Google Website Translator Gadget

Saturday 16 October 2010

Neçəncisən?

Birinci olmaq... Bu hissin nə olduğunu bilmirəm. Nədəsə birinci olduğum yadıma gəlmir. Ola bilər ki, olmuşam. Amma bunu xatırlamıramsa, deməli, əhəmiyyətsiz bir şey olub. Məqsədi birinci olmaq olanlardan xoşum gəlmir. Razılaşmaya bilərsiz: "Şekspir bir gün oğluna deyib ki, mən allah olmaq istəyirdim" nə bilim nə oldum... Mən onun oğlu olsaydım, ona nə cavab verməyi bilərdim.
Birinci olmaq istəyənlər bunun üçün nəyisə qurban edirlər. Bu daha çox onların xasiyyətindəki hər hansı bir müsbət keyfiyyət olur. Birinci olmaq - kapitalizmin prinsiplərindən biri. Birinci olmaq rasional istəkdir. Burda hislərə yer yoxdur. Tapda, əz, ol! Yəni, bu xasiyyət saf halında belədir. Hər xasiyyət kimi bunun da safı heç kimdə ola bilməz. Kinolarda bu səhnələri çox görmüşük: baş qəhrəman finalda rəqibin güclü bir zərbəsindən rinqin döşəməsinə çırpılır, amma yox, o bunu edəcək! Məşqçi yaxınlaşır, "sən ən güclüsən", beləsən, eləsən. Yerdən qalxan yaralı aslan, rəqibini parça-parça edir və... birinci olur. Məhz birinci olmaq üçün qarşısındakı insanı döyməyə hazırdır bizim bu baş, çox zaman müsbət qəhrəman. Mənə lazım deyil bu cür qəhrəman!
Başqa ssenari də var. Baş rolun ifaçısı hamını qırır, axırda bir o, bir də sevgilisi sağ qalır. Bu nədir axı?! Nə? İki adam həyatda qalmaq üçün hamını o biri dünyaya göndərir ki, filmin axırında da rahat-rahat öpüşsünlər! Matriks kinosunun üçüncü hissəsində iki baş qəhrəman, əvvəlcə Triniti, sonra Neo ölür - bu izləyici olaraq, mənə çox təsir edir. Kino budur! Mənim istəyimin əksinə gedir və məndə dərin iz buraxa bilir. Əgər onlar sağ qalsaydı, mən bir həftə o kinonu düşünməzdim. Mənim qəhrəmanım birinci olmadı, diskvalifikasiya olundu!
Birinci olmaq... zirvəyə can atmaq... niyəsə bu xüsusiyyətlər "müsbət" kimi dəyərləndirilir. "Birinci olmaq" məqsəd ola bilməz. Mən bir şey edirəm, nəticədə, baxıram ki, birinciyəm. Bu heç də mənim içimdəki daim yüksəklərə qalxmaq sevdasından irəli gəlməməlidir. İndi yadıma düşdü ki, Xarici Dillərdə bufetdən "podnos"la beşinci mərtəbədəki sinfə çay daşıyan birinci tələbə mən olmuşam. Bunu hər gün edirdim. Koridor boyu atılan sözləri eşidə-eşidə. Növbəti semestr mənə söz atanlar özləri də əllərində podnos çay daşımağa başladılar. Onlar birinci olmaqdan qorxurdular. Mənsə oldum. Çünki mənim məqsədim bu deyildi. Sadəcə, dostlarıma çay aparırdım. Başqa misallar da var, amma mahiyyət eynidir. Fiziki deyil, məhz mənəvi güc, yaxud iradə, ictimai qınağa dözüm tələb olunan yerdə heç kim birinci olmaq istəmir!
Bir dəfə Speys TV-də Mehriban Ələkbərzadənin "İkinci Əliyev" (İlham Əliyev nəzərdə tutulurdu) ifadəsi işlətdiyini eşitdim. Məqsədi heç də monarxiya ifşası filan deyildi. 5-6 il öncə olmuşdu bu hadisə. Amma mənim yalnız bu il ağlıma gəlib ki, İlham Əliyev heç də İkinci Əliyev deyil və uyğun olaraq atası da Birinci Əliyev deyil. İlahi bir səbəbi var: Bu nəsil heç vaxt birinci ola bilməyib! Məlum məsələdir ki, H.Əliyev 1918-də əsası qoyulmuş bir dövlətin banisi ola bilməz. Bizə başqa şey sırımaq istədilər: "Müasir Azərbaycanın banisi". Yemədik, çünki 1991-də BƏRPA olunan dövlətimin başında H.Əliyev deyildi. "Müasir" kateqoriyasında H.Əliyev Hafiz Hacıyevdən də geridədir, ikincini heç olmasa, "Müasir Müsavat"ın banisi saymaq olar. Bəli, Tanrı məzələnənməyə başlayanda pis məzələnir. Onlar ölkədə hər şeyə sahib ola bilərlər, amma öz soyadlarının belə yanına "birinci" yaza bilməzlər. H.Əliyevdən öncə Prezident Seçilən Əbülfəz Elçibəyin soyadı "Əliyev" idi! Birinci Əliyev Əbülfəz bəydir! Bu sizə seçki deyil, faktdır! Ağıllı bir adam deyib ki, cənab faktın qarşısında hamımız şlayapamızı çıxarırıq.
İroniyaya bir bax: Gözü daim birincilikdə olan, zirvələrə can atan insanın "birincilik" yerini belə bir iddiada çıxış etməyəcək qədər böyük olan şəxsiyyət tutur! Özünün belə xəbəri olmadan! Biz onun soyadını (Əliyevi) unuda bilərik, amma ona verilən adı (Elçibəyi) - əsla!

P.S. "Anar" adı birinci yazıçı Anara qoyulmayıb.

No comments: