Google Website Translator Gadget

Wednesday 15 December 2010

Qızdırmalı yazı

Nəyi var qızdırmalıyam... baldırımın ağrısı təpəmə vurur. Mən qızdırmalı olanda çoxdanışma simptomu özünü göstərir. Bəli, belə bir simptom var - qızdırma qalxır, mənsə başlayıram gic-gic danışmağa. Məsələn, atama "niyə məni titrətmə tutanda yorğana basıb tərləməyimi gözləyirlər? Axı durub idman eləsəm, metabolik proses daha da güclənər və sümüklərim daha tez qızar" sualını verməməkdən özümü güclə saxlayıram. Yox, elə indi qoy soruşum: "Dayan, televizora qulaq asıram. Bilmirəm, yox." Atam həkimdi, bilməmə ehtimalı yoxdu - yola verdi məni.
Fondakı Lütfi Zadədir.
Məlum məsələdi, qızdırmalı adamla danışmağın mənası yoxdu. Amma bundan yazmayacam. Bizdə bir çoxumuza qızdırmalı adam münasibəti göstərirlər. Bitirdiyim universitetə yolum düşmüşdü. Xarici Dillərə girməyin Müdafiə Nazirliyinə girməkdən çətin olduğunu deyəndə qapıçı mənə "ə sən nə çox danışırsan e..." dedi. Düz deyir də... ağzıma sayğac qoymalıyam, limiti keçəndə susub oturmalıyam. Çünki uğursuz bir qapıçı mənim danışmağımdan narahat ola bilər. Onun bir işi var, içəri keçənin sənədini yoxlamaq. Daha mən buranın tələbəsiyəm, "NarXoz"un tələbəsiyəm, yoxsa, gəlmişəm bufetdə çay içməyə, onun işi deyil. Amma dayan, axı bu adam azərbaycanlıdı! Gərək vəzifəsini şişirtsin, gözümə soxsun! Ona bir deyilibsə, o beş edəcək. Amma artıq "beş"in yalnız özünə xeyri var. Sanki qapıçı olmaq böyük işdi! Əslində özü də yaxşı bilir ki, bir zibil deyil. Amma gərək o heyfini məndən çıxsın. Cem Yılmaz deməsin, "bu qapıdı, içindən keçmək üçün... divardan tullansaydım daha yaxşı olardı"! Burdan bütün tələbələrə deyirəm, qapıdan keçərkn gözünüzdə gün eynəyi, qulağınızda qulaqcıqla keçin onların yanından. Tələbə biletini saymazyana göstərin - onlar buna layiqdirlər. Mən iki il salam verərək, sonrakı iki ili yazdığım qaydada keçdim. Qapıçının düşüncəsi ilə Tağı Əhmədovun düşüncəsi eyni tipdədi. Vəzifələri dəyişsək, nəticə dəyişmir. 

Nəysə, keçdim içəri. Getdim diplom almağa, iki sənəd lazımdı: "obxodnoy" və pasport. Ruscadan "dolama kağızı" kimi tərcümə olunan bu kağızı almaq üçün aləmi dolanmalısan. Amma o etapı yayda keçmişdim. Hər şey yaxşı idi. Amma sən demə, hərbi bilet də lazım imiş... Mən diplomumu alarkən məndən hərbi bilet tələb etməyin qanuni əsasını soruşdum, dedilər: "get Xüsusi Şöbəyə". Hə, əlbəttə, axı ora bağlıdı... problem həll oldu. Amma qızdırmam düşmədi: üç gün sonra çiynimdə fotoaparat Xüsusi Şöbənin qabağından keçirəm. Açıqdı, girdim, eyni sualı verdim. Ətraflı izahat verdilər ki.... bu məsələnin qanuni əsası yoxmuş... Digərlərinin qızdırması qalxıb, "bizi çəkməyə gəlmisən?". Yox, doğrudan yox. Amma əlimdəkinin sizi necə qorxudacağını bilmək mənə əvvəlcədən zövq verməyə başlamışdı. (Elə bu kayfın təsirində eşitdim ki, İqtisadda hərbi biletsiz verirlərmiş...) İndi mən gedim Təhsil Nazirliyinə, bu söhbəti töküm ortalığa... ordan da mənə desinlər ki, "get işinlə məşğul ol". Mən onlara qandırana qədər ki, mənim işim budur, onlar mənə qandıracaqlar ki, "bizim də işimiz budur". Əlbəttə, əl əli yuyar, əl də üzü. Qızdırması olan adamı soyuducuya qoyub dondurmurlar, xəstəliyi müalicə edirlər. Bizim sistemin bütün strukturları isə ancaq ağrıkəsici vura bilərlər, o da bəzən. Hə, bilirəm, hər şeydən öncə sistemi dəyişmək lazımdı. Amma bu adamlar "sizlə bizlə eyni oksigeni yandırırlar" axı, içəridə ona neyləyirlərsə, ortaya metanlı nəticə çıxır. Qapıçının acıdil olmasına, məsələn, Siyavuş Novruzov neyləsin?! Olmaya, təzə açdığı mət zavodundan həmin qapıçıya aylıq şirinlik göndərməlidir?
P.S. "Diplom və hərbi bilet", "dana və aptek"... Bu ölkədə hər bir şəxsin, o cümlədən, vətən xainlərinin, fərarilərin də təhsil almaq hüququ var. 

No comments: