Google Website Translator Gadget

Wednesday 8 December 2010

Son dəfə öpərək...


ANS... Sən niyə bu günə qaldın?...  Niyə satıldın? Daha doğrusu, niyə satdın? Gör, heç Liderdən inciyən var? Efirdə göstərmədikləri qalmayıb (istisna: demokratik qüvvələr), amma yenə də Lideri o qədər də tənqid edən yoxdu; qozbeli qəbir düzəldər. Zatən Liderin yaranma təyinatı budur. Lakin ANS tamam başqa idi: Bu kanalı yaradanların keçmişi şərəflidir. Bir dəfə (indi) ağzıma gələni dediyim Mirşahin Ağayevin çiynində Kalaşnikov (АКМ) olan kadrlarını gördüm. Kadr məndə dərin iz buraxmışdı. Müxtəlif telelayihələrin aparıcısı olan bu jurnalist, heç demə əsgər imiş. Yalnız bu kadr mənə yetir ki, onun haqda danışarkə n (söyərkən) hər dəfə qeyd edim: “Amma o, Qarabağda vuruşub”.
Amma görünən budur ki, döyüşçü olmaq insanı sığortalamır. Bu yerdə rəhmətlik Bəyin sözü necə yada düşməsin?! İnsan heç bir təhdid qarşısında sınmaya bilər, lakin elə həmin insan “təklif” qarşısında əyilər. İndi bilmirəm, 90-cı illərdən bu tərəfə ANS-ə nə isə təklif olnub, ya yox, ancaq onu deyə bilərəm ki, o daha 10 il əvvəlin kanalı deyil. Əslində, mən bu kanalı 2003-də basdırdım... Saxta seçki nəticələrinə xaotik şəkildə etiraz edən vətəndaşlara, həm də əsl vətəndaşlara “vandal” damğası vurdu! ANS o vaxtdan “ayanes”ə (el dilindəki) çevrildi. Çünki o artıq xəbər xidməti (“news service”) olmaqdan çıxdı. O artıq MİS-dən, məktəbdən, xırda sosial problemlərdən şikayət məqsədi ilə müraciət edilən kontora çevrildi. Bütün bunlar Vahid Mustafayevin genişlənən biznesi fonunda baş verir. Hər dəliyə belə aydındır ki, bu ölkədə normal biznes şəraiti yoxdur. İddia etmirəm ki, V.Mustafayev öz pulunu qeyri-qanuni yolla qazanıb – amma o qazandıqlarını qorumaq üçün unikal bir xidmət göstərir. ANS artıq təbliğat maşınına çevrilib. Lider və AzTV-dən fərqli olaraq, əlində insanların inamı olan bir kanal bu işə daha çox yarayır. ANS satılmadı, satdı – özünə olan inamı satdı. Söhbət ölkənin intellektual kəsimindən gedir. Sadə əyalət insanı üçün o hələ də köhnə ampulasında qalır, ona sadəlövhlüklə inanırlar. Bununsa, formulu bəllidir. Ona müraciət edən insanların sosial problemləri efirdən həll edilir. Amma bir nəfərin problemini həll etmək, eyni problemi yaşayan onminlərin problemini həll etmir, əksinə, daha davamlı olmasına, dolayısı ilə, səbəb olur. “Məmur” sözü heç əvvəl bu qədər işlənmirdi. Bunu ayanes gətirdi, qeyri-müəyyən obyekti günahlandırmaq üçün yaxşı sözdü. Sanki bu ölkədə rüşvətin səbəbkarı prezident və nazirlər deyil, hər hansı JEK rəisidir! “Məmurlar özbaşınalıq edir!” Bu şüar öz effektini verdi. Camaatı JEK rəisinə, məktəb müdirinə qarşı yönəltdilər, əsas hədəf – hakimiyyət arxa plana atıldı. Bunun başqa bir cəhəti də var: İstənilən “məmur”u (nazirdən aşağı istənilən şəxs) xalqın qəzəbi ilə üz-üzə qoyub, onu işdən atmaq, yerinə başqa birini təyin etmək olar – təbii ki, yeni gələnin buna “haqq”ı çatmalıdı. Ayanes öz işini uğurla görür, sadə xalq prezidentə inanır, birinci xanıma isə prezidentin özü belə həsəd apara bilər. Bu işi nə Lider görə bilərdi, nə AzTV.
Ayanes bağlananda mən az qalırdı fişəng atam... Ancaq Gündəlik Azərbaycan başda olmaqla, bir çox demokratik düşərgənin qəzetləri ayanesi müdafiəyə qalxdı. “Onsuz da boz olan ekran ANS-in balanması ilə daha da bozardı.” Hər dəfə bu tip yazıları oxuyanda əsəbiləşirdim – o ANS getdi artıq, gəlməyəcək. Ayanesin hər gün söydüyü Gündəlik Azərbaycan qəzeti onun müdafiəsinə qalxmışdı. Ayanes isə öz təşəkkürünü açıldığı gün 24 saat Heydər Əliyevdən veriliş verməklə bildirdi. Ondan nə isə uman da yox idi... Ancaq sabunu bu qədər qoyacağını da gözləmirdilər (mən gözləyirdim).
Bütün bunlara baxmayaraq, demokratiyanın bir şilləsi bəs edir ki, ayanes silkələnsin. Misal olaraq, Eynulla bəyin yazılarını göstərmək olar. Mirşahin Ağayevin əlində olan resurslar ona bəs etmədi ki, Eynulla Fətullayevin bir layiqli cızma-qarasına cavab versin. Yaxud Turqut Ərin qoyduğu od. Türkiyə səfirliyi kitab haqda bəyanat yayıb. Ayanes bunu elə təqdim edir ki, sanki səfirlik eks-diplomatı ifşa edib! Amm əslində nə deyilir? “Biz onun fikirlərini bölüşmürük.” “Heydər Əliyevə türk dünyasının böyük lideri kimi Türkiyədə də hörmət edilir.”  Birinci cümlənin şərhə eytiyacı yoxdu. İkinci cümlə isə, ölkələr arasındakı diplomatik etikadır. Əgər Turqut bəyin kitabında yalançı iddia olsaydı, onu elə Türk Cəza Qanunun maddələri ilə mühakimə edərdilər. Səfirlik nə deməliydi ki?!
Vahid Mustafayev isə təklif verir: Əliyevə toxunulmazlıq statusu verilsin... Onu tənqid etməyək... Verin... Bu təklif özlüyündə gözlənilən idi – ancaq zərbəni, bunca etdiklərinizə baxmayaraq, yenə də Mustafayevdən gözləməzdik...
P.S. Bu yazının qeyri-ciddi formada yazacaqdım... amma elə şeylər var ki, istəsən belə lağa qoya bilmirsən. Uman yerdən küsərlər – sizə inanırdıq... Ona görə söyülürsüz – təəssüflə söyülürsüz.

No comments: