Google Website Translator Gadget

Friday 15 October 2010

Toy olmasın!

Yadımdadır, bir dəfə dərsdən qayıdanda, yolda vağzalı səsi eşitdim. Qrup yoldaşıma dedim ki, yolu dəyişə bilərik? Küçənin o biri tərəfinə keçdik - onun da toydan zəhləsi gedirmiş...
Mənim toya nifrətim tədricən başladı. Elə bilməyin ki, oynamaqdan utanıb, foyedə gəzən adamlardan olmuşam (baxmayaraq ki, indi beləyəm), yox, mən pis oynadığını bilə-bilə oynayanlardan idim. Ancaq getdikcə mahnılardan, yüksək səsdən, toydakı davranışlardan bezməyə başladım. Anlamıram, axı niyə bəylə gəlin vağzalı kimi düşük mahnı altında içəri daxil olmalıdılar?! Vağzalını bir az da endirən zurnadır. Bu qəmli musiqi nəyə lazımdır axı?! Hə, deyə bilərsiz ki, ata qızından ayrılır, nə bilim, ana ciyərparəsini itirir və s. Ay anam, axı bu qız konslagerə getmir! Bəlkə də, bu mahnı zorla ərə verilmiş qızın naləsidir... onda bu gündə mahnı nəyə lazım? Birdəfəlik dəfn marşını çalın da! Hətta "Requiem for a dream" ("Arzuya Rekviem") filminin musiqisi olsa, lap yerinə düşər.
Toy sanki evlənən insanlara verilən cəzadır; Filan qədər pul qoy ("tap" kimi də oxuya bilərsiz), toy elə, nə var-nə var, yaxın-uzaq qohumlar toy sahibini söyə-söyə gəlsinlər, sənin restorana vediyin pulu sənə qaytarsınlar. Riskli söhbətdi, qoyduğun pul yığılmaya da bilərsən. Yığılan pul qədər də boyunun ardına söyüş də yığılır... Düzdü, yaxın qohum belə şeyə görə adama söyməz, bəlkə kömək də olar. Amma uzaq qonum-qonşu, yaxınların da planının əvəzini verir. Bu belədir, özümdən bilirəm.
Əvvəlcə, uzaq qohumların toyuna getməməyə başladım. Daha sonra növbə çatdı yaxınlara. Yaxının toyuna getməmək olmur, onsuz da səbəbkar toydakıları tanımır, sən də gəlmirsən, "voobşe" tək qalır. Bu situasiyada sən bir növ supermen funksiyası daşıyırsan. Ona görə məclisinin əvvəlində gedib öz işini görürsən, sonra hara istəyirsən uç, get. Amma toyda olduğun bir saatı Rəqsanənin, Manafın mahnılarına oynamamaq və səslərini mümkün qədər eşitməmək üçün foyedə "doğum evində, palatanın qarşısında dayanan kişilər kimi"* var-gəl etməlisən.
Məni toydan uzaq edən başqa amil isə odu ki, hamı adlarını çəkdiyim müğənnilərin mahnılarına oynayır. Bu müğənnilərə sözüm yoxdu - özləri bilər, mənim zövqümdə deyillər, vəssəlam. Amma o zövqsüz hesab etdiyim müsiqiyə oynayan adamlarla bir məclisdə oturmaq istəmirəm! Ayrı vaxtı soruşsan, onlara görə Rəqsanə və Manaf səviyyəsiz mahnı oxuyurlar... Amma toyda sanki ekstaza girirlər - nə olur olsun, təki sümüyə düşsün - sümüyə yeee! Narkotiki yenə damara vururlar, bu ritmlər isə birbaş sümüyə işləyir!
Yox, cigərim, ondansa gedib parkda gecələyərəm... Yaxud "Araz"da çay içərəm...
P.S. İşə bax e..., mövzuya başlayanda "Toy Olsun" verilişindən yazası idim, amma əllərim başqa şey yazdı! Eybi yox, o verilişdən başqa vaxt yazaram. Elə toy mövzusundan da bir yazı ilə soyumaq mümükün deyil.
*Mən bu anlardakı hissi hansı söz ilə ifadə edəcəyimi bilmirəm, bilən varsa, mənə də öyrətsin.

No comments: