Google Website Translator Gadget

Friday 28 January 2011

"Azərbaycan" ABŞ-ı tənqid edir!


Yazımı oxumazdan əvvəl yuxarıdakı keçidə daxil olub, ordakı məqaləni oxuyun. Keçid sizi "Azərbaycan" qəzetinə aparacaq. Dövlətin rəsmi qəzetinə, o qəzetinə ki, bizim verdiyimiz vergilərdən maliyyələşir. Söhbət isə heç də pulda deyil, vnimatelni olmaqdadı. Bu məqalə özlüyündə yaxşı yazıdır. 18 ildir yazı yazan adam kimi (yazmağa 3 yaşımdan başlamışam) bu məqaləni hətta son günlərin şedevr yazısı adlandırardım. Daha doğrusu, adlandırıram! Axı niyə də yox?! Nə olsun ki, Azərbaycan qəzetində çıxıb?! Zato gör, necə ABŞ-ın imperialist siyasətini ölkə zəhmətkeşləri qarşısında ifşa edib!

Məqalənin başlığı latın dilində başlayır: "Qui non est nobiscum, adversus nos est" - tərcüməsini demirəm, zəhmət çəkib oxuyun yazını, orda var. Başlığı oxuyanda məni tər basdı, hiss elədim ki, əlimdə dəyərli bir şey tutmuşam (sonradan fərqinə vardım ki, əlimdə tutduğum həmən o dəyərli şey telefondu). Bu yazını telefonumdan oxudum, ona görə neçə səhifə olduğunu deyə bilmərəm, amma oxunaqlı olduğuna əminəm.
Mən rüşvət almayan nazir olduğuna inanardım, amma nə vaxtsa, "Azərbaycan" qəzetini oxuyacağıma inanmazdım. Məni buna təhrik edən qarşımda gedən bir müzakirə oldu: Üç yazar Qan Turalı, Qənimət Zahid, Turxan Qarışqa, bəlkə başqaları da olub, amma yadımda bunlar qalıb, məhz bu məqaləni müzakirə edirdilər. Məqalədəki dəyərli fikirlərə necə kölgə saldıqlarını yalnız oxuduqdan sonra anladım! O qədər dəyərli fikirlər var ki yazıda, mən gərək buna iki-üç bloqpost həsr edəm... Nəysə, bu sonranın işidir. Hələ ki, əvvəldən başlayım.
Latın dilindəki başlığın şokundan ayılanda sonra Corc Sorosun, ABŞ siyasətinin necə tənqid olunduğunu oxuyuram. Çox ciddi tənqidlər var. Sitat: "ABŞ "xeyriyyəçi" Corc Sorosun, ABŞ Konqresinin və Dövlət Departamentinin vəsaitləri hesabına maliyyələşdirilən "Azadlıq radiosu", Amnesty International, Freedom House, Human Rights Watch və Transparency International kimi "demokratik dəyənəklər"dən istifadə edilməsi üzrə lider olaraq qalır." Əlbəttə, dövlətdən maliyyələşən "Azərbaycan" qəzetinin səhifələrin bu cümlələr çox kəskin səslənir! Bir də ki, adam kişi olar, ABŞ mediası öz ölkəsində obyektivliyi gözləyir axı... Birləşmiş Ştatlar mediası öz hökümətinin də başına oyun açır... Bizdə heç olub ki, dövlət nəşri dövlət başçısını tənqid etsin? Olub! Prezident Elçibəyin dövründə. Sonradan bu ənənə nəinki aradan qalxdı, hətta bunun mümkünlüyü də istisna olundu. Bu qeydim xırda bir nüans idi, yəqin məqalənin müəllifi bunu unudub, ola bilər. Yoxsa, bu boyda səhv eləmək üçün adam gərək 30 il Robinzon Kruzo ilə qonşu olsun. Burda diqqətimi başqa bir məqam da çəkdi. Adları çəkilən medianı ABŞ əlində dəyənək kimi istifadə eləyirmiş, okay, razı. Amma hansı ölkə bundan istifadə etmir ki? Bu qadağan olunmuş "dəyənək"lərdən deyil axı... Nəysə, bu da xırda məqamdı, məqalənin ümumi gözəlliyinə xələl gətirmir.
Ardıyca oxuyuruq... MKİ-nin (CIA) jurnalistləri necə kəşfiyyat işlərinə qatdığından, hədələdiyindən bəhs edir. MKİ-yə çalışan jurnalistlərdən bəhs olunur. Açığı bu hissəni oxuyanda elə zənn etdim ki, məqsəd MKİ-ni tərifləməkdir. Çünki yazılanlar bir kəşfiyyat müəssisə üçün tərif sayılır. Ən nüfuzlu qəzetlərdəki jurnalistlər arasında MKİ agenti var - qardaşım, Ruslan Bəşirli əməliyyatı nə tez yaddan çıxdı?! Onu kim satmışdı? Əgər bizim MTN adi bir gənclər təşkilatına adam salırsa (ki, mənim buna etirazım yoxdu), MKİ nə üçün Los Ancelos Taymsa agent salmasın axı?... Dediyim kimi, burda mən MKİ-nin bacarığına həsəd aparıram... İşgəncələrə gəldikdə isə, tamamilə haqlıdırlar. Məsələn, bizim polis idarələridir, həbsxanalardır, nə bilim, elə MTN özü olsun - kim çıxıb deyə bilər ki, onlara orda bir çırtma vurublar?! Elə bir şey olsa, mətbuat, xüsusən, "Azərbaycan" qəzeti bunu işıqlandırar, demokratiya ölməyib ki!

Ardı var...

No comments: