Google Website Translator Gadget

Saturday 25 December 2010

Analoqsuz Sevinc

Açığı son vaxtlar öz sevincimi ifadə etməyə vasitələrim tükənib. Mövzuya birdən keçdim, heç yazmadım ki, nəyə sevinirəm. Yazmayacam da. Hamının həyatı imkan verir ki, həftənin yeddi günü 24 saat sevinsin. İndi deyəcəksən ki, bəs niyə camaatın üzündə təbəssüm görünmür?! Onun səbəbi var, əlbəttə. Amma ondan öncə linqvistikaya sensitiv (özüm "həssas" yazmıram) birisi kimi qeyd etməliyəm ki, "indi deyəcəksən" ifadəsi qrammatik olaraq səhv sayıla bilər. "İndi" nədi, gələcək zaman şəkilçisi nədi?! İzah eləyim, bizim dil semantik dildi, yəni bu dildə yazılan bir şeyin yüz mənası ola bilər. Məsələn, "bankanı sındırarsan ha..." - mənə bir dəfə belə demişdilər. Təsadüfən, banka sındı. Amma mən evdəkilərin üzünə durdum ki, sizin dediyinizi eləmişəm: "Tapşırmadınız, "sındırarsan ha..."??? Mən də sındırdım da..." Bu baxımdan "indi"dən sonra gələcək zamanı işlətmək bizə imkan verir ki, dediyimizi bu dəqiqə eləməyib, qeyri-müəyyən tarixə təxirə salaq (yada sal: "Lazım gəlsə...").
Mövzuya qayıdaq. Təbəssümdə qalmışdıq. Niyə heç kim gülmür. Ən birincisi, küçədə səbəbsiz olaraq gülmək bizim hipercəmiyyətdə bambılılıq kimi qiymətləndirilir. İkincisi, gülmək, hər şeyin qaydasında olduğunu nümayiş etdirmək yaxşı şey deyil. Dost var, düşmən var. Biri bir ağır nəfəs alsa, batdın. Göz dəyməyi beşinci dərəcəlidir. Əsas nəfəs, daha doğrusu nəfsdir. Baxmayaraq ki, yağ-bal içində üzürük, bir-birimizə nəfsimiz keçir. Bir dənə də haşiyə. Üzgüçülüyün yeni növü olan "yağ-bal içində üzmə" üzrə dünya birincisiyik, çünki bu nominasiyada təkik - "butterhoney" üsulu ilə üzürük. Nəfsdə qalmışdıq, davam edirəm; Əlindəkinin qiymətini bilməyib, başqasının şeyinə gözü düşən bizik. Bəlkə diqqətlə baxsaq, o şeydən bizdə var, amma başqasında olan eynisi gözümüzü deşir. Neyləyək, özümüzdən asılı deyil. Özünə yaxşı bələd olan xalq da malını gizli saxlayır. Hətta heç kim şübhələnməsin deyə, "kişinin malı göz qabağında olar" ifadəsini də ortaya atıblar. Amma gizli kodeksimizdə göstərilib ki, "ağac nə qədər bar versə, başını aşağı salar". Hə, sən elə bilirdin, bu təvazökarlığa aiddir? Qətiyyən. Varın, pulun artdıqca başıvı aşağı salmalısan ki, səni fağır, kasıb bilsinlər. Bir əlindən dəsmalı əskik etməli deyilsən. Yol gedəndə də qaşqabaqlı olmalısan. Bu ətrafdakı həsədli baxışları səndən uzaqlaşdırır. 
İndi məsələyə geniş planda baxaq. Bəzi qudurğan kimsələr yüksək vəzifəli şəxslərin hesabat verməli olduğunu dilə gətirirlər. Filan "nazirin maaşı heç villasının illik işıq pulusu eləmir, o villanı hansı pulla alıb?!" Heç ölüb yerə girmirsiz?! O boyda adamlar sizcə rüşvət alırlar?! Bax, beləsiz də... Heç bir nazir indiyə qədər öz maaşının azlığından şikayət eləməyib, yazıqlar hər qəpiyin hesabını aparırlar ki, büdcəyə güc düşməsin. Sən amma onlara nəyi yaraşdırırsan! Bu arada, nazirlərin də üzü heç vaxt gülmür. Hansı günlərinə gülsünlər axı?! Bəlkə təyyarələri var?! Bəlkə delfinləri var?! Bəlkə onlara hər ay filan qədər dolya verən var, xəbərimiz yoxdu?! Heç nə! Ermənistanın büdcəsindən çox olan hərbi büdcəmiz var, amma general-polkovnik Səfər Əbiyev dodaqlarını çeynəyir; bu qədər pul ola, Lazım gəlməyə... Amma yenə yaxşı ki, nazirimiz S.Əbiyevdi. Destruktiv müxalifətçilərdən biri olsaydı (Tanrım özün qoru; mənim işim var.), həmin pulu sağa-sola xərcləyərdi.
Göründüyü kimi, bizim hər işimiz yaxşı olsa da gülmərik. Çün nəfsdən qorxuruq və öz nəfsimizi yaxşı tanıyırıq. Yoxsa ki, demokratiyada Amerikaya örnək olan bir dövlətin vətəndaşının nəyi çatmaya bilər? Bircə analoqu olmaz.
Bu qədər yaxşı yaşamağın nəticəsidir ki, artıq sevinci də ifadə edə bilmirik, axı nə qədər eyni cür sevinmək olar? Bəziləri sevindiyindən özünü asır. Kimisi sevindiyindən dostunu bıçaqlayır. Kimisi də gedir, nənəsi yaşında qoca qarını zorlayır. Bu yaxında hətta bir seyid-övliya nəvəsi tapmışdılar, kəndin qızlarını zorlayırmış. Şübhəsiz, onu da sevincindən edib. Hətta mən də bu xəbəri oxuyanda o qədər sevindim ki, Şeyx Nəsrullaha bir salavat çevirdim. Bizim sevinməyimizin də analoqu yoxdu!
P.S. Görəsən, analoqumuz olan vaxtı bu "analoq" haramızda olub? (Hərçənd, "analoq" sözünü "anus" sözüylə qarşılaşdırıb, bir nəticəyə gələ bilərəm, amma nəyimə lazım?!)

No comments: