Google Website Translator Gadget

Wednesday 20 October 2010

Başqa mövzu

Başqa mövzudan yazmaq istəyirdim, amma tamam başqa mövzudan yazacam. Yazı yazmazdan əvvəl bir mahnını dinlədim... Mahnını oxuyan HIM qrupunun üzvü idi. Bu rok qrupunu iki ildir ki, tanıyıram. Can-cigərim Zaur məni bunun kimi bir çox qruplarla tanış eləmiş, beləliklə, deyərdim, məni adam eləmişdi. Bu rok qrupu Finlandiyadandır. Finlandiya... oranın nəyi var? Bizim məntiqlə heç nəyi. Orda özbaşınalıqdı, anarxiyadı - yəni, demokratiyadı. Bu Skandinaviya xalqının dili... türk dil qrupuna aiddir. Bəli, çox uzaq bir əlaqəmiz var. Fin-uqor altqrupu. Bu finlər Qış Müharibəsində SSRİ-yə qarşı güclü dirəniş göstəriblər. Mannerhaym xəttini tarix dərsliyindən xatırlayanlar var... yəqin ki...
İndi yer kürısini bir az fırladıram. ABŞ. Cənubi Dakota. Bir qızın çiynində "HIM" yazısı olan tatuirovka görürəm. Başqa birisinin maşında bu qrupun CD-si, o birinin evində DVD-si var. Həmin dəqiqələrdə mən HIM-in amerikan qrupu olduğunu düşünürdüm. ABŞ-da onları ingilisdilli rok qrup kimi qəbul edirlər. Bildiyim qədərilə, bütün mahnıları ingiliscədir. Onların mahnılarında "Cənnət görmək istəyən Finlandiyaya gəlsin" tipli misralara rast gəlmədim. Yaxud "finin şanlı bayrağını Vıborqdan* asacağız" kimi şüarlar da yoxdur. Əvəzində sevgidən oxuyurlar, amma bunu elə edirlər ki, milyonlarla insan da o sözləri onlarla birgə tələffüz edir. Hər cür ruh halında onların musiqisini dinləmək mümkündür. Eyni mahnı səni həm dünyanı məhv edəcək gücə sahib olduğunu zənn etməyə, yaxud da gözlərindən yaş axıtmağa məcbur edə bilər. Mahnı da sən də varsan. Mahnıya sevinc eləvə etdikdə bir, kədər əlavə etdikdəysə, başqa bir mənzərə xəyalında canlanır. Mahnıların sözlərini anlamağa ehtiyac yoxdu, hər dinləyəci özü yazır o sözləri. Fərq etməz, bu dinləyici amerikalıdır, findir, yaxud türkdür.
"Belə rok qrupumuz olsaydı" arzulamaq istəyirdim... amma bir anlığa HIM-in mənə nə qədər doğma olduğunu hiss etdim. Başqasının bilmirəm, amma HIM-i mən öz rok qrupum sayıram.
P.S. İstəyənə HIM-in mahnılarından məsləhət görə bilərəm.
*Vıborq ərazisini SSRİ Qış müharibəsində işğal etdi. Hazırda Rusiya tərkibində muxtar dövlətdir.

No comments: