Google Website Translator Gadget

Friday 22 October 2010

Sehrsiz, normal AYNA

Son vaxtlar fikir verirəm, televiziya cəmiyyətimizin aynası olmağa başlayıb. Elə buna görə, "telekanalizasiya" terminini işlətməyəcəm - bu yazıda. Cəmiyyətin əyri cəhətlərini heç vaxt bu qədər kompleks şəkildə görməmişdim. Bütün kanallar musiqi qrupunun üzvləri kimi bir-birilə sinxron işləyirlər. Öndə isə İTV və ANS gedir. Daha sonra ATV və Xəzəri də əlavə etmək mümkündür. Yerdə qalanlarsa, elə yerdə qalıblar...
İndi daha ətraflı. İki verilişin müqayisəsinə baxaq: "Toy Olsun" vs."Xalq Seçir". Məlumat üçün deyim ki, "Xalq Seçir" deputatlığa namizədlərin danışdığı verilişdir. Müqayisə predmeti isə iştirakçıların danışıq, nitq qabiliyyətidir. Mənim deputat olmaq istəyənimə bax ki, toy verilişində, məqsədi yalnız evlənmək olan sadə adamlar qədər danışıq qabiliyyətləri yoxdur. Hər dəyirmi masada ən az bir nəfər tapılır ki, nitqi quruyur... ya Qarabağı arendaya çıxarır, yaxud intonasiyadan məhrum nitqlə danışır. Bunlar deputat deyil, düzdü, amma bunlara minimum 450 imza veriblər axı.. deməli bunların müəyyən bir çəkisi var. Üstəlik, bir çoxu üzündən oxuya bilmir! Bəs Toy Olsunda? Baxırsan... baxırsan... yalan demə... Orda nəinki nitqində çaşan, hətta olmayan səsilə canlı mahnı oxuyan da tapılır. Həm də bir çox şeylərin ssenari ilə getmədiyini nəzərə alsaq, sanki profi yığıncağıdır. Eyni kanalın Elgizli axşamları, ümumiyyətlə, qırğındı. Bu qədər emosional verilişdə iştirakçılar sözlərini, fikirlərini aydın çatdıra bilirlər. Bu günə qədər Turan İbrahimlinin apardığı "Günəbaxan" isə klassika idi! Əsl özfəaliyyət! O verilişdə, Turanın mədhiyyələri daxil, danışıqda qüsur edən birinə rast gəlmədim. Bir əmma vardı... Turan üzündən oxumağı bacarmırdı... Bir çox şeylərə savadsızlıq, məlumatsızlıq öz möhürünü vururdu. Üstəlik, bunun qarşılığında Turan deyəndə ki, "mən jurnalistika fakültəsini bitirmişəm", yəni professional jurnalistəm, voobşe dəli olurdum! Amma nə deyəsən, o da jurnalistika fakültəsinin aynasıdır. "Sən tək deyilsən" və başqa bu tipli verilişlərdə də necə gözəl nitqə sahib olduğunu sübut edən xalqın deputatlığa namizədləri niyə o gündə danışırlar axı?! Bəlkə onlar xalqdan biri deyillər, ona görə? Ola bilər, amma aralarında çiçəyi burnunda olanları var ki, hələ nəinki xalqdan, gecə öz blokundan aralanmağa cürəti çatmaz - onlar ən qüsurlu nitqə sahibdirlər. Problem başqa şeydi... Bəlkə də yalan danışdıqları üçün... İnandırıcı görsənir, çünki onların işlətdikləri kəlimələrə (cümlə formalaşdıra bilmirlər) əsaslanaraq məddahlığa cəhd etdikləri görünür. Onların beşinin deyə bildikləri yalanlar da bir müxalifətçinin sözüylə darmadağın olur. Bu, aynanın göstərdiyinin bir qismidir.
Başqa bir veriliş. Yeni Ulduz. Bu verilişə baxıram - bəyənirəm də, simpatiyamı gizlətməyəcəm. Amma o veriliş bayağı musiqi aşiqlərinin necə çox olduğunu göstərir. Hələ bir çox "aşiq"lər, Yeni Ulduzun formatını bildiklərindən, heç yarışmaya gəlmirlər; Gələnlərə münasibət göz önündədi. Deqredasiyaya uğramış gənclik budur! Üzeyirlə başlayan Azərbaycan musiqisi elə Üzeyirlə də tarixin arxivinə getməkdədir. Mənim telefonumda Azərbaycan mahnısı yoxdu! Əvvəl vardı, amma eyni mahnıya nə qədər qulaq asım?! Mənim Üzeyirlə problemim yoxdu, oxusun, özü bilər. Amma niyə ona qulaq asırlar? O insanların hansı hislərinə toxunur? Niyə mən eyni eşq ilə onu dinləyib, feyziyab ola bilmirəm?! Axı bu həm də faktdır ki, çoxluq o cür bayağı mahnıları sevir! "Bəlkə mən səhv edirəm?" deyib qarşı tərəfin haqlı olduğunu düşündüyüm də olub. Xüsusən də, atamın mənə çox tez-tez verdiyi sual bu halların çox olmasını təmin edirdi. Sual çox məşhurdur: "Bir kənddə 9 dəli var, 1 ağıllı. Kim dəlidir, kim ağıllı?" Atam bir növ "hamı səhv edirsə, hamı haqlıdır" fikrindən çıxış edirdi. Bir gün cavabını tapdım - çox hirslənmişdim, hirslənəndə başım yaxşı işləyir, cavab sualın içindədi: həmin kənddə "doqquz dəli var, bir ağıllı"! Obyektiv reallıq nisbətdən asılı deyil. Ona görə qərara gəldim ki, gənclərin musiqi zövqündə problem var, bunu da Yeni Ulduzun aynası göstərdi.
TV-nin göstərdiyi başqa bir eybəcərlik isə mentalitet deyibən şivən qaldıranların "fuflo sööbət" elədikləridir. Biz mədəni, böyük, əxlaqlı xalq deyilik, bəlkə də belə idik, ancaq indi belə deyilik. "Amerikada oğul atanı məhkəməyə verir" - bizim millətin Amerika haqdakı stereotip halını almış fikirlərindən biri.  Yaxşı, onlar biqeyrətdilər, bəs anasını evindən qovan, evindəki çaydanı qardaşı ilə bölə bilməyənlər kimdirlər?... Amerikada yenə məhkəməyə verirlər... bizdəsə saçyolduya çıxırlar! Bu mövzu uzundu, ayrıca diqqətə layiqdir.
Bu son həftədə kanallardan bu üç həqiqəti eyni zamanda gördüm. Xüsusən, müxalif fikirlərin televizordan yayımlanması ekranın rəngini bir xeyli açdı. İnsanı azad televiziya haqda xoş xəyallara dalmağa vadar etdi. O da olacaq, nə vaxtsa o da olacaq. Əks halda, heç biz də olmayacayıq.

No comments: