Google Website Translator Gadget

Sunday 12 December 2010

Həqiqətnamə

Hər dəfə hökümətimiz barədə hərzə-mərzə hədyan yazanda televizordan gələn səslər mənə yerimi göstərir. Sanmayın ki, məni təhdid edən var - bir dəfə İlham Əliyevin barmaq silkələməsini çıxsaq, məni heç vaxt ordan təhdid edən olmayıb. Amma buna qarşılıq, məsələn, mən ordumuzun gücünə şübhədə olanda, hərbi parad keçirdirlər, çörəyin qiyməti qalxdığını düşünəndə, kənd təsərrüfatı naziri İsmət Abbasov açıqlama verir ki, "çörəyin qiyməti qalxmayıb, çəkisi azalır", bir sözlə, cavabımı əməl ilə verirlər. "Televizordan gələn səslər" ona görə yazdım ki, mən televizora baxmıram, sadəcə, dinləyirəm (əvəzində Azadlıq Radiosuna baxıram). Yəni, mən paraddakı texnikanın vəziyyəti, silahların modeli və başqa xırdalıqlar barədə məlumatsızam. Ancaq bu elə də əhəmiyyətli deyil, köhnəni rəngləyib, yeni adıyla sırıyası deyillər ki?! Yaxud, yoldaş Abbasovun həmin açıqlamanısının ismətli olub-olmamasını bilmək üçün onun üzünə baxmaq lazım deyil ki! Adam yeni iqtisadi nəzəriyyə irəli sürüb, mənə nə onun üzünün (məsələn) qırmızı olub-olmamasından?!
Amma bu yaxınlarda bir xəbər eşitdim. Deputatxananın birinci vitse-spikeri, yoldaş O.Əsədovun müavini Ziyafət Əsgərov ermənilərə xox ("iks-o-iks" oxumayın) gəlib. Mən bilmirəm, Ermənistanda bu açıqlamanı nəzərinə, gözünə alan olub, ya yox, amma onu bilirəm ki, bizimkilərdən hətta ağlamaq dərəcəsinə çatan var. Zarafat deyil e..., Ziyafətdi! Adam dövlət rəsmisidir. Deyir ki, ölkə iqtisadiyyatı yaxın aylarda hərbi relsə keçəcək, yəni gedin, buşlat (bu sözü təzə öyrətdilər) geyməyə. Camaat da oğul-uşaq hayındadı - onsuz da hərbi əməliyyatların dayandığı şəraitdə filan qədər itki veririk, gör, başlasa nə qırğın olar. Əlbəttə, bu fikri aramızda ermənilər yayıb! Əslində, heç bir itkidən söhbət gedə bilməz. Cəmi iki nəfərimiz şəhid olub: hər ikisi də filan qədər adam öldürüb (qeyri-rəsmi mənbəyə görə, Milli Qəhraman Mübariz İbrahimov döyüşə gedəndə silah götürməyi unudubmuş). Başqa heç bir itki olmayıb, o intihar xəbərləri hamısı erməni təxribatı və onların dəyirmanına su tökən qüvvələrinin fəaliyyətinin nəticəsidir. Kimə də olmasa, sadə xalqa hər şey aydındır: Camaat yalvarır ki, uşaqlarını əsgər aparsınlar, bəlkə bir ətə-qana gələ. Orduda da istifadə etdiyimiz silah nə az, nə çox yoldaş Kalaşnikovun əfsanəvi ixtirasıdır! Doğrudur, deyirlər ki, bizdəki "Kalaş" ilə əsl "Kalaş"ın arasında çox böyük fərq var, guya bizimkinin lüləsi əriyir, bir-iki daraqdan sonra zayı çıxır - yalandı! Ağ yalandı! Bu da həmin dəyirman qrupunun (erməni dəyirmanına su tökən qrup) işidir!
İstifadədən çıxmış milli silahlarımızdan bəzisi
Biz özümüzə təzə polis BMW-ləri alanda, ayanes atlanıb-düşürdü ki, bu pula filan qədər MKA (Modernləşdirilimiş Kalaşnikov Avtomatı) almaq olardı. Bax sən! Birinci, o qədər avtomatı neyləyirsən, istifadə etməyəndən sonra? Qalıb köhnələcək, sonra deyəssən ki, "köhnə silahlar niyə istismardadı?!" İkincisi, DİN maşın alanda səninlə məsləhətləşməlidir?! 2 il Moskvada yaşamış qonşum demişkən, "Şto za qudurğanstvo?!" Bu günlərdə məlum oldu ki, niyə görə biz top-tüfəng deyil məhz avtomobil alırıq: Müharibəyə hazırlaşan dövlətin sənayesi yalnız hərbi maşın istehsal etməlidir. Çox güman ki, bizim Falkonu gözündən vuran, MİQ-i tozunda boğan qırıcı təyyarə istehsal edən zavodlarımız var. Rusiyaya T-90 proyektini də yəqin biz satmışıq, Kalaşnikovu da artıq ruslar bizdən alır. Əgər Z.Əsgərov deyirsə ki, yaxın aylarda iqtisadiyyat hərbi relsə keçəcək, deməli, əslində bu proses illər əvvəl həyata keçirilib. Yoxsa, dövlət öz planını öncədən bəyan edər? Bunu ermənilər də bilir, indi təşvişə düşüblər. Bəlkə bəziləri hətta sual edəcək ki, "Z.Əsgərov olmayan şeyin relsini necə dəyişəcək axı?" Yəni ki, guya bizim iqtisadiyyat deyil müharibə vəziyyətində olan, heç sülh vəziyyətində olan dövləti təmin edə bilməz. Belə yazan olsa, bilin ki, həmin dəyirman qrupundandılar. Axı hər il neçə faiz qalxan maaş və pensiyanı, dünyada analoqu olmayan zibil emalı zavodunu, pilotların düz baxdığı bayrağımızı necə görməmək olar?! Onların evində televizor yoxdu? Onlar heç AzTV, Lider, ayanes nuruna bələnməyiblər? Bunları da keçdim, heç Xalq Qəzeti oxumursuz? Niyə? (Yəqin sanırlar ki, bu qəzet müəllim-həkim tayfasına abunə ilə satılmaq üçündür.) Belələrinə ən gözəl cavabı Siyavuş Novruzov yoldaş verib: İlham Əliyevin kəsdiyi lentlərdən onlara kostyum tikmək olar! Əlbəttə, onlar özləri bunu etməzlər. Gərək yoldaş Novruzov tikdirsin...
Bəli, analoqsuz iqtisadi inkişafın elə analoqsuz da nəticəsi olmalı idi - bütövlükdə Rusiyanın himayə etdiyi bir dövləti tir-tir əsməyə məcbur eləmişik. Məncə bu dəqiqə danışıqların əsas mövzusu İrəvanın statusu barədədi.
P.S. Bircə nüvə silahımız yoxdu deyərdim, amma Şimali Koreya ilə bizi müqayisə edəndə bu nəticəyə gəlmək olar ki... nəysə, ardını yazıb Eynulla Fətullayev kimi terrorist olmaq istəmirəm.

No comments: