Google Website Translator Gadget

Saturday 8 January 2011

Necə türkçüyük axı?!!!

Bir dəfə dostum dedi ki (indi deməsin),  bir təşkilat var, gedək üzv olaq. Dedim, nə təşkilat? Dedi, Dünya Azərbaycanlıları Konqresi. İngilis dilini az-çox bilən və Disney müəllimin yaradıcılığına maraq göstərən biri olaraq DAK-a üzv olmaq istəmədim. Amma zarafat bir yana, qatı türkçü olduğumçün, addakı "azərbaycanlı" kəliməsimə görə tərəddüd edirdim. Dostumun da məndən az türkçü olmadığını nəzərə alıb, onun dediyini eləməyə qərar verdim.

DAK-ın gənclər təşkilatına gedib gəlirdik, çalışırdıq ki, bizimlə başqaları da gəlsin. Burda əsl türk ab-havası vardı. Mən bu qədər türkçünü bir arada görməyimə çox sevinirdim. Orda çox şey öyrəndim - bunu dana bilmərəm. Amma zaman keçdikcə, başqa şeylər üzə çıxmağa başladı. İfrat türkçülük, bəzi faktları görməyə mane olur. Bu elə də böyük problem sayılmır, əslində. Adam romantik olur - o qədər. Bir başqa problem də var idi. "Kurtlar Vadisi" serialı.

"Bunun harası problemdi?" soruşa bilərsiz... Qardaşım, heç seriala da istinad eləyib fikir söyləmək olar?! Kimi dindirirsən, masonlardan, yəhudilərdən danışır! Hələ bunun üstünə Harun Yəhyanı da gəl! At izi ilə it izinin qarışdığı məqam - tarixi mənbə əvəzinə, götürür, Harun Yəhyanın kitabını ki, filan şey əslində belə olub. Savadlarının dayaz olduğunu iddia eləmirəm, bunu iddia eləməkçün yetərincə savadlı sayılmıram. Lakin güclü məntiq sahibi olmadıqlarına əminəm. Ayrıldım onlardan. Bir şeyə heyfsilənirəm: Aralarında çox savadlı və həm də öyrənməyə ac olan uşaqlar vardı. Tanrı səviyyəsində məzələnmə burda da özünü göstərir: Biliyi dayazlar elə hər şey üstündə mübahisəyə girirlər, savadlı olanlar isə susub dinləyirlər. Əslində, Mübahisə - öyrənməyin bir yoludur. Amma mübahisənin öz qaydaları var: Birincisi, öncədən özünə təlqin etməlisən ki, qarşı tərəf də haqlı ola bilər. İkincisi isə, qarşı tərəf haqlı olsa, qazanan sən olursan. Çünki, sən ondan təzə şey öyrənmiş olursan, o isə nə bilirdisə, onu da bilməkdə davam edir. Bu iki prinsip başqa bir şeyə də imkan verir. Sən öz mövqeni tabu hesab etmirsən və rahatlıqla özünü qarşı tərəfin yerinə qoya bilərsən. Qayıdım mətləbə. Mübahisə eləməyin qaydasını bilməyən adamlarla mübahisə eləmək zülmdür. Belədə bir yol var: öz fikrini təkrar-təkrar deyirsən, qarşı tərəfi çərlədirsən (təcrübədə yoxlanılıb - 99% qarantiya). DAK-da türkçülük deyəndə qopuz-saz, çalıb-oxumaq, türkçü kitablar nə bilim nələr, nələr... Amma nəbadə demokratik islahatdan zaddan danışasan! Bu adamlar üçün Elçibəy böyük türkçüdür (bunu qəbul etməyən *** yeyir, ulduzun yerinə istədiyinizi qoyun), amma qətiyyətli siyasətçi deyil. Bu adamlar hökümətin anti-türk siyasət yürütdüyünü bilə-bilə ona qarşı çıxmırlar. Siyasətə qarışmırlar çünki. Bəziləri isə ciddi-ciddi söhbət eləyir: "bunları (yəni höküməti) içəridən çökərtmək lazımdır; içlərinə yavaş-yavaş türkçüləri salmaq lazımdır." Caaaaan.... bunu iddia eləmək üçün nə qədər romantik, optimist və... ardını da deyərdim, amma bunu deyən adamın məhz sadəlövhlükdən dediyini bilirəm. Mən nə qədər müxalifətçi olsam da, qarşı tərəfin axmaqlardan ibarət olduğunu düşünəcək qədər axmaq deyiləm.

Mənim müxalifətçiliyimi həmişə gözümə soxurlar... Guya ki, mən onları siyasətə alət eləmək istəyirəm.
Qəbul etmək lazımdı: türkçülük, Zəlimxan Yaqub kimi şeir demək, yaxud bütün dünyanın türklərə məxsus olduğunu bəyan eləmək deyil. Konkret olaraq, bir şeyə qarşı çıxa bilməyən bu türkçülər elə çalmaq-oxumaqdan başqa iş bilmirlər. Özü də bunlara görə, bütün dünya türk düşmənidir. Seymur Baycanın "El İçində" verilişində dediyi örnək ideal cavabdı: "Mən əvvəl dərd çəkirdim ki, Osmanlı və Qızılbaşlar müharibə etməsəydilər, indi türklər dünyanın sahibi olardılar. Amma sonra baxdım ki, İngiltərə ilə Fransa yüzillik müharibə etməsəydilər..." yəqin ki, nə Hindistan, nə Avstraliya, nə Amerika, nə də Afrika müstəqil olardı... 
Türklər arasında dialoq üçün ozan musiqisi, türk xalq musiqisi lazım deyil. İnsanları ortaq problemlər birləşdirir! Ortaq problemləri göstərmək üçün azad media lazımdır. Türkçü, azad media üçün nə eləmisən? Heç olmasa, medianın deyə bilmədiyi azad fikri demisən? Yox, icazə verilən qəhrəmanlıqdan danışmıram. Üsyandan danışıram! Heç demisən ki, "ümummilli lider" orta əsr təfəkkürünün nəticəsidir?! Heç demisən ki, Konstitusiyaya "türk" dili əvəzinə qondarma "azərbaycan dili" yazdıran adam türkçü ola bilməz?! Heç demisən ki, YAP anti-türk siyasət yürüdür?! Onda qarşıma keçib mənə "biz türkük, ən böyük bizik" deməklə deyil. Bu dəqiqə dünyanın ən posledni millətlərindənik!!! Durub mənə dərin dövlətdən danışaraq, "kurtlar vadisi"ni gözümdə canlandırma. Bu cür cəmiyyətdə və dövlətdə yaşadığım üçün utanıram...
Amma utanmaq azdır... bunu düzəltməyin də mənim boynuma olduğunu anlayıram. Amma işin yalnız 1/9.000.000 hissəsi mənim boynumadı. Hər kəs özü öz haqqını tələb eləsin...
Türkçülər... bunlar danışanda gülmək tutur...

No comments: