Google Website Translator Gadget

Sunday 24 October 2010

Televiziya və Telekanalizasiya

Səhər qəzetdə bir yazı oxudum, daha doğrusu bir mövzuda iki yazı. Orxan Eyp və Turxan Qarışqa Alternativ TV-nin bərpa etdikləri barədə yazmışdılar. "Küçə Söhbəti" başlığı ilə hazırlanan tok-şou mənim böyük marağıma səbəb olmuşdu. Mənim ümumiyyətlə belə bir internet kanalının olduğundan xəbərim yox idi, halbuki, Turxan bunu mənə deyə bilərdi. Amma demədi. Təsadüfən internetdə rast gəldim: Quqlda ("Google") "Turxan Qarışqa" adını axtarışa vermişdim, bekarçılıqdan. Nəticələr arasında 3 hissəyə bölünmüş "Küçə Söhbəti" adlı videoya rast gəldim. Orxan Eyp aparıcılıq edirdi. Tok-şounu acgözlüklə izlədim və hər kəsə də baxmağı məsləhət görürəm. Bu verilişdə heç bir dekor yox idi, heç bir professional çəklişdən söhbət gedə bilməzdi. Sıfır imkanlarla hazırlanmışdı. Bu çatışmazlıqları görünməz edənsə, mövzu və mövzu ətrafında gedən diskussiya idi. Ən əsası, söhbət mətbəxdə müzakirə olunmurdu, qonaqlar arasında müğənni yox idi. Bir anlıq könlümdən keçdi ki, bu uşaqlara televiziya efiri təklif edəsən, çəkdiklərini daha böyük kütləyə çatdırsınlar, nəinki 200 nəfərə. Əlbəttə, onlar iddia edəcəklər ki, 200.000 izləyicidənsə, min dəfə az, amma daha səmimi tamaşaçım olsun. Lakin bu belə deyil. Hətta səmimiliyə belə öyrətmək lazımdır. Bunu da bir kənara qoysaq, televiziyada bu cür verilişin olmağı inqilab olardı. Bütün streotipləri, yalançı əxlaq kodekslərini, mentaliteti yırtıb atan bir tok-şou! Bəlkə hər hansı bir inandırma ilə bu istedadlı gəncləri, telekanalizasiyaya çıxmağa, oranı bir az da televiziyaya bənzətməyə razı salmaq olar. Ancaq sanmıram ki, hər hansı bir kanal(izasiya) buna razılıq versin; çünki, bu gənclərin əsas hədəfi elə televiziyadır. Onları izləyəcək olanların elə birinci verilişdən onlara nifrət edəcəkləri mənə məlumdur, onlar özündən razı kimi görünürlər. Azad söz, açıq tənqid eşitməyən qulaqlar bu sözlərə düşmən kəsiləcəklər - bu təbiidir. Lakin zaman keçdikcə, öyrənəcəklər, fərqi hiss edəcəklər.
Danışıqlarında senzura olmayan bu gənclər həm də səmimiyyət aşılıya bilərlər, onlara imkan verilsə. Onlar bir neçə bu cür veriliş hazırlaya bilərlər. O verilişlərin qonaqları isə cəmiyyətə az tanış olan, lakin cəmiyyətin tanımalı olduğu şəxslər olardı. Daha qonaq qismində müğənni çağırıb, onunla ictimai məsələ müzakirə etməzdilər - hətta bəzi verilişlərdə müğənni tayfasını ekspert qismində belə görmək olar! Həm də sanmıram ki, "əli mikrofon tutanlar" bu cür verilişə gəlib, "maskalarının cırılıb, əllərinə verilməsini" (ifadə Turxan Qarışqaya aiddir) istəyərlər. Azad söz, azad mətbuat olan yerdə hərə öz işilə məşğul olur və kimsə, "burnu girməyən yerə başını soxmaq" istəsə onun başına... ...oyun açarlar. Azad televiziyanın kölgəsi bu gün internetdə mövcuddur. Kanal13, Obyektiv TV, Fərq TV və digər bilmədiyim intenet kanlları televiziyaya, sözün həqiqi mənasında, dərs keçirlər. Onların yayımladığı verilişlər, əslində telekanalların nəyi və necə göstərməli olduğunu izləyiciyə çatdırır.
AzTV mədəniyyət kanalı da açır... Artıq muğamı 24 saat eşitməliyik, daha bərk yatmaq üçün. Sizin bütün kanallarınızın müsbət cəhətlərini bir yerə toplasaq, heç yarım kanal da açmağa yetməz! Bizi qoyun yerinə qoyduğunuzu düşünə bilərsiz, ancaq qoyunlara layiq proqramlarınızla özünüzün şüur səviyyəsini nümayiş etdirirsiz.
P.S. Adam kişi olar!

No comments: