Google Website Translator Gadget

Thursday 21 October 2010

Biz necəyik?

Bir çoxlarından "biz beləyik", "ölməli millətik" və bu tip ifadələr eşitmişəm - az olmayıb. Ən pisi də odu ki, əllərində qəşəng əsaslar olur. Doğrudur, bu əsaslar avtogenosid (belə sözün varlığından xəbərim yoxdu, uydurdum) eləməyə yetərli deyil, amma fərdi utanc üçün yetərlidir. Məsələn, biz yaltaqlığı sevirik. Kimimiz aşağı, kimimiz yuxarı, bəzilərimizsə ifrat dozada. Bu faktı öz üzərimdə təcrübə etdikdən sonra "üzə çıxardım". Aramızda bəziləri də var ki, onlar yaltaqlanmağın təhərini də bilmirlər. Heç yadımdan çıxmaz, bir dəfə İlhamə Qasımova (əsasən, müğənnidir) səhnədə  "İlham Heydər oğlu" deməklə ikisinə birdən simpatiyasını bildirəcəkdi (yaltaqlanacaqdı). Ancaq "ilahi məzələnmə" (© Anar) burda da özünü göstərdi. Çaşdırıb "İlham Əlirza oğlu" dedi. Daha doğrusu, bir neçə çaşma seriyasından sonra bu birləşməni deyə bildi. Bununla bitsəydi, "olan şeydi" deyib unudardım, amma oxuduğu mahnının sözləri də yadından çıxdı! Yarımçıq kəsdi. Bilmirəm, o bu hadisədən dərs çıxardı, ya yox, amma mən çıxardım. Yaltaqları Tanrı da sevmir - bunun səbəbləri başqa mövzudu. 
İnsanımızın xoş söz söyləyib ürəyində rahatlıq tapması yaxşı xüsusiyyətdir, ancaq əndazəni aşanda kənardan çox gülünc və iyrənc görünür. Əvvəllər düşünürdüm ki, qibtə elədiyim insanlarla danışmaq imkanım olsaydı onlara nə deyərdim; hər dəfə yaltaqcasına düşünürdüm... yarım saat sonra bundan utanırdım. Dediyim xoş sözlərlə başqasını yüksəldərkən, özümü alçaldıramsa, bu artıq yaltaqlıqdır. Elə bu yerdə bir paradoksla üzləşdim; insan özünü alçaltmaq istəməz, bəs niyə edirik? Çünki, yaltaqlıq edərkən, bizə elə gəlir ki, biz böyüyürük. Yəni biz öz təvazökarlığımızı göstəririk və bu bizi böyüdür. Bundan başqa, bir yazıçıya "siz çox gözəl əsərlər yazırsız" deyən adam, mümkündür ki, şüuraltındakı bu fikirlərdən birini ifadə edir: "Mən sizin əsərlərinizi oxuyuram, görün, nə qədər ədəbiyyata qiymət verən adamam!"; "Mənim bu işlərdən başım çıxır və mən (bir münsif kimi) sizə qiymət verirəm". Əlbəttə, mümkündür ki, həmin adam elə "siz çox istedadlısız" fikrini ifadə edir, amma mən inanmıram buna. Özümdən bilirəm - elə buna görə də kimisə tərifləmirəm, səmimiyyətimi itirməyim deyə. Məhz səmimiyyəti! Səmimi olmamaq bizim başqa bir utancverici xasiyyətimizdir. Bizim yaltaq-yalaq xasiyyətlərimizin arxasında da səmimiyyətsizlik durur! Biz heç kimə heç nəyi olduğu kimi demirik. Ya böyüdürük, ya kiçildirik. Bizim üçün şəxsin etdiyi işin qiyməti həmin şəxsin bizə olan, yaxud bizim ona olan (bəzənsə, hər ikisindən) münasibətimizdən asılıdır. 
Əslində səmimi olmayan təkcə biz deyilik, ingilislər bizdən bətərdilər. Bizdə olan mənfi xasiyyətlər başqa millətlərdə də var, az ya çox, amma var. Ancaq məni başqa milətlərinmənfi cəhətləri maraqlandırmır, "cümlə cahan batsa da, batsın!" Ona görə də "ölməli millətik" sözünü qəbul etmirəm. İslaha ehtiyacımız var - ciddi islahata. Bizim mənəvi problemlərimizin arxasında çox səbəblər var. Amma birinci səbəb yaşadığımız sistemdir. Biz insanıq - canlıların arasında adaptasiya olmağı ən yaxşı bacaranı. Bizim üçün sistemə uyğunlaşmaq, onu dəyişməkdən daha asandırsa, biz asanı seçirik. Bəzi kimsələrə quruluşu dəyişmək, ən azından buna cəhd etmək, ona uyğunlaşmaqdan (oxu: şərəfini itirməkdən) daha asandır. Hər bir cəmiyyəti, milləti önə çəkən məhz belə insanlardır. Onlar dəyişib, yeni quruluş gətirirlər. Əgər bu yeni dünyada korrupsiyaya, yalançılığa, şərəfsizliyə yer yoxdusa, qalan, adaptasiyanı daha yaxşı bacaran insanlar yeni dünyada layiqli vətəndaş olacaqlar. Artıq qonşu xalqlar onlara həsədlə baxacaq. Sanacaqlar ki, onların qanında nəsə bir alilik var. Necə ki, dünyada almanları qanuna tabe millət kimi tanıyırlar.
Cəmiyyətin məhz lokomotiv hissəsi olmaq üçün, zənnimcə, özümüzdə mənəvi reform aparmaq lazımdır. Səmimi olmaq, qaba da olsa, həqiqəti demək. Görülən iş haqda fikir deyərkən, şəxsi münasibəti kənara qoymaq. Bunları bacaranda, yaltaqlıq da aradan qalxacaq. Belə cəmiyyətisə mənəvi əsarətdə saxlamaq mümkün deyil.
Azadlıqda görüşənədək!

3 comments:

Anonymous said...

Tebrikler Anar! Mence alinib, amma "biz neceyik" sualinin cavabi tekce bununla bitmir. Go on! Ugurlar!

ANAR said...

Məncə də bitmir. Narahat olma, Əfqan, bu mövzuda hələ yenə yazacam.

ANAR said...

Qeyd: Qasımova əvəzinə, Quliyeva olmalı idi.
(Boş şeyləri unutmaq qabiliyyətim var. :D)