Google Website Translator Gadget

Wednesday 20 October 2010

Gələcək üçün Ölmək

Vaxtilə müəllimim mənə deyəndə ki, "biz ölməsək, siz xöşbəxt olmayacaqsız" çox təəccüblənmişdim. Xalq Hərəkatının aktiv iştirakçısı, hətta bu cür məsələlərə görə, "içəri"yə də düşən filologiya elmləri namizədi Yaşar Məmmədli mənə deyirdi ki, gərək o ölsün ki, mən xöşbəxt olum! Mən onu 6 ildir ki, tanıyıram. Müəllimim saydığım tək-tük adamlardan biridir. İlk dəfə türk olduğumu, "azəri"siz filansız, İran, İraq, Krım və Türkiyədəki türklərlə bir etnosdan olduğumu o mənə sübut etdi. On bir aylıq demokratik rejimin siyasətini məhz ondan öyrəndim - mübaliğəsiz həqiqətləri. Nə etməli, necə etməli suallarına cavab tapmağa məhz o yardım etdi. Yardım etdi, cavabı demədi! Cavabı deməmək onun fərqli bir xüsusiyyətidir. Cavabını bilmədiyim bir sualı verər və məndən düşünməyimi tələb edərdi. Çünki bilsəm, dərhal, düşünmədən söyləyərəm. Bilmədikdə isə, fikirləşməyə məcburam. Beləcə o mənə düşünməyi öyrətdi. Bundan sonra cavabları tapmaq çox daha asan oldu. O mənə balıq vermədi, heç tilov da vermədi. Tilov düzəltməyi və balıq tutmağı öyrətdi. Azərbaycan dili (əslində "türk dili") fənninə nifrət edirdim. Sayəsində linqvistika mənim üçün bir əyləncəyə çevrildi.
Və belə bir adam ölməlidir ki, mən xöşbəxt olum. O, atamla yaşıddır. Yəni atam da onunla bir ölməlidir. Həmçinin anam - onun da təvəllüdü eyni ilə təsadüf edir. Xöşbəxt olmağımçün yetim qalmağım lazımdır! Müəllim və valideynindən məhrum olan biri xöşbəxt ola bilər? "Biz, Soveti görmüş adamlar həmişə sizə mane olacağıq" - düz deyirdi. Məni təəccübləndirən o idi ki, bu sözləri deyən adam Sovetə qarşı çıxanlardan idi. Amma həqiqət bu idi ki, dövrün və mühitin təsiri onun da şüurunda iz buraxmışdı - çox xəfif olsa belə. Atalarımız, analarımız pionerlər, komsomollar olublar. Ən azından oktyabryat olublar! Olmayanlar isə olanların əhatəsində olublar. Mən... mənsə, 1988-də doğulmuşam. Deyirlər, ətrafda baş verənlər bətndəki embriona təsir edir. Bilmirəm, amma bəlkə bu üzdən hər şeyi dəyişmək istəyi var içimdə.
Biz müəllim və valideyndən məhrum olanda isə biz gənc olmayacayıq. Ona görə özümüzə yetim deyib sızlamayacayıq da. Düzdü, ayağımız daşa ilişəndə "ay ana" deyib yıxılacayıq və bir anlıq uşaqlığımız yadımıza düşəcək, ancaq bu bir saniyədən çox sürməyəcək. Bizim qarşımızda gənclər olacaq. Öz etmədiklərimizi onların etməsini istəyəcəyik. Onlarınsa, başqa yolları, hətta başqa məqsədləri olacaq. Bizə bu qəbuledilməz görünsə belə. Onlar üçün buxova çevriləcəyik, çünki biz də diktaturanı görmüş bir nəsilik! Biz universiteti rüşvətlə oxuyub, rüşvətlə bitirən bir nəsilik! Biz qoyuncasına "ümumi daxili məhsul", "regionun lideri", "ümummilli lider", "sürətli inkişaf" kimi nağıllara inanan nəsilik! Bəzilərimiz bunlara inanmır, amma inanların əhatəsindəyik! Üzeyiri dinləmirik, amma dinləyən çoxluq bizi dövrəyə alıb. Bütün bu təsirlər bizdə iz qoymaqdadır. Bir gün məhz bizim ölməmiz lazım olacaq ki, sonrakılar adam balası kimi yaşasınlar. Əgər onlar bu cür yaşasa, özlərini sığorta edəcəklər. Daha onların ölməsi xöşbəxtliyin açarı olmayacaq. Yaponlar kimi 80 yaşında yeni həyata başlaya biləcəklər.
Aramızda ölmək istəməyənlər isə cəmiyyətin xərçəng şişi olacaqlar. 

2 comments:

Anonymous said...

Anar, bezen en yuksek shekilde tehsil almish adam sual verende ki,,sen gorxmursan dovletden , ne bilim polisden, fb-da ne olsa yazirsan..Onda mende dushunurem ki, evvelki nesil kishi adamlarin nesili idi....O dovrde indikinden fergli olarag demokratik dushunce terzine malik olmag chox tehlukeli idi. Amma bele adamlar saysiz idi...

ANAR said...

Məncə, elə deyil. Sadəcə, hər dövrdən yalnız kişilər qalır. Qorxaqların isə varlığı hiss olunmur. Bizdən də geriyə qorxmayanlarımız qalacaq. Əgər biz nə isə müsbət dəyişikliyə nail olsaq, bizə xitabən də sənin dediklərini söyləyəcəklər.
Bir tərəfdənsə, "qorxmursan?"-da həqiqət var; sənin itirməyə bir kimsən ola bilər, ancaq səni itirəsi kimsələr (məs: anan, atan) var.
Ancaq ümumi dalğa gələndə, adamın qabağını heç nə ala bilməz.