Google Website Translator Gadget

Sunday 24 October 2010

Cismin şad olsun!

Gündəmi deputatlığa namizədlərin lətifələri fəth edərkən mənim ayrı mövzudan yazmağım düzgün olmazdı. Yumoristliyə iddialı olan uğursuz aktyorların dediyi "yalnızca güldürmək olmaz, güldürərkən düşündürmək lazımdır" kimi əslində mənasız (və Cem Yılmazın təbirinicə, texniki cəhətdən imkansız) bir fikir öz təsdiqini namizədlərin çıxışında tapdı. Tarixdə belə şey bəlkə də heç olmayıb. Bu ona bənzəyir ki, incəsənətə aid hər hansı bir fikir bir qəssabın sayəsəində təsdiqini tapsın. Mən bu çıxışlara sırf əyləncə xatirinə baxıram, hətta ən yaxşı güldürən namizədə səs verəcəyimi də deyirəm (maraqlı səslənir). Ancaq veriliş birdikdən sonra başım açılır... Tanrım, bu insanlar deputat olmaq istəyir! Aralarında siyasi uğur olaraq, Gəncə əhalisinin 100.000 nəfər artığını göstərən adamlar da var! Bir neçə gün əvvəl namizədlərdən biri "Nizaminin ruhunu şad edən siyasət"dən danışmışdı. Feysbukda bu söhbətin müzakirəsi oldu. Əslində  nə müzakirə? Belə şeyin nəyini müzakirə edəsən? Sadəcə videoya baxıb, lağa qoyurduq. Amma sən gəl, işə bax ki, bu gün də başqa bir namizəd yenə eyni mənada ifadə işlətdi. Nizaminin ruhu şaddır... Min il bundan əvvəl yaşamış adamın nə istədiyinin önəmi yoxdur! Bu gün, diri qarşında dayanan insanın problemini həll etmək lazımdır. Onun ruhunu sevindirməyə nə var? Əsərləri hər dildə var, heykəlləri də həm biz də, həm də İranda var. Bu gün ədəbiyyatdan xəbəri olmayan kəslər belə Nizaminin adını bilirlər.  Şairə bundan artıq nə lazımdır?! Sıravi gəncəlinin bu qədərini arzulamağa belə gücü çatmaz. Onun yüz dərdi var. Bu dərdin 99-u, təkcə Gəncəyə deyil, bütün Azərbaycan Respublikasına aiddir. Bir çox problemlərin kökündə sistem və sistemdəki köhnə kommunistlər durur. Əvvəl də yazmışam, dünyadan köçmüş bir insanın dərdinə əlac etməyə nə var? Dərd dirinin dərdidir.
P.S. Yəqin ki, dövlətin simvolu olan pul əskinasının üzərindən Nizami Gəncəvinin şəklinin götürülməsi də şairin ruhuna olan ehtiramdan irəli gəlir.

No comments: