Google Website Translator Gadget

Friday 29 October 2010

Ah Avropa, Avropa

Xəzər TV-yə baxırdım... Yəni evdə baxırdılar, mən də məcburən eşidirdim. İnsaf xatirinə, veriliş maraqlı verilişdi; Cəmiyyətdəki problemlərdən bəhs edilir. Bu dəfə mövzu, deyəsən, ruhi xəstlərlə bağlı idi. Öz yaxınına "dəli" deyib içəri basan adamlardan, "eks-dəli"lərə olan münasibətdən danışılırdı. Açığı, mənimçün maraqsız mövzudu, xüsusən də, başqalarının sosial problemlərini eşitmək istəmirəm - bunun üçün dövlət orqanı var, sırf bu şikayətləri dinləyib, dərdlərə əlac eləməkçün dövlətdən maaş alırlar. Onlar da bu işə baxmırsa... nəysə, bu gedişatla inqilabdan danışmalı olacam, qayıdıram qaldığım yerə. Verilişdə qonaq olanlardan birisinin, Mirvari Qəhramanlının Avropanı söyməsi əvvəlcə təəccübümə, sonra hiddətimə səbəb oldu. Nervidən partlayırdım e... Sənin millətin nümayəndələri zay-zay hərəkətlər edirlərsə, buna Avropa neyləsin?! Nə var, nə var Avropalılar elə tərbiyə verirlər ki, uşaqlar 18 yaşdan sonra müstəqil olurlar, valideynlərini məhkəməyə verirlər və s. Biz də özümüzü Avropaya oxşadırıq deyə, belə şeyləri biz də etməyə başlamışıq. Sənin ölkəndə elə oğraşlıq olur ki, Avropanın ağzı ayrıq qalar! Mentalitet adı altında o qədər axmaq adətlərimiz var ki! Yaxşı ki, Avropada hər şey üzdədi, bizim də günah keçimiz var. İnanmırsız? Gedin kriminal verilişlərə baxın, əvvəl adını yazdığım başqa verilişlərə baxın, görün bizdə nə oyundan çıxırlar! Adam tula kimi naşükür olmaz (bu tula sözünü axır vaxtlar çox işlədirəm - lazımlı sözdü)!!! Sənin evinə "çeşski unitaz", "rumınski mebel" alırsan, alman texnologiyasına həsəd aparırsan, əlindəki Nokianın "kitayski" deyil, "finski" olması ilə fəxr edirsən, amma Avropaya pis deyirsən?! Orda yaxınlar bir-birlərini məhkəməyə verir, daha onun anası bunu bacısın saçını yolmur, bir-birinə "qəhbə" deyib şüvən salmırlar. Bilmirəm, bəlkə də hardasa olur. Ancaq heç bir Avropa kanalında belə şey görməmişəm (post-Soveti çıxsaq). Bizdəsə, evdə nə vaxt televizoru yandırırlar bu cür kadrları görürəm. Bizim üçün məhkəməyə vermək biabırçılıqdı, amma çıxıb özünü efirə qoymaq, problemləri çığır-bağırla, şillə-təpiklə həll eləmək normaldı. Turxan Qarışqa deyərdi: "Əyalət təfəkkürü!" Mənsə deyirəm, "Mağara təfəkkürü!" Əyalət də görmüşük də, belə olmur axı! Avropa gənclərinin arasında yüz cür fikri olan var, pisi də var, yaxşısı da. Amma bizim millətin pisi götürmək (və görmək) qabiliyyətsizliyi var, sanki. Bu da cəhənnəm olsun, biz yaxşını da pis görürük. Bizə görə demokratiya hakimiyyətsizlikdir, mentaliteti bəyənməmək tərbiyəsizlikdi və əgər birisi cinsi azlığın hüququna hörmət edirsə, həmin adam da onlardan biridir. Biz hüquq deyəndə kimdənsə nəyisə almaq, kimisə borclu çıxartmaq üçün  bir vasitə düşünürük. Hər şeyi özümüzə sərf edən kimi olmağını istəyirik. "Avropa pisdi, bizim tariximiz, mədəniyyətimiz onlardan qədimdi! Onların nəyi var? Onlar çimməyi bizdən öyrəniblər." Filan şey yox idi, biz verdik, bizdən öyrəndilər. Əl çəkin də, bu cür düşüncə tərzindən! Axı bu nə deməkdi?! 1000 il əvvəl biz yuxarıda olmuşuq - bunu biz də bilirik, amma indi, həmin dövrdən 1000 il keçəndən sonra, onlar bizi çox geridə qoyublar. O vaxtlar, onların bizim ən yaxşı cəhətlərimizi görməyə, götürməyə və ən əsası, təkmilləşdirməyə qabiliyyətləri çatdı. Bizsə, eramızdan əvvəl əlimizdə olmuş gücün eyforiyasından hələ ayılmamışıq. Avropa İKİ DÜNYA MÜHARİBƏSİndən keçmiş bir qitədir! Biz ağlayırıq ki, vətənimizin başı nələr çəkib, bəs Avropanın başı nələr çəkib, nə müsibətlər görüb, bilirsiz? Əminəm ki, bilirsiz, amma görməzlikdən gəlirsiz. Bu gün ən üstün olan fərdiyyətdir - şəxsin maraqları hər şeydən önəmlidir. Yalnız şəxsin maraqları üzərində dayanan sistem dayanıqlıdır. Sən ha cır özüvü ki, "ana haqqı Tanrı haqqıdır", bu nə anasının haqqını tapdayan övladların sayını azaldacaq, nə də "Tanrı"lığından sui-istifadə edən anaların. Bu cür ifadələri deməklə, uzaqbaşı studiyada alqışlara səbəb ola bilərsən. ABŞ-da və Avropada çox möhkəm ailə bağları və ailə dəyərləri var. Bu dəyərlər sağlam sütünlar üstündədi, daha ibtidai icmadan qalmış patriarxal qaydalar deyil. Xəzər TV-də elə həmin verilişin əvvəlki buraxılışlarda maraqlı bir epizod vardı. Qonaqlardan biri cəmiyyətdəki deqredasiyanın, zövqsüzlüyün səbəbi olaraq,  deyirdi ki, biz öz adətlərimizdən uzaqlaşırıq. Hətta, misal da verdi: "Ailə tanıyıram ki, ata yemək yeyəndə uşaqları otaqdan çıxırlar ki, atalarını yemək yeyən vəziyyətdə görməsinlər." Görün ha.... mədəniyyət şıllaq atır! Yaxşı ki, həmin verilişin digər qonaqları da vardı: Günel Mövlud və Aqşin Yenisey. Onlar lazım olan cavabı verdilər, bir də yazmağa ehtiyac yoxdu.
Adamlar qanmırlar ki, cəmiyyəti dağıdan elə o qaydalardır! Daha doğrusu bu qaydalar heç nəyi dağıtmır -çünki bizdə hələ dağılası bir şey yoxdur - bircə bu qaydalar məhv edilməlidir! Bəlkə onda nəsə qura bildik...


No comments: