Google Website Translator Gadget

Sunday 20 March 2011

Sabitlik mücəssəməsi

Liviyaya NATO girib, Yaponiyaya radiasiya girib, NATO-nun özünə də Rusiya girib ki, "nə var Liviyaya girmisən?"... Yazını Hollivud filmləri kimi başlamağımın səbəbi qısaca dünyadakı vəziyyəti təsvir etməkdi. Sağ olsun, Tuitır sayəsində qısa və nisbətən ağıllı yazmağı öyrənməkdəyəm. Tuitırdan söz düşmüşkən, bu mərətin adı ingiliscədə "Twitter" yazılır, amma həyatımdan mərc girirəm ki (mən də belə girdim), bizim dilimizdə "Tuitır" kimi yazılmalıdır.
Beləliklə, ortada girməyən, girilməyən, neytrallıqda İsveçrəyə dərs keçən bir ölkə varsa, o da bizik! Biz deyəndə, məhlə uşaqlarını demirəm - bütün ölkəni nəzərdə tuturam.


Yadımdadı, İlahm Əliyev prezident olanda - seçiləndə demirəm, biz nə karəyik ki, onu seçək?! O bizi seçib! - əlqərəz, inaqu... andiçmə mərasimində demişdi ki, "mən hər bir azərbaycanlının prezidenti" olacam. Düzü, mən bilmədim, prezident "54 milyonluq azərbaycanlı" deyilən qeyri-müəyyən bir qövmün prezidenti olduğunu,  yoxsa 8 milyonluq azərbaycanlıya "yesəz də, yeməsəz də, prezident mənəm, başqasını axtarmayın" demək istəyirdi. Hər halda ikinci olar; ona görə ki, birincisi beynəlxalq hüquq normalarına ziddir, ona İranın Azərbaycan vilayətlərindən səs verməyiblər axı?! 30-40 milyon belə getdi... Amma Əgər MTN orda gizli səsvermə keçirdibsə, bu başqa məsələ... bəlkə də keçirdib. Yadımda, bir xeyli müxalifətçi özünü cırırdı
ki, ən çox səsi İsa Qəmbər toplayıb, İ.Əliyev isə ikinci yerdədir. Amma bu nəticəyə İran Azərbaycanını da gəlsək, onda İlham Əliyevin demokratik prezidentliyinin sirri açılacaq! Aha... İndi məlum olur ki, inaq..andiçmə mərasimində prezident necə İsa Qəmbərdən çox səs topladığının sirrini açıb. Həftə ərzində ikinci dəfədir ki, dövlət əhəmiyyətli sirrin üstünü açıram (birinci ötən yazıda)! Sonum yaxşı görünmür.

Bəli, indi görün bizim qüdrətimizi! Lazım gəlsəydi, Hollandiya vətəndaşları olan Azərbaycan türkləri arasında da seçki keçirdərik - amma orada yaşayanların mütləq əksəriyyəti radikal vətən xainləridir! Satqınlardır, hamısı Sorosdan pul alırlar - bilmirəm bu qədər pulu Soros müəllim onlara haradan və necə verir, amma şəksiz alırlar! Əli Həsənov deyib!
İndi də sabitliyimizi pozmaq üçün yeni planlar uydururlar: 11 Martdan sonra 2 Aprel! 11 Mart ölkəmizin sabitliyinə, inkişafına, ilhamlı yollarla irəlliləməsinə təsir göstərə bilmədi - alçaq gəncləri polis öz müqəddəs bölmələrinə apararaq orada onları vəftiz elədi. Amma sən bu aksiyalara çıxan gənclərin radikallığına fikir ver: bunlar burda hirslərini tökə bilmədilər, nifrətləri Yaponiyanın başına bəla oldu! Dərviş Məstəli şah necə ki, Psrisi partlatmışdı, bunlar da Yaponiyanı eləcə ağlar günə qoydular. 92-93-də xalqın balalarını qırğına verən 11 Mart gəncləri indi yapon xalqını qırğına verdi!
Görünən budur ki, Avropada, Amerikada təhsil alan gənclərimiz prezidentimizin buyruğundan çıxmaq istəyirlər. Bunu isə, nəinki bəndə, heç Allah da götürməz!
Aprel 2-i nə olacaq?... Yenə haranı dağıdacaqsız?! Siz başa düşmürsüz ki, sizin hərəkətləriniz analoqsuz dövlətimizə heç nə edə bilməz?! Mən bilirəm, o zəlzələ radikal müxalifətin işidir, amma rəşadətli iqtidar həmin hadisəni dərviş Məstəli şahın (kod adı belədir, əsl adını yazaraq üçüncü dövlət sirrini faş edə bilmərəm!) vasitəsilə Sakit okeana ötürə biliblər.
Amma bilmək olmaz... bəlkə bu zəlzələ heç 11 Martçıların işi deyildi - onlar buna qadir deyillər. Çox güman bu... yox... bunu öldür yazmaram!!! Qoy, elə radikalların boynunda qalsın.
Son həftədə mən ölkəmizin sabitliyindən və qüdrətindən riqqətə gəlmişəm. İnkişafımızı görməyən gözlər kor olsun!

No comments: