miskinliyi aksiomdur.
Tunisin diktatoru, hələ o adamlıq edib istefa verdi, interpolun axtarışındadır. Yəni, adam istədiyi qədər Məkkəyə gedib "30-cu dan hacı" ola bilər, amma ayağını S.Ərəbistanından kənara qoysa, batdı.
Misirlilərə isə heyran olmamaq mümkün deyil! Şəkildə təsvir olunan vəziyyət Qahirədə əl-Cəzirə kanalı tərəfindən qeydə alınıb. İnsanları su şırnağı ilə vurub dağıtmaq istəyirlər. Onlarsa, namaz duruşunu pozmurlar. Yeri gəlmişkən, namazda ayaq üstə duran hala "qiyam" deyilir; "Qiyam" sözünü biz həm də kiməsə qarşı durmaq mənasında işlədirik. Misirlilər meydanda namaz qılmaqla, bir tərəfdən Tanrıya tapınır, digər tərəfdənsə hökümətə qarşı dururlar. Allahı bilmirəm, mənim üçün namazın ən savablısı budur - heç nədən çəkinmədən.
P.S. Neçə nəfər dindarımız Azadlıq meydanında namaz qıla bilər?!


No comments: