Google Website Translator Gadget

Sunday 19 December 2010

Türkiyə; qarı düşmən dost olmaz!

Axır vaxtlar yaman optimist olmuşam, olmamaq mümkün deyil! Bu cür ölkədə yaşamaq və ümidsiz, pessimist olmaq yalnız radikal müxalifətçilərə xas xüsusiyyət idi. Nəyə görə "idi" olduğunu mən yazmasam da bilərsən, amma yazım: Analoqsuz siyasət nəticəsində müxalifətçilər ya mühacirət ediblər, ya bezib gediblər, ya da haqqın (YAP) yolunu tutublar. Düzdür, bəlkə on minlərlə cəbhəçi və musavatçını misal göstərib deyərsən ki, "bəs bunlar?" "Onlar istisnadı." O istisnalar ki, Amerikaya, Rusiyaya, İrana və ən pisi isə Türkiyəyə işləyirlər. Əvvəlki üç ölkəni keç, amma bu Türkiyəyə işləmək birbaşa vətənə xəyanətdir! (Bu yerdə hirslənib kompyuterin klaviaturasına yumruq vururam.)
Haberturk.com
(Başqa klaviaturam da var - neft imperiyasının vətəndaşıyam axı.) "Wikileaks"-in təzə söhbətlərinə əsaslansam, Türkiyə bizim ən böyük rəqibimizdi. Bu yerdə bir haşiyə çıxım: "Wikileaks" sözünü hərfən çevirsək, "Uiki sızmaları" alınar, xüsusi ad kimi çevirsək, "Uikiliks". Heç çevirməsək, "Wikileaks" olaraq qalır. Hələ ki, bir kimsə təklif vermədiyinə görə, o sözü uzun dırnaqlarımın ağuşunda yazacam. Keçdim mətləbə. Hə, türkiyəli arxadaşlar bizə arxadan daş atdıqlarına görə, biz də "arxadan atılan daş topuğa dəyər" deyib, daş atıb başımızı tutduq. Bizim uğurlu siyasət nəticəsində türkiyəlilər regionun enerji tranzitində mərkəz rolunu oynaya bilmədilər. Bəs nə ay brat... tfu.. arxadaş, sən ermənilərlə protokol imzalayanda bilmirdin ki, qaz əvəzinə qoltuğuva xoruz verərik?! Nə olsun ki, biz onlarla, qucaqlaşıb görüşürük, hər nə gəldi imzalayırıq?! Həri brat, beynimiz çönəndə heç kimi hərləmirik. "Brat" demişkən, qazı Türkiyəyə verməmək bir, həmin qazı Rusiyaya ötürmək iki zərbə - qan qardaşlarımıza "kombo udar". Üstəlik, "sızma"yan xəbərlər var ki, bizim şəhərin çayxanalarında açıq danışılır. Məsələn, PKK və Türkiyə söhbətində Azərbaycanın mövqesi, ümumiyyətlə, içində PKK-nın endiyi səbətin aeroportunun məkanı, həmin məkanın sahibi, şəxsən PKK-nın çatdırılma və (Türkiyəyə) quraşdırılma mexanizminə nəzarət edən dahi və s. Xulian Assanjın (Julian Assange) yuxusuna da girməz bu mövzular. Amma bizim gözümüzə girməyindən kor olmuşuq! Ən əvvəldən yazım, hər şeyi başa düşəcək, iqtidarın Türkiyə siyasətinə minimum iki əlli dəstək verəcəksiz.
Bu soyuq müharibənin kökləri dövlətimizin ən erkən tarixinə - 1918-ci ilə dayanır. O vaxt hələ Türkiyə yox idi, amma türk ordusu var idi; 1918-ci ilin oktyabr ayına kimi Bakını işğal elədilər. Bununla da daşnak-menşeviklərin qurduğu o gözəlim hökümət məhv edildi. Doğrudur, həmin ermənilərin mart ayında Bakıda türklərə soyqırım etdiyi deyilsə də inanmıram - qonşumuz Albert dayı Qurana and içir ki, "Anarcan, biz elə iş görməmişik." O boyda kişi yalan deməyəcək ki?! Şükür ki, rəşadətli XXI Qızıl Ordu dadımıza yetdi. Biz də bu Türkiyə türklərindən bilmərrə qurtulmaq üçün, yoldaş Stalinin əmriylə, müstəqil Azərbaycan SSR  konstitusiyasında qeyd elədik ki, "biz azərbaycanlıyıq" - yəni türklər, əl çəkin yaxamızdan, biz daha sizdən deyilik. Bununla da "azərbaycanlı olmaqla fəxr" etdiyimiz günlər başladı. Düzdü arada bir il Türkiyə ilə qardaş olmuşduq, amma 93-dən sonra yenidən əsl qardaşımızın - Rusiyanın yanına qayıtdıq. Sağ olsun, bizi bağışladı, düzdü, arada bir-iki rayon getdi, amma ona fəda olsun. Biz Rusiyaya nəinki Qarabağı, lazım olsa, lap bütün Türküstanı da qurban edərik!
Bu qısa xronologiyadan kimin işğalçı, aqressor olduğu aydın görünür. Türkiyə bizim müstəqilliyə ciddi təhdiddir, amma nə qədər ki, Rusiya və rus xidmətində sadiq duran vətənpərvərlər var, Türkiyə bizə heç nə eləyə bilməz. Dünənə qədər bu cür fikirləşirdim; bu gün fikrim bir az dəyişib. Əslində, Rusiya olmasa da biz "lüboysının" cavabını verərik, hətta Azərbaycanı digər ölkələrin müstəqillik qarantı saymaq olar. Niyəsini deyim. Ruslar gürcülərlə cəng edəndə, bizdən ruslara təxminən bu məzmunda zəng gedib: "Sən öl, itin balasıdı, Gürcüstanda bir qırazın burnu qanasın (hətta qan təzyiqindən olsa belə), kəmərimizdə bir deşik açılsın, Marşal Lazım gələr, brat zad deməz, bütün demoqrafik probleminizi həll edər!" Deyilənə görə, Azərbaycana məxsus bir obyektə ziyan dəyibmiş - ruslar demoqrafik məsələdə həssasdı, amma onlar söhbətin məcazi olduğunu anlayanda, səhvlərini anlamış və "p*x yedim" ərizəsi yazrmışlar. Biz də öz böyüklüyümüzü göstərib, məsələni ağartmamışıq. "Wikileaks" olmasaydı, heç bu söhbət bilinməyəcək, dünya dövlətimizin təvazökarlığından bixəbər qalacaqdı. Hətta BP də gəlib ki, sən Allah, ruslara deyin, "(sizin lütfünüz sayəsində) bizə məxsus BTC kəmərinə də toxunmasınlar". Bizdən də deyiblər ki, "ürəyivi buz kimi saxla, bizlikdi". Hətta deyirlər ki, BP bizdən oğurladığı 10 milyardı da qaytarmaq istəyib, amma başa salıblar ki, "pul əl çirkidi, aramızda qəpik-quruş söhbəti eləməyək. Ondansa, get, Xəzərə sızdırdığın qazın qabağını al, bərəkətə heyfin gəlsin". BP nə təhər kövrəlibsə, bizim hərbi donanmaya ən son model naviqasiya cihazı hədiyyə eləyib, biz də onu Müdafiə Nazirliyinin antikvar silahlar muzeyinə vermişik.
Türkiyə nə qədər Turgut Ər kimi adamların əlilə bizim dövləti vurmaq istəsə də, bu qalaya çırpılan milçək effekti verəcək. Türkiyə anlamalıdır, bizim müstəqiliyyimiz dönməzdir, dönər deyil!
P.S. Rusiyanı bir zənglə özünü yığışdırmağa, Türkiyəni öz saatını bizim qurşağa (+4GMT) uyğun qurmağa məcbur edən şanlı hökümət niyə Qarabağı almır? Konturu qurtarıb?! Sızmamış bilən deyilik.

No comments: