Google Website Translator Gadget

Monday 28 March 2011

Yeni daxili işlər nazirimiz

Sağ olsunlar, toy adətimizə qarşı bəslədiyim dərin və ülvi nifrətim bir veriliş sayəsində kəskinləşdi. Veriliş Azərbaycan izləyicisinə toy tutdu... Mən evdə hər kəsin telekanallarda gedən intellektual verilişlərə necə iyrənərcəsinə baxdığını hiss etməyə bilmirəm. Cümlə ağır olmadı ki? Eybi yox, əsas odur ki, səmimi olsun.
Dərhal keçirəm Qəddafiyə. Gərçi bu kişinin adının dəqiq yazılışı "Qəzzafi"dir, amma mənə "d" hərfi ilə ləzzət edir deyə belə yazıram. Düzdür, onda bu ad bir az da "qəddar" sözünə bənzəyir, amma ziyanı yoxdur. Məncə, bizim liderimiz Qəddafi olmalıdır.
Onu çağıraq, gəlsin Bakıya. Bu adamın vəzifədə gözü yoxdur. 42 ildir ki, ölkədə bütün səlahiyyətlər bunun əlindədir, amma gəl ki, rütbəsi polkovnikdir, vəzifəsi isə... yoxdur! Yəni, adam nə prezident, nə fövqəlnazir, nə də parlament sədridir. Yenə heç olmasa, baş nazir olaydı. Amma Liviyada xiyar bitmədiyinə görə, ola bilməyib. Xiyar bitmirsə də, toyuqlar ki yumurtlayır! Bəs bu niyə prezident olmasın?! Demək ki, gözütox insandır. Ona görə də, Liviya xalqının "ləyaxsız" (yəni "qıvlaxsız") elədiyi bu uca rəhbər tezliklə tarixin arxivinə qovuşa bilər. Məncə, ayanes olaraq... tfu.. Azərbaycan olaraq, bu dahi liderə sahib çıxmalı onu çiçəklənən ölkəmizə idxal etməliyik.
Burda o daha gözəl fəaliyyət göstərər. Son günlərdə Liviya xalqına qarşı göstərdiyi rəşadət onu ölkəmizin daxili işlər naziri olmasına gözəl əsasdır. Qətiyyən düşünməyin ki, mən yoldaş Usubovdan narazıyam, amma Qəddafi olan yerdə yoldaş Ramil Usubov bir az kölgədə qalmırmı?...
Ölkəmiz hazırda Soros pullarını soran, Amerikaya pul atan radikal gənclərin aksiya keçirdiyi təlatümlü günlər yaşayır. Əlbəttə, uca millətimiz tırkaya gedən deyil; çətin ki, bu aksiyalar kütləviləşsin. Ancaq belə bir el deyimi var: El ilə gələn toy-bayramdı. Nə bilmək olar, bəlkə camaat mırta aksiyaya gəldi?... Sarsılmazmı sabitliyimizin sarsılmaz sütunları?
Ona görə də, gərək DİN mütləq əli tətikdə, maksimum hazır vəziyyətdə olsun. Lazım olan anda bu radikal gənclərin qarnını cırıb, onları öz bağırsaqları ilə dar ağacından asmaq qərarını yalnız Qəddafi verə bilər və yalnız bu yolla inkişafımıza davam edə bilərik.


No comments: