Google Website Translator Gadget

Saturday 23 October 2010

Ruhani siyasət

Həyat adamı dəli edər. Kim eləməsə də, həyat edər. Üstəlik, dəli olmaqla da sakitçiliyə qovuşsam dərd yarı olardı. Mən dəli olsam ya özümü doğrayacam, ya da nə isə daha ağlagəlməz bir şey edəcəm.  Deputatlığa namizədlərdən birinin "Gəncədə Nizaminin ruhu dolaşır" deməsi gecə saat 1-də evdə tək-tənha oturub, bu yazını klaviaturaya alan birisinə necə təsir eyməlidir? Birdən Bakıda da, məsələn, Stepan Razinin ruhu gəzir, onda? Onsuz da ruhlardan qorxuram, bu da bir tərəfdən. Gəncəyə getməyəcəm bir də, bu öz yerində. Amma Bakıdakı ruhlar da mənə bəs edər ki, qorxumdan radionu, televizoru açıq qoyaraq yatım. Televizordan da Stiven Spilberqin növbəti şah əsərlərindən biri nümayiş olunsa, sadəcə, ürəyim dayanacaq. Potensial deputat onu da qeyd etməyi unutmadı ki, Nizaminin ruhu YAP siyasətindən çox razıdır! Əcəba, YAP nə zaman cismə sahib ruhları məmnun etdi ki, indi də cismindən azad ruhlara keçdi? Yoxsa, əsil mahiyyət budur ki, YAP siyasətindən razı olmaq üçün ölmək lazımdır? Mümkündür... Mümkündür ki, bu siyasət cismani deyil ruhani həzz verir... Belə olduqda bir çox məsələlərə aydınlıq gəlir. Keçənlərdə, "Növbətçi" adlı yazımda qeyd etmişdim ki, ölkədə intiharların sayı artıb. Cahilliyimin ucbatından bunu mənfi hal kimi göstərmişdim. Əslində isə bəzi kimsələr ölkədəki mənəvi yüksəlişdən vəcdə gəlib, aparılan siyasətdən maksimum dozada həzz almaq üçün, əcəli gözləmədən, özləri Əzrayıl həzrətlərinə elçi düşüblər. Mənsə bunları çıxılmaz iqtisadi vəziyyətlə əlaqələndirmişdim, hətta nankorluq edərək, ölkəmizdəki sabitliyə pis gözlə baxmışdım! İndi utandığımdan yerə girmək istəyirəm, amma gərək ən az 6 mərtəbə dərinə enim...
Amma yenə də mənim problemim başqadı. Axı mən nə qədər istəsəm də, bu rahatlığı duya bilmirəm. Ola bilər ki, fani həyata çox bağlıyam: Büdcədən min adla qopardılan milyon manatlar mənə böyük pul görsənir. "Allah Kərimdir" dəməkdənsə, düşünürəm ki, bir neçə ilə neft hasilatı azalsa, nə edəcəyik. Nə bilim, insanların bir-birinə verdiyi şirinliyə, göstərdiyi hörmətə rüşvət gözüylə baxıram. "Prezident yaxşıdır, ətrafı pisdir" kimi ayələrə şəkk gətirirəm. Dövlət büdcəsinin və neft büdcəsinin oliqarxiyaya məxsus kisə olmadığını belə ağlımdan keçirtdiyim olur. Günahlarım danışılmaqla bitməz. Bəlkə, neftlə qüsl alsam, bir qismi pozular, amma nefti mən hardan tapım?! İndi belə bir günahkar bəndənin qarşısına Nizaminin yaxud başqa birinin ruhu çıxsa, o neyləməlidir? Yalan da danışa bilməyəcəm. Cəhd eləsəm, buna bənzər cümlə alınacaq: "Müasir standartlara tələb verən xəstəxanalara qələm qoyulub." (Müəllif hüquqları Şəkidən deputatlığa namizədə aiddir) Fani dünyaya bağlılıq bu qədər inkişafı görməyimə mane olur. Buna görə istəmirəm ki, qarşımda ruh peyda olsun. Düşündükcə tüklərim biz-biz durur. Yox, qaçmaqla olmaz! Ən yaxşısı, bütün günü AzTV və Liderə baxım, bəlkə onda ilahi həqiqətlərdən bir damcı pay ala bildim. Bəlkə onda destruktiv müxalifətçiliyi buraxıb prezidentin ətrafında sıx birləşməyə getdim. Yalnız bu halda şəfaətə layiq olacam - doğrudur, bir az boynum ağrıyacaq, amma əvəzində həyatımı qarantiyaya alacam. Və axirətdə də hakimiyyət YAP-da olduğu üçün (əks təqdirdə, onlar ruhları necə şad edərdilər?!), Cənnətdə də ən az bir villam olacaq.
Rəhman və rəhim prezidentimizin adıyla!

No comments: