Google Website Translator Gadget

Saturday 23 October 2010

Bir azca da döz...

Niyəsə, mövzulara giriş qabiliyyətim yoxdu... Bu üzdən bəzən demək istədiyimin sözlərin də beynimdə qaldığı olub... İnsan hardan başlayacağını bilmir. İngilislər kimi yarım saat havadan danışmağı da bacarmıram. Bu dəfə giriş yazmaq istədiyim mövzu cəmiyyətin passivliyidir. Neçə gündür fransızlara həsəd aparıram; Nikola Sarkozini anadan olmağına peşman edirlər. Bu fransızlar sanki Bastiliyadan bu günə kimi inqilab edirlər. Haradandır bu qədər enerji?! Bilmirəm, onu bilirəm ki, Fransa son 200 ildə çox şeyə nail oldu. Biz isə 90 il əvvəl fransızlardan öndə idik - təbii ki, müvafiq dövrün Fransasını nəzərdə tuturam. Bu günsə, çox geridəyik, 1918-dəki vəziyyətdən də geridə. Sanki Şərqin ilk demokratik respublikasını yaradan, ABŞ və başqa dövlətlərdən öncə qadınların da seçki hüququnu tanıyan biz deyildik. Mən Sovet ordusuna qarşı 40.000 şəhid verdiyimizi biləndə dəhşətə gəldim! Axı necə olur, belə bir millət indi səbrlə hər şeyə dözür? İnsanlar hər şeydən narazıdırlar. Soruşsan, daxili siyasəti bir politoloqdan daha gözəl tənqid edən sadə insanlar var. Hamı hər şeyi bilir! Heç bir yalana, qarayaxmaya, nağıla baxmayaraq, sadə xalq əslində yaşadıqları həyatın, iqtisadi vəziyyətin pis olduğunu bilir. Ancaq dözür! Niyə dözür?! Çünki öz canından deyil, ailəsinə görə qorxanlar var. Mən ölsəm, onlara kim baxacaq?! Gənclərsə məktəbdən atılmaqdan, universitetdən çıxarılmaqdan, bu da olmayanda, valideynlərinə təzyiq ola biləcəyindən çəkinirlər. Bu hislərin bəzisini mən də keçirmişəm. Buna baxmayaraq, tələbəlik illərimdə universitetdə müəllimlərin bəzən (doğrudan da belə şeylər ADU-da az olurdu) TV-dəki nağıllardan tələbələrə danışmasına imkan vermirdim. Bəzi manqurt tələbələrlə mübahisəyə girəndə kiminsə məni dekana "satacağını" düşünmürdüm.  Amma universitetdən kənarlaşdırılmaqdan çox qorxurdum. Bitirəndən sonra, itirəcəyim heç nə yoxdu. Məni itirəcək ailə var, mənim itirəcəyimsə yoxdu. Heç vaxt narahat olmamışam ki, atamı işdən çıxardarlar. O, əqidəli (bu necə olur, bilmirəm) YAP-çıdır - 1995-ci ildən. O, doğrudan da Heydər Əliyevə inanır(dı). Ona görə mən heç vaxt narahat olmamışam ki, bir partiya, səbəb nə olursa olsun, özünə bu qədər inanan bir üzvünə təzyiq etsin. Amma həmin adamın aldığı maaşa baxaq. Ya da baxamayaq, bu ciddi yazıdır, rəqəmlərsə çox gülməlidir. Bu ölkədə mütləq çoxluğun aylıq gəliri elə bir həddə saxlanılıb ki, o, bütün ayı çalışmalıdır ki, aylıq xərclərini qapada bilsin. Artıq pul qalmır, qalsa da, fors major hallar (məsələn, toy) üçün saxlanılıb. Məntiq budur ki, bütün günü çalışan birisinin beynində "boş-boş fikirlər"ə yer qalmır - bizim vəziyyətimizdə bu boş-boş fikirlər siyasi fikirlərdir. Beləliklə, orta statistik azərbaycanlı 7/24 rejimində işləyir, ailəsinin növbəti aya qədər sağ çıxardır... və buna şükr edir! Əgər işdi, bu ailəyə bədbəxtçilik üz versə, məsələn, ailədən biri xəstələnsə, onda batdılar. Bu ölkədə polisə düşmək daha yaxşıdır, nəinki həkimə! Əgər birinci pulunu alırsa, ikinci həm pulunu həm də canını alır! Artıq canlarının getmək üzrə olduğunu görənlər isə barıt çəlləyi kimi partlayır. Müxtəlif cinayətlərə əl atırlar. Ölkənin kriminogen durumu göz önündədi. Əslində insanlar vaxtında etiraz etməkdən çəkinməsəylər, daha az itki verərlər. Bu gün mənim ailəm birtəhər dolanırsa, bu sabah üçün qarantiya deyil. Mən hətta dünəndən etiraz etməli idim - necə ki, fransız gənclər pensiya yaşının 2 il qaldırılmasına etiraz edirlər. Biz də küçələrə axışıb, haqqımızı tələb edəcəyik. Bu, gec-tez olacaq. Ancaq bunu indi eləsək, qarşıdurma olmaz, saha sivil bir şəkildə məsələ həll ola bilər. Məxməri inqilablarda, yaxud avtoritarızmin tədricən aradan qalxdığı ölkələrdə keçmiş hökümət adamlarının linç edilməsinə yol verilmir. Onlar ya qanun qarşısında, ədalətlə mühakimə olunurlar, ya da onları sadəcə "Allahından görsün" deyib sərbəst buraxırlar - onlar bir daha ziyan verə bilməzlər. Ancaq sabah soisal-siyasi ədalətsizlikdən xirtdəyə yığılmış, itirməyə yalnız canları qalna adamlar qarşısına çıxanın ağına-bozuna baxmayacaq. Xüsusən də hökümətə qarşı amansız olacaq.
Ona görə, mən hər dəfə ölkədə iqtisadi vəziyyətin pisləşdiyini görəndə mazoxistcəsinə sevinirəm. 

No comments: