Google Website Translator Gadget

Thursday 23 December 2010

Adını çəkmək istəmədiyim yazı

Təzə xəbər: Prezident jurnalistin dostu ola bilərmiş... 

Bu ölkədə bir-iki təhlükəli peşə var; minaaxtaran, paraşütçü bunlardan deyil. Çünki bu peşə sahibləri zərbənin hardan gələcəyini bilir və hazırlıqlı olurlar. Amma adını çəkmək istəmədiyim bir peşə sahibləri var ki, onlar Malakan bağında da, evinin blokunda da, hətta tualetdə də eyni dərəcə risk altındadırlar. Amma naşükür olmaq lazım deyil; bu peşədəsənsə, ortabab qiymətə satıla bilərsən. Əlbəttə, bəzilərinin düşüklüyü imkan vermir ki, onlar normal qiymətə satılsınlar, nəticə etibarilə, ümumi bazar qiymətlərində də eniş müşahidə olunur: "Mirfilankəsi filan qiymətə aldıq, sənin heç "mir"in də yoxdu, amma mırıldayırsan... gəl, tök ətəyindən daşı." O da neyləsin deyilənə qane olur. Bunların arasında ailə başçısı olan var - evinə çörək aparmalıdır,  uzaqgörəni var (üzü Nigeriyaya gedirik, bir azdan satılmaq lazım olmayacaq) - qiymət uyğunkən satılmaq istəyirlər. Düzdü, tək-tük adamlar var ki, heç cürə satılmırlar. Onlara da
dəmir barmaqlıqlar qismət olur. Əslində, həbsxana bu peşə sahiblərinin qiymətini xeyli qaldırır. Bilmirəm, çaxırla analogiya aparmaq olar ya yox, amma bu adamlar içəriyə düşəndə qiymətləri kəllə-çarxa vurur. Belə olanda onları almağa heç kimin pulu çatmır. Onda əlahəzrət alıcılar fikirləşirlər ki, "bu adamı pulla almaq olmur" ...və ona əbədiyyəti hədiyyə edirlər. Məhz hədiyyə! Ondan heç nə tələb etmədən. Amma bu əbədiyyət elə də rahat hədiyyə oluna bilən şey deyil. İndiyə qədər bir akademikə, bir də adını çəkmədiyim peşə sahibinə qismət olub. Bəlkə arada, "altdan" (yox bir, "ctrl"dan) kiməsə də qismət olub, amma ya bilmirəm, ya da yadımdan çıxıb. Dünyada da bu peşə sahibləri risk altında girirlər. Amma onlar konkret qaynar nöqtələrdə təhlükədə olurlar. Yəni, istəmədikləri anlarda qırmızı xətti geriyə adlaya bilərlər, bitdi.
Bizdə isə bu peşəni tam arxayınlıqla ekstrim idman növlərinə aid etmək olar. Fiziki güc və soyuq qan. Əgər bu peşə üçün qabiliyyət imtahanı olsa, məhz bu iki parametrə əsaslanmaq lazımdır. Dərslər isə praktiki olmalıdır. Məsələn, vaxtaşırı tələbələr əllərini qapı arasına qoyub sıxmalıdırlar. Bundan başqa, yeməklərində aşağı dozada zəhər istifadə etməli, evdəki 220 Voltluq gərginliyə səbrlə dözməyi bacarmalıdırlar. Danışarkən tam psixoloji hazır olmalıdırlar. Bunu yoxlamaq üçün yalan detektoru var, bu detektoru aldatmağı bacarmaq lazımdır. Bəzi ağıllılar reklamdakı kimi barmaq uclarına Rexona sürtməyi ağlından keçirdər - əbəs yerə. Burda əsas məqam Rexonanın üstündə oturaraq təmkinli olmaq, bunu həyatın növbəti zarafatı hesab edərək, mazoxizmin ənginliklərində itməkdir.

Bu peşə sahiblərinin hansı oteldə nə kimi fəaliyyətlə məşğul olmağı da ictimaiyyətin yüksək əxlaqlı təbəqəsi üçün maraqlı olur. Ona görə, o bu cür fəaliyyətində də nümunəvi olmalıdır - sabah birisi onu çəkib kasseti , məsələn, öz bacısına hədiyyə edə bilər. Paradoks budur ki, onu çəkən də elə eyni peşədən olacaq, bir növ hannibalizm. Yeri gəlmişkən, insan ən böyük kollektivdə birləşə bilən canlıdır ...özündən olan digər kollektivi məhv etmək üçün. Bu peşə sahiblərinə qarşı da özlərindən istifadə edirlər. Yoxsa, onların qarşısını almaq olmaz.
Bu peşə sahiblərinin əxlaq kodeksinə əsasən, məqsəd vasitəyə bəraət qazandırır. Buna görə bəziləri sanır ki, onların dostu ola bilməz.
Qətiyyən əleyhinəyəm.

No comments: