Google Website Translator Gadget

Wednesday 16 March 2011

Süleyman qüdrətli hökümət

Son vaxtlar, həddən çox mənasız yazı yazdığım üçün bloq yazılarına fasilə vermişdim. Bu səbəbdən bir neçə taleyüklü məsələlərə biganə qalmaq məcburiyyətində olmuşam.
Bu yaxınlarda baş vermiş ən önəmli məsələ yumurtanın qiymətinin enməsi ilə bağlıdır. Bir neft mütəxəssisimiz yaşının ahıl çağında (adını bilirəm; dirəşsən, yazaram) İlham Əliyevin (YAP-ın sədri) dənizə gözəyarı baxaraq "burda neft (nə bilim, bəlkə qaz deyib) var" deməsini və ardıyca da həmin proqnozun düz çıxmasını
yazanda mən bir balaca şübhə elədim - hörmətli alimimizin ağlına... Amma yumurtanın qiymətini bir günə salma bacarığı, hətta deyərdim rəşadəti göstərmiş bir partiya sədri üçün (yəni İlham Əliyev) dənizə baxıb proqnoz vermək Dubayda villa almaq kimi sadə bir şeydir. Doğrudur, Xəzərə baxaraq "burda neft var" demək, "burda balıq var" deməkdən daha asandır. Zira, Xəzərin elə yerləri var ki, orda heç bakteriya tayfası da yaşaya bilməz - bizim oralarda çimməyimizə baxma sən.
Yumurta qiymətlərində inqilabi dəyişiklik hətta ABŞ-ı Azərbaycanla bağlı siyasətinə yenidən baxmağa məcbur edib. Bildiyimə görə, hətta ABŞ Dövlət Departamenti xüsusi nümayəndə göndərərək, Azərbaycan təcrübəsini öyrənmək istəyir. Nəzərə alsaq ki, bizdə bazar iqtisadiyyatıdır və prezident heç bir sahibkarı üzü qibləyə otuzdurub, yumurtalarını əlindən alası deyil, deməli burda başqa məsələ var.
Çox böyük ehtimal var ki, hökümət toyuqlarla birbaşa danışıqlara girib. Bu işlər üçün bizim xüsusi təlim keçmiş nazirimiz var: nazirlər kabinetinin sədri, hətta deyərdim, baş nazir Artur Rəsizadə qeyri-bəşəri dillərdə də danışdığını artıq sübut edib.
Yaxşı yadımdı, Yeni Müsavat qəzeti şanlı nazirimizin sözlərini olduğu kimi yazıya almışdı - bunun üçün qəzet 72 hərflik əlifbadan istifadə etmək məcburiyyətində qalmışdı. Mən həmən yazını alçaq qonşularımızdan olan dostum Vardana göndərdim. Dedim bəlkə kişi  erməni dilində danışıb - ağlın başqa yerə getməsin! Qayıt geri. Mən düşünürdüm ki, nazirlər kabinetinin yiyəsi olan Artur müəllim birbaşa erməni dilində danışaraq əclaf qonşularımızın canına od salmaq istəyir. Amma belə deyilmiş... Vardan dedi ki, "Anar, and olsun sizin və bizim prezidentlərin legitimliyinə, Artur müəllim bizim dildə də danışmır". Bu boyda anddan sonra inanmamaq üçün ya kafir, ya da müxalifətçi (ikisi də eyni şeydi) olmalısan. Artur müəllimin həmin müsahibədə nə dediyi mənə və mənfur dostum Vardana sirr olaraq qalmaqdadır (...və dünya birliyi hələ də bu ədalətsizliyə dözür).
Bəzi bədxahlar naşakürlük edərək deyirlər ki, "yumurtanın qiymətini saldılar, amma banan qaldı"! Ala, imkan verin də... 18 ilə hökümətimiz toyuq dilini öyrənib, bir 18 ilə də meymun dilini öyrənər, bananı lap havayı alarıq! Hətta banan monopoliyasına baxan meymunlara cəza da veriləcəyinə əminəm. Onsuz da bizim heyvana cəza vermək təcrübəmiz var.
Göründüyü kimi, rəhbərlik bazar iqtisadiyyatının prinsiplərini pozmadan qiymətləri tənzimləməyin analoqsuz üsulunu tapıb. Siz baxmayın ki, onlar bizim dildə danışa bilmirlər, toyuq dili, meymun dili... inşallah bakteriya dilini də öyrənəndən sonra bizim dilimizi də öyrənəcəklər, bir az səbr edək.

P.S. Toyuqdan və yumurtadan öncə prezident gəlir. (Zamin Hacı)

No comments: