Google Website Translator Gadget

Wednesday 29 December 2010

Günün qəhrəmanı

Bir dəfə universitetdə akademik Urxan Ələkbərov tələbələrə koreyalı Mun haqqında danışmışdı. Əminəm ki, onun dərs dediyi tələbələr bu hekayəni eşidiblər. Cibində 4 dolları, ayağında güllə, bir sözlə, "çiynində boz çanta, üzü xoşsifət" gəldi Amerikaya koreyalı Mun. Bu Munu nə vaxtsa görəcəyimi düşünməzdim - heç belə arzu ilə yanıb, tutuşmurdum da... Qısa adı (Mun Son Myon), daha sonra qıyıq gözləri ilə antipatiyamı qazanan koreyalı cigər, daha sonra, adının önündəki "doktor" sözü və "Vaşinqton Tayms"ın təsisçisi olması ilə hörmətimi qazandı. Sözümün mununu deyim: Hamının bu kişini təriflədiyi bir məkanda bir hüquqşünas da çıxış elədi. Tanrı bilir, mən nə qədər sevindim ki, heç olmasa, bir adam bu Munu tərifləmədi. Bilən bilir, bilməyən də qələt eləyir; bizim ölkədə bir neçə nəfəri tərifləmək olar. Mən də ayanes patriotizminin kölgəsində böyüyən, tərləyəndə alnına döyüş yazılan bir gənc olduğumçün Munun bu qədər təriflənməsinə dözmürdüm, bu kişi isə Xıdır İlyas kimi yetişdi. Hələ nə qədər faktlardan məni agah elədi. Dediyinə görə ömür boyu (baxmayaraq ki, ömrü hələ bitməyib) Sovet hüquq-mühafizə sistemində işləyib, 20 ildir ki, Moskvada yaşayıb. Bir dəfə görür ki, Şahnəzəryan
adlı bir erməni, haylığına salıb, bizim müqəddəs höküməti yıxıb sürüyüb. Əlbəttə birbaşa mənada edə bilməz, qəzetdə eləyib. Bizim başına döndüyüm, ayağının altına üzdüyüm hüquqşünas (adı İntiqamdı - özüm ölüm.) verib bunu məhkəməyə. Bu Şahnəzəryan da "Ağa Nəzərəm, belə gəzərəm" deyibən, məhkəməni udub. Söhbətin maraqlı hissəsi indi başlayır. Hakim erməniyə ona görə haqq verib ki, qəzetində yazdıqları Azərbaycan mətbuatından götürülüb. Təşvişə düşməyin, telekanlizasiyadan götürməyə bir pox yoxdu - onlar dövlətçiliyimiz uğrunda nədən desən keçərlər. Materiallar qəzetlərdən götürülüb. Hətta İntiqam müəllim.... yox, bəy... yox bəy də deyil. İntiqam hüquqşünas qorxmadan, cəsarətlə həmin qəzetlərin adını da çəkdi: Yeni Müsavat! Azadlıq! və... bu axırıncı qəzetin adını çəkmək insandan böyük mətanət tələb edir. Lakin İntiqam hüquqşünasın cəsarəti məni qorxmazlıq hissi ilə doldurub, yazıram: Realnıy Azerbaydjan! İnsanda nə qədər igidlik olmalıdır ki, baş redaktoru həbsdə olan, üstəlik Avropanın Məhkəməsinin onun təqsirsiz olduğunu təsdiq etdiyi bir zamanda sən onun qəzetinin adını çəkəsən! Mən kövrək insan deyiləm, lakin bu mətinlik qarşısında hönkür-hönkür ağladım.
Necə ürəklənmişəmsə, hər yerimdən cürət fışqırır, yandan reaktiv qırıcıya bənzəyirəm. Yazının bu hissəsi xüsusi olaraq, adları çəkilən qəzetlərə həsr olunur. Axı siz nə cəsarətlə bizim höküməti tənqid edirsiz?! Sizin nəyinizə lazım ki, büdcədən filankəs nə qədər yedi, filan layihəyə nə qədər pul ayrılıb, filan yol neçənci dəfə asfaltlanıb, filan hərbi hissədə nə olub?!! Sizin necə əliniz gəlir ki, seçki saxtakarlığından yazırsız?! MSK-ya, Məhkəmə sisteminə şübhə ilə yanaşırsız?! Siz bunları yazırsız, ermənilər də götürür qəzetlərində çap edir. Bəli! Görün siz necə qəzetsiniz ki, moskvalı azərbaycanlı(?) sizin məlumatları oxumur! Onu yalnız ermənilər oxuyur. Bizimkilər isə "çerez" ermənilər xəbər tuturlar. Siz bilmirsiz ki, Həsən ağanın kəsdiyi başa söz yoxdu?! Çox da ki, düz eləmir?! Öz aramızda qalsın da, qoy. Ölkə dağılsa belə, bunu yazmaq olmaz - başqaları da bilər. Açığı, mən bu zamana qədər elə sanırdım ki, dövlət və hökümət eyni şeydi. Amma sağ olsun, İntiqam hüquqşünas, başa saldı ki, dövlət=hökümət=YAP. Formula budur! Bu bir hüquqşünas nitqinin düsturudur.
Sizcə mətbuat tənqid üçündür?! İndi bəziləri çıxıb deyəcək ki, "mətbuat həkim kimidir, xəstənin sağlam yeriylə maraqlanmaz, ancaq xəstə yerinə baxar, ona uyğun göstəriş verər. Heç həkimin sağlam orqan üçün dərman yazdığını görmüsüz?" Hə, də, hər şeyə bəhanəniz var...
P.S. Həkim xərçəng xəstələrinə xəstəliyini demir!

2 comments:

Anonymous said...

Metbuatin birinci meqsedi xeberchilikdir..Amma ne etmek olar,,en oxunagli metbu organlarimiz siyasi partiyalara yaxin olduglarindan siyasi tengidlerede yol verirler..Insanlarin coxu,igtidarda daxil olmagla bu tengidlerle tanis olmag ucun Musavati ve ya Azadlig gazetini oxuyur. Chunki hegigi siyasi ab gavani hiss etmek uchun yalniz o qazetleri oxumalisan...

ANAR said...

Əslində qəzet mətbuatının əsas vəzifəsi analitik yazılardır. Çünki internet və tv-nin olduğu yerdə operativ xəbər vermək qəzetlər üçün çətindir. Əlbəttə, analoqsuz ölkəmizdə bir çox mühüm xəbərlər yalnızca qəzet vasitəsilə çatdırılır. Ümumiyyətlə, hər hansı bir nazir tənqid olunursa, nə qədər xəstə təfəkkür sahibi olmalısan ki, bunu dövlətə qarşı atılmış addım sayasan. Məncə, məhkəmə düz qərar verib, qəzetlər də düz edib. Səhv edən biri varsa da, həmin qəzetin tənqid obyekti olan şəxsdir.