Google Website Translator Gadget

Saturday 26 March 2011

Artıq olmayan üçüncü

Gecə-gecə yenə sentimental xəyallara dalıram. Yutubdan o vaxtki Azərbaycan SSR Ali Məclisindən olan kadrlara baxıram... Köhnə emblem... köhnə RƏNG. Fikir vermisizsə, bir çox köhnə kadrlarda fon daima bir rəngdə olub: qəhvəyi. Ya da buna bənzər adını bilmədiyim başqa rəng. Adamın ürəyi sıxılır.
Nəysə, işıqlı ölkənin vətəndaşlarını çox sıxmayım. Ölkəmizdə gedən inkişafı görməmək üçün dəvəquşu olmaq lazımdır. Ötən yazımda yumurta qiymətində olan inqilabi ucuzlaşmanın səbəblərini izhar elədim. Bundan başqa, daha hansı qiymətlərdə necə ucuzlaşma barəsində parlaq iqtisadi fikirlərimi ortaya qoymuşdum.

Ölkəmiz tarixi anlar yaşayır. Biz üç Əliyevin hakimiyyətini görmüşük (Əbülfəz Əliyev, Heydər Əliyev, İlham Əliyev). Bəh-bəh, çox nadir ölkə taparsan ki, orda respublika olsun, üstəlik son üç prezident eyni soyadı daşısın. Nadir  tapıntıyıq. Bəs niyə bir saniyədə üç dəfə asqıran insanı qeydiyyata alan Ginnes, bizim qırdığımız bu möhtəşəm rekordu qeyd etmir?! Əgər sabah məlum olsa ki, bu Ginnesin arxasında o məlun Soros durur, heç təəccüblənməyin... əclaf! Amma nə yaxşı ki, bizim rəşadətli xalq belə şeyə görə ruhdan düşməz, əksinə, o daha da fəallaşar və dördüncü, beşinci həmsoyadları da hakimiyyətə gətirər.

Evimizin yanında bir bina tikilir. Adının çəkilməyini zapadlo bilən dastoynı məhlə uşağı deyir ki, ora Heydər Əliyev Mərkəzi olacaq. Ay Allah, nə qədər sevindim; axır ki, bu kişinin adına bir mərkəz oldu! Doğrudur, onun adına aeroport var, küçə var, saray var, axtarsan, bəy hamamı da var, amma mərkəz yoxdur! Uzun illər Mərkəzi Komitədə tər tökmüş, şanlı KQB generalına bir mərkəzi qıymırdıq. Amma sağ olsun, adının çəkilməsini istəməyən, lakin Heydər Əliyevin adına olan bir fond xalqın bu qədirbilməzliyini ört-basdır etməkdədir. Kim nə deyir desin, mənim üçün bu tikili mərkəz deyil, məbəd olacaq - qayınata-gəlin ülvi məhəbbətinin simvolu! Cahanşahın sevimli övrətinə tikdirdiyi Tac-Mahal kimi, bu da ümumtürk mədəniyyətinin incisinə çevrilməkdədir. Çünki bu tikilinin sementi məhəbbətlə yoğrulub. Gəlinin qayınatasına olan məhəbbəti, xalqın gəlinə olan sevgisi, xalqın qayınataya olan sevgisi... Məncə azad bənnalar (masonlar) məhz sevgi üçbucağını nəzərdə tutaraq üçbucağı öz simvolları olaraq qəbul ediblər. Ona görə də, hesab edirəm ki, Heydər-xalq tandemi artıq Gəlin-Qayınata-Xalq triumviratı ilə əvəz olunmalıdır. Bunu günün reallığı tələb edir. Hətta daimi oxucum olan YAP-ın icraçı katibi Əli Əhmədovu bu şüar əsasında yeni layihələr hazırlamağa çağırıram. Yoldaş Əhmədov məni çox istəyir (axı bu xalqın övladıyam), ürəyimi qırmaz.
Məncə, biz "Heydər Əliyev" brendini qeydiyyata almalıyıq - indidən! Bax, 50 il sonra bədnam qonşularımız çııxıb desə ki, o fenomenal şəxsiyyət türk olmayıb, onda batdıq! Bu əclaf qonşularımızın da ki sübutları daşdan keçir...

No comments: