Google Website Translator Gadget

Monday 18 October 2010

Məktəbin Fəsadları

Bu gün əlimə təsadüfən "Ana Sözü" kitabı keçdi. Başladım vərəqləməyə görüm, indiki ikincilərə nə öyrədirlər. 14-cü səhifədə müəllifi Rafiq Yusifoğlunun olduğu bir mətn (səh.14) diqqətimi çəkdi. Başlığı çox maraqlı idi: "Koroğlu olmağın sirləri"! Təbrik edirəm, Rafiq bəy müasir uşaqlara kitab oxutmağın unikal üsulunu tapmışdır. Başlıq diş pastasının reklamını xatırladırdı (Ağappaq təbəssümün sirləri). Bəli, əsas başlıqdı. Çünki, bu cür ad hətta məni məcbur elədi ki, mənasız olacağına əvvəlcədən əmin olduğum həmin mətni oxuyum. Zarafatı bir kənara qoyuram. Mətn bütövlükdə kimlərinsə Koroğlu olmaq üçün nə oyundan çıxmalarından bəhs edir. Kimisi, atasını kor qoyur(!), kimi saz öyrənir və s. Mən Koroğlu dastanını 8 yaşımda oxumuşam, amma o yaşımda belə mətndə göstərilən uğursuz "Koroğlu olmaq cəhdləri" mənim ağlıma gəlməzdi. Mətnin sonunda, unikal formul göstərilir: Koroğlunu Koroğlu edən onun vətənə, xalqa sevgisi və şöhrət dalıyca qaçmaması idi. Normal insan onsuz da bu cür düşünür. Axı yalan yazıb uşağın ağlını bulandırmaq, sonra da ona elə əvvəlcədən gün kimi aydın olan bir şeyin izahatını vermək nəyə lazımdır?! Baxın, sizin patriotizminiz bu qədərdi. Özünüzdə olan vətənpərvərlik nədir ki, başqalarına da öyrədirsiz (öyrətməyə cəhd edirsiz)?! İbtidai sinif uşaqlarının dünyagörüşü onlara imkan verir ki, ağı-qaradan belə misallar olmadan da ayıra bilsinlər. Fox kids, Cartoon kimi peyk kanallarına baxan uşaqlar isə hətta daha gözəl misallar gətirə bilərlər - 6 yaşlı qonşum kimi. Niyə bu cür dərsliklərlə gələcəyin savadlı kadrını elə beşiyində boğursuz?... Çünki məlum məsələdir, belə şagirdlər yuxarı siniflərə keçdikcə, digər sahələrdə olduğu kimi, təhsil sistemindəki eybəcərlikləri də görür. Bundan böyük "təhlükə" ola bilər? Bizdə çox yanlış bir deyim var: "Başqa ölkələrdə valideyn uşağının oxuması üçün pul verirsə, bizdə pul verir ki, uşağı oxumasın." Bunu hazırlığa gedən uşaqların valideynlərinə nəzərən deyirlər. Ağ yalan! Bizim valideyn ona görə pul verir ki, məktəb, şagirdin hazırlıq müəllimin ("repetitor" sözündən zəhləm gedir) yanına gedib, məhz məktəbin ona verməli olduğu təhsili almasına maneçilik törətməsin! Yuxarı sinif şagirdləri üçün məktəb elmin buxovudur. A.Eynşteyn deyib ki, təhsil - məktəbi bitirdikdən sonra yadda qalan biliklərdir. Həmin hesabla, məktəb təhsili heç nədir, inanmayan, TQDK-dan soruşsun.
Ana Sözü (2-ci sinif) kitabına bir də qayıdım. Koroğlu haqda mənalı mətndən bir-iki səhifə sonra başqa bir hekayə gəlir. Hekayənin adı "Bəs kişilər hanı?"-dır. Məğzi budur ki, Əmir Teymur bir şəhəri işğal etməzdən öncə şəhər əhlinə yazır ki, Teymur ancaq kişilərlə vuruşacaq, ona görə, bir həftəyə, qadın-qız tayfası ən qiymətli nəyi varsa, götürsün, şəhəri tərk etsin. Bir həftə sonra Əmir Teymur şəhərə daxil olur, amma şəhərdə yalnız qoca kişi və qadınlara rast gəlir. Sual edir ki, "bəs kişilər hanı?" Buna təxminən belə deyirlər ki, qıza qardaşdan, gəlin ərindən qiymətli nə ola bilər ki?! İndi guya dərslik bizə qardaş, ər sevgisi aşılamaq istəyir. Amma fakt odur ki, şəhərin kişiləri arvad tumanın altına girib! Alın, sizə patriotizm! Bu hekayəni də uşaqlıqda oxumuşdum və burda kişilərin qorxaq olduğunu uşaq ağlıyla anlamışdım.
Milləti ucaltmaq üçün ən gözəl vasitə təhsildir. Amma eyni vasitədən şüurlu, yaxud şüursuz şəkildə səhv yöndə istifadə edərək, milləti məhv etmək də mümkündür.
P.S. Şüurlusunuz, ya şüursuz?

No comments: